ATV-nin efirində yayımlanan “Gündəlik” verilişində aparıcı Mətanət Əliverdiyevanın “Biz o faciəni lap belə, faciə etməməliyik. Oldu, elə bil bir külək idi, bir şey idi, bir film idi baxdıq, getdi” ifadəsini işlətməsi ANS şirkətini ciddi narahat edib. Axar.az xəbər verir ki, sosial şəbəkələrdə tənqidlərlə yanaşı, ANS televiziyası da bu gün efirə gedən xəbər buraxılışlarında bir-birinin ardınca Mətanət Əliverdiyevanın bu sözlərindən istifadə edərək, onun sərt şəkildə vurulmasına kampaniyasına rəhbərlik edib. Hətta ANS-in ana xəbər buraxılışında – 21:00-da efirə gedən bülletenində də bu məqama məxsusi süjet ayıran ANS nəinki Mətanət Əliverdiyavanı, ATV şirkətini də aparıcını müdafiə etməklə deyilən sözlərin məsuliyyətini öz üzərinə götürmək ittihamı ilə suçlayıb. ANS ana xəbər buraxılışında bu süjetin ardınca şəhər sakinləri arasında sorğu da keçirib və təbii olaraq Mətanət Əliverdiyavanın əleyhinə deyilən bu sorğu-süjeti də efirə verib. ANS-in xüsusilə Mətanət Əliverdiyevanın “Gündəlik” verilişinin bugünkü buraxılışında üzr istəməsindən sonra belə kampaniyaya ara verməməsinin və gün boyu bu mövzuda bir neçə süjet verməsinin ardınca ana xəbər buraxılışının iki əsas süjetini ATV aparıcısının əleyhinə ağır ifadələrlə verməsinin özəl səbəbi olmalıdır. Qəribəsi odur ki, ANS ana xəbər bülletenindən sonra “İç xəbər”də də bu mövzuya yer ayırıb, şəhər küçəsindən hazırladığı “sorğu-süjeti” bir daha efirə verməkdədir. Xatırladaq ki, Mətanət Əliverdiyeva uzun müddət ANS şirkətlər qrupuna aid radioda çalışıb.