Deputat Çingiz Əsədullayev mandatının alınmasından danışdı-ÖZƏL

18-11-2015, 10:28   
Deputat Çingiz Əsədullayev mandatının alınmasından danışdı-ÖZƏL
Mərkəzi Seçki Komissiyası (MSK) noyabrın 17-də gözlənilməz qərar verdi. 90 saylı Ağdaş seçki dairəsi üzrə səsvermənin nəticələri Milli Məclisə seçilmiş deputatların təsdiqlənməsinə bir neçə gün qalmış MSK tərəfindən ləğv edildi.

1 noyabr seçkilərində bu dairədən “Azəriqazbank” Müşahidə Şurasının sədri Çingiz Əsədullayev deputat seçilmişdi. O, bu dairədən iki dəfə deputat seçilib. Bu dəfə də parlamentə düşmüşdü. Lakin MSK deputat siyahısının təsdiqlənməsinə az qalmış nəticələri ləğv etdi.

Bir çox ekspertlər MSK-nın bu qərarının siyasi motivli olduğunu bildirdi. Tələsik verilən izahlardan biri də belə idi ki, bu qərar sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun vəzifədən çıxarılması və onun hakimiyyətdaxili qruplaşmasının zərərsizləşdirilməsi ilə bağlıdır.

Virtualaz.org saytı bu və ya digər məsələlərə aydınlıq gətirmək üçün deputat Çingiz Əsədullayevə müraciət edib. Deputat bir çox sualları cavablandırıb.

-Çingiz müəllim, nə baş verdi? Sizcə, MSK dairənizdə səsvermənin nəticələrini niyə ləğv etdi?

-Bu suala cavab verə bilmərəm. Çünki məni bu haqda hələ heç kim məlumatlandırmayıb. Bu haqda mətbuatdan, daha doğrusu, sizin saytdan xəbər tutmuşam. Yeri gəlmişkən, sizin saytdan başqa heç bir Azərbaycan KİV-ni izləmirəm. Siz mənə zəng vurub MSK-nın qərarı haqda xəbər verdiniz, mən də öz fikrimi dedim. Bundan sonra da sizin saytda MSK-nın rəsmi bəyanatını oxudum. Lakin təkrar edirəm: mənə bu haqda hələ heç kim heç nə deməyib.

-Hər halda sizcə, seçkinin nəticələrinin rəsmən təsdiqlənməsinə bir neçə gün qalmış MSK-nın bu cür qəfil qərar verməsinə nə səbəb ola bilər?

-Bilmirəm. Amma bunu xüsusi qeyd etməliyəm ki, MSK-nın və hökumətin hansı qərarı verməsindən asılı olmayaraq mən indiki hakimiyyətin və prezident İlham Əliyevin siyasi xəttinin səmimi davamçısı və tərəfdarı olaraq qalıram. Məhz prezidentin ölkədə islahatların aparılmasına, əsl hüquqi və demokratik dövlət quruculuğuna yönəlmiş siyasəti sayəsində bütün cəmiyyətimiz, o cümlədən bir fərd olaraq mən özümüzü ifadə etmək, gücümüzü reallaşdırmaq imkanı qazanmışıq. Ölkənin həm iqtisadi, həm də ictimai-siyasi həyatında fəal iştirak etmişik.

Ağdaşdan iki dəfə deputat seçilməyim mənim üçün böyük şərəfdir. Deputatlıq fəaliyyətim boyunca bu bölgənin inkişafı üçün əlimdən gələni etmişəm. Yeri gəlmişkən, mənə qədər hələ heç kim Ağdaşdan iki dəfə dalbadal deputat seçilməyib.

Mən ab-havaya və maraqlarına uyğun olaraq öz siyasi əqidəsini əlcək kimi dəyişən adamlardan deyiləm. Deputat olsam da, olmasam da indiki hakimiyyətin və cənab İlham Əliyevin ardıcıl tərəfdarı olaraq qalacağam. Gözümüz önündə o qədər siyasi hadisələr olub ki... Ona görə də belə sual yarana bilər: Çingiz Əsədullayev özünü necə aparacaq? Mən hökumətin və prezidentin istənilən qərarını dəstəkləyirəm. Əgər hökumət, MSK bu dairədə seçkinin nəticələrinin ləğv edilməli olduğunu düzgün hesab edirlərsə, deməli, belə də olmalıdır. Mən bu qərarı heç bir halda şübhə altına almaram.

-Bəziləri MSK-nın bu qərarını Eldar Mahmudov qruplaşmasının ifşa olunması ilə əlaqələndirməyə çalışdı və sizi də bu qrupun tərkibinə daxil etdi. Bu iddia həqiqətə nə dərəcədə uyğundur? Siz sabiq nazirlə nə dərəcədə yaxınsınız? Onunla qohum olmağınız barədə şayiə və söhbətlər gəzir. Bunlar doğrudurmu?

-Bu informasiya həqiqətə uyğun deyil. Mən Eldar Mahmudovun qohumu deyiləm. Hərçənd Eldar Mahmudovun bacısı Elmira xanımla - Milli Qəhrəman Riyad Əhmədovun həyat yoldaşı ilə yaxın dostuq. Eldar Mahmudovun həyat yoldaşı Tahirə xanımla isə bir sinifdə oxumuşuq.

Yeri gəlmişkən, bəzi KİV-lər belə məlumat yaymışdı ki, Eldar Mahmudovun həyat yoldaşı bizim bankda guya bir neçə il ərzində məsləhətçi işləyib. Bu məlumat da həqiqətə uyğun deyil. Bəli, biz Eldar Mahmudovla dost olmuşuq. Amma üzr istəyirəm, ölkənin yarısı onunla salamlaşmağı özünə şərəf bilirdi. Bu adam dövlətin düşməni deyildi, sadəcə olaraq milli təhlükəsizlik naziri postunu tuturdu.

Milli təhülkəsizlik naziri ilə dostluq etmək nə vaxtdan bəri kompromat və ya ayıb iş sayılır? Onunla ünisyyətimiz olubsa da bu, hər hansı təxribatçı və ya casusla yox, İlham Əliyev hökumətinin aparıcı nazirlərindən biri ilə ünsiyyət olub. Burada məntiq hanı? Bu nazirlikdə belə qanun pozuntularının baş verməsi o zaman kimin ağlına gələ bilərdi? Bu haqda kim danışırdı? Bunu kim mühakimə edib pisləyirdi? Bütün ölkə onunla ünsiyyətə girir, danışırdı. İndi belə çıxır ki, həmin adamların hamısını prezidentin və hökumətin düşmənləri siyahısına salmaq lazımdır?

-MSK-nın 17 noyabr tarixli qərarı qüvvədə qalsa, nə edəcəksiniz? Siyasətdə qalacaqsınız, yoxsa yenidən biznesə gedəcəksiniz?

-Mən peşəkar bankirəm. Böyük məktəb keçmişəm. 23 ildir ölkənin ən çox uğur qazanmış banklarından birinə rəhbərlik edirəm. Nəhayət ki, diqqətimi tamamilə öz işimə yönəltmək və bank sektorunun inkişafı üçün çalışmaq imkanı əldə etmişəm. Özəl bank sektorunun rolunun gücləndirilməsinin vacibliyini cənab prezident də son çıxışlarında xüsusi vurğulayıb. Məncə, özümü sevdiyim işə tam həsr etmək üçün mənə çox gözəl imkan verilib.

Virtualaz.org
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar