“Bozbaş Pikçers” layihəsinin rəhbəri, İlk Avropa Oyunlarının ulduz səfiri, aktyor İlkin Həsəni ilə müsahibəni təqdim edir:
Bu mənim üçün şərəfdir
– Birinci Avropa Oyunlarına ulduz səfir seçilmisiniz. Bir az bu haqda danışaq...
– Yəqin ki, Seçim Komitəsinin öz kriteriyaları var. Tamaşaçılar tərəfindən qəbul olunmaq, əhatə dairəsinin genişliyi, sosial şəbəkələrdəki aktivlik və sairə. Çünki məşhur aparıcılarımız, şoumen və müğənnilərimiz çoxdur. Amma kütlə bu tanınmış adamları eşitməyə bilər. Çünki müəyyən bir zamanda onlar karyeralarında hansısa nöqsan buraxa bilərlər və tamaşaçı artıq ona etibar etməyə bilər. Amma şükürlər olsun ki, bu illər ərzində qazanılmış bir tamaşaçı sevgisinə sahibəm. Bu gün hansısa tərifmi deyim, reklammı deyim – tamaşaçıya deyəndə o, məni eşidir. Bu 15 nəfər ulduz elçilər də, yəqin ki, məhz bu kriteriyalara uyğun seçilib.
– Bu təklif gələndə ilk reaksiyanız necə oldu?
– Mənə zəng edib deyəndə ki, biz istəyirik siz İlk Avropa Oyunlarında ulduz səfir olasınız, dedim ki, böyük məmnuniyyətlə. Çünki bu mənim ölkəmlə, vətənimlə birbaşa əlaqəli olan bir vəzifədir. Bu mənim üçün böyük şərəfdir.
– Sizcə, İlk Avropa Oyunlarının ölkəmizdə keçirilməsi hansı perspektivlər vəd edir?
– Bu oyunların olduqca böyük əhəmiyyəti var. Nə qədər şablon səslənsə də, bunu hamı bilir. Məsələn, götürək böyük dövlətləri. O dövlətlər ki, onların nə Avropa oyunlarına, nə də “Avroviziya”ya ehtiyacları yoxdur. Amma vaxt var idi, bu dövlətləri heç kim tanımırdı və onlar artıq tanınmaq üçün müxtəlif üsullara əl atırdılar: müxtəlif oyunlar, yarışmalar, olimpiadalar təşkil edirdilər. İlk Avropa Oyunlarının ölkəmizdə keçirilməsi o deməkdir ki, sən artıq hansısa Avropa ölkəsində “mən Azərbaycandanam” deyəndə səndən “Azərbaycan haradır?” – deyə soruşmayacaqlar.
Avropa Oyunları “Avroviziya”dan üstündür
– Bəs “Avroviziya” mahnı müsabiqəsi bu istiqamətdə niyə köməklik göstərə bilmədi?
– Çünki “Avroviziya” musiqi yarışmasıdır və bu musiqi yarışmasına musiqini sevən insanlar maraq duyur. 2013-cü ildə Malmoda “Avroviziya”nı canlı görmüş bir adam kimi deyirəm – bu musiqi yarışması avropalılar üçün o qədər də böyük əhəmiyyət kəsb etmir. Bu səbəbdən onlar yarışmanın ölkələrində keçirilməsinə elə də mühüm bir hadisə kimi yanaşmırlar. Azərbaycan isə sözügedən yarışmanın ölkəmizdə keçirilməsinə xüsusi hazırlaşdı. Azərbaycan bütün Avropaya öz qapılarını açdı ki, gəlin, görün, baxın. Böyük təəssüflə qeyd etmək istəyirəm ki, Azərbaycanda turizm sektoru, yəni xidmət sektoru hələ inkişafdadır. O xüsusi inkişaf mərhələsini keçməyib. Amma gələcək üçün bütün bunlar hamısı öz yerinə qoyulacaq. Avropa oyunları isə “Avroviziya”dan qat-qat üstün olan, çox böyük bir tədbirdir.
– Bunu nə ilə əsaslandırırsınız?
– Çünki burda 6 min idmançı, 2700-dən çox texniki heyət və onlarla birlikdə gələcək və onlara dəstək olacaq xarici vətəndaşlar var. İndi təsəvvür edin, gələn ay Azərbaycanda nə qədər qonaq olacaq. Azərbaycan bu cür böyük tədbirləri keçirməklə bütün dünyada öz imicini tanıdır. Artıq bundan sonra 2019-cu ildə İkinci Avropa Oyunları Hollandiyada keçiriləcək və o zaman Azərbaycandan məşəl götürüləcək. Bunların hamısının müsbət tərəfləri var. Gələcəkdə Azərbaycana yatırılacaq investisiyalardan tutmuş, Azərbaycana göstəriləcək maraq və gələcək böyük tədbirlərə qədər.
Elə tanınmaz hala düşmüşdük ki...
– Bildiyimə görə, ixtisasınız televiziya rejissorudur. Bu sahəylə məşğul olmağı düşünürsünüzmü?
– Universitet vaxtı diplom işləri, kurs işləri işləmişəm, amma ondan sonra başım aparıcılığa qarışdı. Nə vaxtsa efirə yararsız olsam, onda bu haqda düşünərəm. (gülür)
– Necə oldu ki, özünüzü aktyor kimi sınamaq qərarına gəldiniz?
– Bizim müəllimimiz həmişə deyirdi ki, rejissor ilk növbədə özü aktyor olmalıdır ki, aktyoru oynada bilsin. Çünki rejissorun o qabiliyyəti olmasa, heç vaxt aktyora nəyisə başa sala bilməz. Uşaq vaxtı həvəsimiz var idi, müxtəlif səhnəciklər düzəldirdik, tamaşalar hazırlayırdıq. Yəni mənim buna uşaqlıqdan həvəsim olub. Amma 2004-cü ildə ATV kanalının tədbiri üçün qeyri-adi, maraqlı bir şey etmək istəyirdik. Onda da ağlıma gəldi ki, özümüzü dəyişək. Girdik rekvizit otağına, paltarlar seçib geyindik. Bir saata yaxın bir-birimizə baxıb güldük. Parik, bığ taxıb, geyinib otaqdan çıxdıq. Elə tanınmaz hala düşmüşdük ki, bizi görənlər tanımadılar. Hətta uşaqlardan biri məndən İlkini soruşdu. (gülür )
Bunu tədbir üçün hazırlasaq da, iş yoldaşlarımız və müdiriyyət tərəfindən bəyənildiyinə görə artıq efir üçün çəkməyə başladıq. Biz bu işə ikinci dərəcəli, hətta üçüncü, dördüncü dərəcəli bir iş kimi yanaşırdıq. Sonra elə oldu, tamaşaçı dedi ki, biz bunu istəyirik. Biz İlkini də istəyirik, amma “Şəmi”ni daha çox istəyirik. Onda dedim ki, yaxşı. Bütün işlərimi atdım bir kənara... Bu layihəylə bağlı edə biləcəyim maksimum nə varsa, bunu edəcəm. “Bozbaş Pikçers”i inkişafının pik nöqtəsinə çatdıracam.
Biz heç kimi məcbur etmirik
– Senariləri özünüz yazırsınız?
– Xeyr, bizim öz ssenaristlərimiz var. Bizim də iştirakımız olmaqla ssenariləri Ənvər Abbasov və Samid Ağayev yazır.
– Gələcəkdə aktyorluq fəaliyyəti haqda düşünürsünüzmü?
– Bizim kinematoqrafiyamız inkişafdadır. Yeni çəkilən filmlər arasında yaxşı filmlər də, keyfiyyətsiz, yolaverdi, 20 günə çəkilən filmlər də var. Təbii ki, tamaşaçı yaxşı filmlə pis filmi ayırd edə bilir. Zaman keçdikcə uğursuz filmlər vizyondan çıxacaq. Keçən il mən “filmlərimiz nə qədər çox olsa, o qədər yaxşıdır” deyirdim. Amma bu il gördüm ki, çoxluq gətirdi başqa şeylərə çıxartdı. Çox məyus oldum. Bu il çəkəcəyimiz ikinci filmimiz həcm, keyfiyyət baxımından daha fərqli olacaq. Çünki birinci filmdə başımız daşa dəydi və tamaşaçının nə istədiyini başa düşdük.
– “Bozbaş Pikçers” yüksək reytinq qazanıb, yaratdığınız obrazlar dillərdən düşmür, amma... Yaratdığınız gülüşü özünüz intellektual hesab edirsinizmi?
– Yox. Bu gün tamaşaçının böyük seçimləri var: türk, rus kanalları, internet və sairə. Tamaşaçı “Komedi klub”, Cem Yılmaz, “Komedi dükanı” və bu kimi digər yumoristik verilişləri deyil, bizi seçir. Biz heç kimi məcbur etmirik ki, bizə baxın. Tamaşaçı öz seçimini edir. Açıq bəyan edirəm ki, bizim təqdim etdiyimiz yumorda intellekt yoxdur.
– Niyə yoxdur?
– Çünki intellektual olsa, tamaşaçı auditoriyamız azalacaq.
Yol polislərinə dedik ki...
– Azərbaycanın müxtəlif bölgələrində çəkilişlərdə olursunuz. Əhalinin reaksiyası necə olur?
– Azərbaycanın, demək olar ki, 90 faizini gəzmişik. Yol polisi və post patrul xidməti bizə həmişə kömək olub. Gün olub ki, biz ucqar bir yerdə çəkiliş etmişik və orada 6 polis bizim yanımızda olub, bizi qoruyub. Yalvar-yaxar etmişik ki, gəlməyin, biz burda təhlükəsizlikdəyik. Amma sağ olsunlar, getməyib, bizi qoruyublar. Elə bir rayon, şəhər yoxdur ki, biz orada polissiz çəkiliş edək. Tamaşaçı sevgisi gözəldir, amma bəzən o tamaşaçı sevgisi bizim işimizə mane olur. Onlara başa sala bilmirik ki, 5 metr o tərəfdə kiminsə gülməyi mənim mikrofonuma düşür və mən buna görə səhnəni yenidən çəkəsi oluram. Bu səbəbdən polis bizə çəkiliş zamanı kömək edir.
– Yol polisi ilə problemlər yaşadığınız haqda mətbuatda xəbərlər yayılmışdı...
– Yox, heç bir problem yaşamamışıq. Biz yolda çəkiliş edən zaman yol bağlanır.
– Niyə?
– Çünki çəkilişin ortasında bir “Kamaz” gəlib saxlayır və bizimlə şəkil çəkdirmək istəyir. (gülür)
Məni “Şəmi” çağıranda qıcıq oluram
– Sizi artıq İlkin kimi yox, Şəmi kimi tanıyırlar...
– Tamaşaçı məni İlkin kimi tanıyıb. Vaxtında verilişlərimə baxanlar, məni İlkin kimi tanıyanlar hələ də məni görəndə İlkin deyir, Şəmi yox. Yeni gənc nəslimiz isə 2004-2006-cı illərdə televiziyaya baxmayan, nisbətən azyaşlı nəsil var ki, onlar üçün mən Şəmiyəm.
– Bu sizi narahat edir?
– Bəli, edir. Təbii ki, o obraz da mənim üçün doğmadır, adını da özüm seçmişəm. Amma bəzi məqamlarda məni o adla çağıranda qıcıq oluram.
– Dəfələrlə toylara təklif alsanız da, getmirsiniz. Bunun səbəbi nədir?
– Bir layihə rəhbəri olaraq bütün komandaya göstəriş vermişəm ki, getməsinlər. Çünki mən öz obrazlarımı ucuzlaşdıra bilmərəm. Əgər mən toylara getsəm, səhəri gün hansısa kommersiya layihəsində, yeni bir filmdə mənim obrazlarım əvvəlki nüfuzunda olmayacaq, hamı üçün əlçatan olacaq. O obrazlara “əşşi, dünən toyda şəkil çəkdirdim də” – deyib keçəcəklər.
/axar.az/