Eldar Mahmudov seçkinin nəticəsini necə dəyişdi?

19-11-2015, 10:07   
Eldar Mahmudov seçkinin nəticəsini necə dəyişdi?
MSK-nın Çingiz Əsədullayevlə bağlı qərarı seçki biabırçılığının növbəti təzahürüdür

Bu ölkədə hər gün dövlət adına utancverici hadisələrlə üzləşirik. Hər gün təsdiqlənir ki, qanunlar adi kağız parçasıdır, ölkə şəxsi maraqlara uyğun, şəxslərin hikkəsinə görə idarə olunur. Noyabrın 1-də ölkədə keçirilmiş parlament seçkiləri müstəqillik dövrünün ən biabırçı seçkisi kimi tarixə düşdü. Seçiləcək şəxslərin siyahısı öncədən dərc olundu, beynəlxalq aləm və ölkə müxalifəti seçkini boykot etdi, seçicilər seçki bülletenlərinə öz arzularını yazmaqla kifayətləndilər.

MSK isə həmişəki kimi seçkilərin yüksək səviyyədə keçdiyini və bir neçə şikayətin olduğunu açıqladı. Daha sonra Məzahir Pənahov açıqlama verdi ki, seçkilərin nəticələri ilə bağlı proses yekunlaşıb.

Amma 2 gün öncə Mərkəzi Seçki Komissiyasının iclası keçirilib və 90 saylı Ağdaş Seçki Dairəsindən deputatlığa namizədlikləri qeydə alınan Yeni Azərbaycan Partiyasının üzvü Ilqar Vəliyev və bitərəf, Ağdaş bələdiyyəsinin sədri Qalib Qarayevin müraciətinə baxılıb.

Sonda qərara gəliblər ki, bəzi bələdiyyə sədrləri və icra nümayəndələri səsvermə günü seçkiyə müdaxilə ediblər və ciddi qanun pozuntusuna yol verilib.

Beləliklə, MSK 90 saylı Ağdaş Seçki Dairəsində seçkinin nəticələrinin ləğv edilməsi barədə qərar qəbul edib. Qeyd edək ki,ÿBu dairədən “Azəriqazbank” Müşahidə Şurasının sədri Çingiz Əsədullayev deputat seçilmişdi.

Qeyd edək ki, Çingiz Əsədullayev keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudova yaxın şəxs sayılır. Bu baxımdan onun mandatdan məhrum edilməsi Eldar Mahmudovun “vurulması” ilə əlaqələndirilir. Çingiz Əsədullayev MSK-nın qərarı ilə bağlı virtualaz.org saytının suallarını cavablandırarkən bu mülahizəyə də münasibət bildirib:

“Mən Eldar Mahmudovun qohumu deyiləm. Hərçənd Eldar Mahmudovun bacısı Elmira xanımla – Milli Qəhrəman Riyad Əhmədovun həyat yoldaşı ilə yaxın dostuq. Eldar Mahmudovun həyat yoldaşı Tahirə xanımla isə bir sinifdə oxumuşuq. Bəli, biz Eldar Mahmudovla dost olmuşuq. Amma üzr istəyirəm, ölkənin yarısı onunla salamlaşmağı özünə şərəf bilirdi. Milli təhülkəsizlik naziri ilə dostluq etmək nə vaxtdan bəri kompromat və ya ayıb iş sayılır? Onunla ünsiyyətimiz olubsa da bu, hər hansı təxribatçı və ya casusla yox, Ilham Əliyev hökumətinin aparıcı nazirlərindən biri ilə ünsiyyət olub. Burada məntiq hanı? Bu nazirlikdə belə qanun pozuntularının baş verməsi o zaman kimin ağlına gələ bilərdi? Bu haqda kim danışırdı? Bunu kim mühakimə edib pisləyirdi? Bütün ölkə onunla ünsiyyətə girir, danışırdı. Indi belə çıxır ki, həmin adamların hamısını prezidentin və hökumətin düşmənləri siyahısına salmaq lazımdır?”- deyə Çingiz Əsədullayev bildirib.

Əslində, onun dediklərində böyük həqiqət var. Əgər Eldar Mahmudova etimad göstərmək, onunla yaxın olmaq qəbahət sayılırsa, o zaman ən böyük məsuliyyət ölkə başçısı Ilham Əliyevin üzərinə düşür. Çünki, bu adamı nazir təyin edən, bütün tədbirlərdə yanında oturdub ölkə təhlükəsizliyinin qarantı kimi göstərən məhz Ilham Əliyev olub.

Müxtəsər, bir daha təsdiqləndi ki, bu ölkə heç bir seçki keçirilmir, bütün qanun və qaydalar şəxslərin istəyinə görə dəyişə bilər. Dünənə qədər legitim deputat kimi təqdim etdikləri adamı, bu gün “qannusuz seçilməkdə” ittiham edirlər. Deməli, Eldar Mahmudov “vurulmasaydı” nə hansısa namizədin şikayətinə baxılacaqdı, nə də Çingiz Əsədullayevin legitimliyi şübhə altına alınacaqdı.

Bəli, MSK Prezident Aparatının tapşırıqlarını yerinə yetirən bir qurumdu. Hətta bu qədər seçki biabırçılığından sonra da seçkini oyuncağa çevirməyə davam edirlər. Əgər 1 aydan sonra hansısa deputatın Əli Abbasovla dostluğu üzə çıxarsa, həmin deputatın da dairəsində saxtakarlıq aşkarlanacaq. Yəni, saxtalaşdırılmış seçki, ikinci dəfə saxtalaşdırılacaq.

Bir sözlə, bu ölkənin necə idarə olunduğunu, hansı zehniyyətin iş başında olduğunu və qanunlara necə əməl edildiyini bir deputatın simasında da müəyyən etmək olar.

Samir
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar