Mədəniyyət və İncəsənət Universitetinin müəlliməsi rüşvət aldığı üçün universitetdən qovulub. Bu barədə axar.az-a məlumat verən mənbənin sözlərinə görə, universitetin kafedra müdiri, Əməkdar artist Fərhunə Atakişiyeva tələbədən 5 min manat rüşvət tələb edib.
Mənbə qeyd edir ki, F.Atakişiyeva alacağı pulu rektor və universitetdə dərs deyən məşhur aktrisalardan birinə (aktrisanın adı bizə məlum olsa da, özünün israrına görə qeyd etmirik) çatacağını bildirib: “Fərhunə Hacıyeva tələbədən 5 min manatı rektorun və xalq artistinin adı ilə alıb. Bildirib ki, guya o puldan onun özünə cəmi 1000 manat çatacaq. Bundan başqa, 1000 manat universitetdə dərs deyən məşhur aktrisaya, pulun qalan hissəsi, yəni 3000 manatı isə universitetin rektoru Fərəh Əliyevaya veriləcək”.
Universitetin daxilindən sızdırılan məlumata görə, tələbə ondan tələb edilən pulu ödəsə də, universitetin müəlliməsi olan məşhur aktrisa onu imtahandan kəsib. İmtahandan keçə bilməyən tələbə isə auditoriyada aktrisaya ondan 1000 manat pul tələb etməsinin qarşılığında niyə imtahandan kəsdiyini soruşub: “Aktrisanın isə heç nədən xəbəri olmadığı üçün möhkəm əsəbiləşib və adının ləkələndiyini əsas gətirərək, birbaşa rektor Fərəh Əliyevaya təcili tədbir görməsi üçün müraciət edib”.
Mənbə qeyd edir ki, qısa araşdırmadan sonra nəinki sözügedən aktrisanın, hətta özünün də bu qalmaqalda adının keçdiyini öyrənən rektor dərhal F.Atakişiyevanı işdən çıxarıb.
Məsələdə adı hallanan tanınmış aktrisa heç bir halda bu kimi xəbərdə adının hallanmasına imkan verməyəcəyini xatırlatdı: “Belə xəbərlərdə mənim adımın çəkilməməlidir”.
Hazırda universitetdə təhsil alan tələbələr F.Atakişiyevanın işdən çıxarıldığını təsdiqləyiblər.
Mədəniyyət və İncəsənət Universitetinin rektoru F.Əliyeva isə bir neçə dəfə telefonu açsa da, hər dəfə jurnalist adını eşidən kimi qapatdı.
Xatırladaq ki, rektor Fərəh Əliyeva jurnalistlərin ustadı adını daşıyan canlı əfsanə Şirməmməd Hüseynovun qızıdır. Fərəh xanım atasının məsləkdaşlarına açıqlama vermək istəsə, məmnuniyyətlə tirajlayarıq.