Dövlət Sosial Müdafiə Fondunun bir şöbəsinə maxinasiya ittihamı... - İşçilərin sayı az göstərilir...

20-11-2015, 15:05   
Dövlət Sosial Müdafiə Fondunun bir şöbəsinə maxinasiya ittihamı... - İşçilərin sayı az göstərilir...
Məlumdur ki, bu gün Azərbaycanda əhalinin sosial problemlərinin həlli, maddi rifahın yüksəldilməsi istiqamətində əsaslı dövlət tədbirləri həyata keçirilməkdədir. Xüsusən əhalinin aztəminatlı təbəqəsini təmsil edən vətəndaşların həyat səviyyəsinin qaldırılması daima diqqət mərkəzində saxlanılan məsələlərdəndir. Pensiya İslahatı Konsepsiyasının icrası və onun yerinə yetirilməsinin təşkilati-idarəetmə bazasının yaradılması istiqamətində Azərbaycan Respublikası Prezidentinin müvafiq fərmanları isə xüsusilə qeyd olunmalıdır. Təbii ki, bütün bu islahatlar mütərəqqi xarakter daşımaqla Azərbaycan vətəndaşının sosial müdafiəsini daha etibarlı və yüksək səviyyədə təmin etmək məqsədinə xidmət edir. Lakin həmin islahatların uğurla həyata keçməsi bir tərəfdən vətəndaşların icbarı sığorta ödəmələrində özlərinin maraqlı olduqlarını dərk etmələrindən, digər tərəfdən isə DSMF strukturları əməkdaşlarının öz funksiyalarını dəqiq və vicdanlı şəkildə həyata keçirmələrindən bilavasitə asılıdır. Təəssüflər olsun ki, bu gün yerlərdə hər iki kontingentin təmsilçiləri arasında “qarşılıqlı anlaşmaya” gələrək dövlətin sığorta-pensiya sisteminin formalaşmasına ciddi əngəllər törətməkdə israralı olanlara kifayət qədər tez-tez rast gəlinir. O cümlədən redaksiyamıza daxil olan məktublarda sakinlər Dövlət Sosial Müdafiə Fondunun Şuşa rayon şöbəsində yer almış bir sıra ciddi nöqsanlardan, qanunazidd əməllərdən şikayətlənirlər. Məlumatlarda qeyd olunur ki, DSMF-nin Şuşa rayon şöbəsinin müdiri Sarı Bərxudarov işinin öhdəsindən layiqincə gələ bilmədiyindən rayon sakinləri müavinat alarkən ciddi əngəllərlə qarşılaşmalı olurlar. Sarı Bərxudarovun rəhbərlik etdiyi şöbədə vətəndaşların səbəbsiz yerə get-gələ salındığını, əhalinin incidilərək, onlardan müxtəlif bəhanələrlə rüşvət tələb olunduğunu qeyd edilir. Məlumatlarda vurğulanır ki, hazırda paytaxtın Binəqədi rayonu ərazisində fəaliyyət göstərən bu şöbənin iş prinsipi tamamilə korrupsiya və rüşvətxorluq üzərində qurulub. Buna misal kimi Sarı Bərxudarovun birbaşa büdcə vəsaitlərini mənimsəmək məqsədilə törətdiyi maxinasiyalardan söz açılır. Bu xüsusda təqdim olunan açıqlamalarda, DSMF şöbə rəisinin müxtəlif müəssisə rəhbərləri ilə əlbir olaraq bir sıra qanun pozuntularına yol verdikləri qeyd olunur. Bildirilir ki, Sarı Bərxudarovun bəzi müəssisə rəhbərləri ilə aralarında əldə olunan razılığa əsasən, rəsmi sənədlərdə həmin müəssisədə işləyən fəhlələrin sayı real saydan xeyli az göstərilir. Bu azaltma müəssisə rəhbərliyini bir çox büdcə ödənişləri, o cümlədən sosial müdafiə fonduna olan ödənişlər üzrə xərclərin böyük bir hissəsindən azad edir. Eyni zamanda məhz Sosial Müdafiə Fondu üçün nəzərdə tutulan ödənişlərdən “qənaət” olunan məbləğin yarısı, nəğd şəkildə Sarı Bərxudarova təqdim edilir. Digər tərəfdən də iddialara görə bu gün heç bir sənədə və iqtisadi göstəriciyə əsaslanmadan ödənişlərin tətbiq edilməsi, əhaliyə qarşı cərimə sanksiyalarının tətbiq olunması da DSMF-nin Şuşa rayon şöbəsində adi hala çevrilib. Həmçinin açıqlamalarda bildirilir ki, Sarı Bərxudarov təqaüdlərin saxta yollarla artırılması kimi maxinasiyaların mahir ustası kimi ad çıxarıb. Belə ki, artıq təqaüd almaq arzusunda olanlar bu istəklərini çox asanlıqla reallaşdıra bilərlər. Bunun üçün sadəcə olaraq Sarı Bərxudarov tərəfindən irəli sürülən şərtlərə əməl etmək kifayətdir. Eyni zamanda da digər vətəndaşların öz qanuni pensiyalarını almaları bu şöbədə ciddi əngəllərlə müşayiət olunur...

Qarşı tərəfin də mövqeyini öyrənməyə hazırıq.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar