Eldar Mahmudov və komandası 5 ton narkotiki neyləyib?

11-11-2015, 16:09   



MTN-in keçmiş rəhbərliyinin «açdığı» cinayətlər yenidən araşdırılmalıdır

Keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovun tutduğu vəzifədən çıxarılandan sonra özünün və nazirlikdə qurduğu şəbəkənin çoxsaylı cinayət xarakterli əməlləri üzə çıxdı. Mətbuat hər gün Mahmudov və dəstəsinin törətdiyi qanunsuz əməlləri barədə faktlar dərc edir. Milli Təhlükəsizlik Nazirliyinin (MTN) rəsmi internet səhifəsinə diqqət yetirdikdə də Eldar Mahmudov və dəstəsinin törətdiyi əməllər barədə təsəvvür yaranır.

Məsələn, nazirliyin internet səhifəsində “Mütəşəkkil cinayətkarlığa qarşı mübarizə” bölümünün “Iqtisadi cinayətkarlığa qarşı mübarizə” adlı hissəsində bu sahəyə aid cinayətlər barədə hesabat 4 ili əhatə edir: 2008-2012. Belə aydın olur ki, MTN 2012-ci ildən sonra iqtisadi sahədə heç bir cinayət faktı aşkarlamayıb. Halbuki bu dövrdə iqtisadi cinayətlər barədə mətbuat dəfələrlə yazıb. Yalnız indi aydın olur ki, 2012-ci ildən sonra Eldar Mahmudov və dəstəsi bu cinayətləri öz qaydaları çərçivəsində ört-basdır ediblər. Bundan başqa 4 illik hesabatda əks olunan iqtisadi cinayətlərin üstünü açmaq üçün MTN kimi bir qurumun işə qarışmasına zərurət yox idi. Yəni, bu cinayətlər o qədər də səs-küylü olmayıb. Bu cinayətlərin açılması ilə Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə Idarəsi də məşğul ola bilərdi.

“Qeyri leqal miqrasiya və insan alverinə qarşı mübarizə” adlı hissəyə diqqət etdikdə isə görürük ki, bu barədə də məlumatlar 2012-ci ilə qədərdir. Həmçinin bəlli olur ki, MTN-nin keçmiş rəhbərliyi 2007-ci ildən 2012-ci ilə qədər qeyri-leqal miqrasiya və insan alverinə qarşı mübarizə çərçivəsində 27 cinayətin üstünü açıb. Nəzərə alsaq ki, Daxili Işlər Nazirliyi (DIN) bu sahədə demək olar ki, hər ay bir neçə cinayətin üstünü asdığı məlumat yayır, o zaman MTN-nin 5 il ərzində 27 cinayətin üstünü açdığı inandırıcı görünmür. Güman ki, Eldar Mahmudov və komandası bu sahədə daha böyük cinayətləri qeydiyyata almayıblar. Bu onların sərvət toplamaq maraqlarına zidd olub. Digər tərəfdən burada da əks olunan cinayətlər MTN-nin əzəmətinə yaraşmır.

“Silah-sursat ticarətinə qarşı mübarizə” hissəsində isə ümumiyyətlə heç bir məlumat yoxdur.

Ən maraqlısı isə narkotiklərlə mübarizə barədə məlumatlardır. “Narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə” adlı hissədə məlumatlar 2007-ci ildən 2014-cü ilə qədər dövrü əhatə edir. Məlumatları təhlil edərkən açılan cinayətlərin bir çoxunun əslində DIN-in kompetensiyasına daxil olduğu üzə çıxır. Lakin mühüm məsələ odur ki, 7 il ərzində aşkar edilən narkotik vasitələrin məhvi barədə heç bir məlumat yoxdur. Söhbət isə külli miqdarda narkotikdən gedir. Təsəvvür edin, Eldar Mahmudov və dəstəsi 7 il ərzində üst-üstə 5 tona yaxın narkotik vasitə aşkar edib. Bu narkotik vasitələrin taleyi barədə isə heç bir məlumat yoxdur. Güman ki, “MTN işi” çərçivəsində bu məsələ də ciddi şəkildə araşdırılacaq. Həmçinin digər sahələrdə də Eldar Mahmudov və komandasının “açdığı” cinayətlərə yenidən araşdırılmasına ehtiyac var.

Azad
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar