Əhalinin bank borcları silinə bilərmi?

23-11-2015, 10:44   



Rusiyada mövcud iqtisadi vəziyyətə görə kreditlərlə bağlı müəyyən güzəştlər tətbiq edilib. Belə ki, iş yerini itirmiş şəxslər müvafiq arayış alıb, bunu banka təqdim etməklə kredit borcundan müvəqqəti olaraq azad ola bilərlər. Həmin şəxsin kredit borcu yeni iş yeri tapana qədər dondurulur. Azərbaycanda isə belə bir güzəşt növləri mövcud deyil.

Bu günlərdə deputat Vahid Əhmədov da əhalinin kredit borcunun silinməsi ilə bağlı təklif səsləndirib. Deputatın sözlərinə görə, əgər kredit götürən şəxsin vəsaiti geri qaytarmaq qabiliyyəti sıfıra bərabərdirsə, onun heç bir mülkü yoxdursa, ona güzəştə getmək lazımdır. V.Əhmədov hesab edir ki, bu baxımdan bəzi kreditlərin silinməsi və ya güzəştlərin edilməsi lazımdır. Ancaq onun bu təklifi birmənalı qarşılanmayıb. Bəzi iqtisadçılar deyir ki, bu cür güzəşt həyata keçirilərsə, banklar müflis olacaq.

“Qafqazinfo” xəbər verir ki, mövzunu davam etdirən “Yeni Müsavat” yazır ki, ümumiyyətlə, son aylara diqqət etsək görərik ki, baş verən bir çox intiharlar, oğurluq hadisələri məhz bank kreditini ödəyə bilməyən vətəndaşlar tərəfindən olub. Azərbaycan bankları Rusiyada olduğu kimi hansısa güzəşt tətbiq etmir, əksinə “get haradan tapırsan tap, kreditin borcunu ödə” deyir. Belə olan təqdirdə isə çarəsiz vətəndaşlar çıxış yolunu ya intiharda, ya da oğurluqda, cinayətdə görür.

Məsələn, bir neçə gün öncə Sumqayıtda ingilis dili müəllimi və tərcüməçi işləyən Ceyhun Fyodorov banka olan borcunu ödəmək üçün oğurluq edib. Bundan başqa Biləsuvar rayonunun Bəydilli kənd sakini 40 yaşlı Cavanşir banklara olan borcuna görə özünü asaraq intihar edib. Sadaladığımız hər iki hadisə noyabr ayının birinci yarısında baş vermiş hadisələrdir. Bu siyahını artırmaq da olar. Çünki demək olar ki, hər gün sosial şəbəkələrdə, xəbər portallarında məhz kredit borcuna görə cinayət işləyən, intihar edən şəxslər haqda xəbərlərlə rastlaşırıq.

Maraqlıdır, Azərbaycanda da deputat Vahid Əhmədovun dediyi kimi əhalinin kredit borcları silinsə, yaxud da Rusiya modeli təkli edilsə, bu cür faciələrin intiharların, cinayət hadisələrinin qarşısını almaq olmazmı?

İqtisadçı ekspert Azər Mehdiyev bu cür qayda tətbiq edilərsə, insanların bundan sui-istifadə edə biləcəyini dedi: “Kredit bankdan borc götürməkdir. Əgər sənin imkanın yoxdursa, niyə bu borcu almalısan. İnsan öz imkanlarını qiymətləndirib sonra borc almalıdır və bütün hallarda bu borcu qaytarmalıdır. İnsanların nə vaxt borc alıb, nə vaxt borc almamasını qiymətləndirməsi önəmlidir. Kimsə iş yerini itirib deyə onun kredit borcu dondurulsun, o zaman banklar müflis olar. Kimsə pulu ödəyə bilməsə, əmanət qoyan adamlar deyəcək ki, kimlərsə kredit ödəyə bilmir, o zaman məndə əmanətlərin faizini ödəməyim. Yəni bu iqtisadi baxımdan doğru yanaşma deyil. Bu baxımdan da insanlar kredit alarkən öz imkanlarını, işin perspektivlərini düzgün qiymətləndirməyi bacarmalıdır. Təəssüf ki, bizdə bu proses baş vermir. İnsanlar gedib krediti götürür, amma müqaviləyə baxmırlar. Bundan sonra da onun əziyyətini çəkirlər. Kredit alınması da iqtisadi fəaliyyət sayılır. Əgər kredit alıb sonradan onu ödəmək iqtidarında ola bilməsə, və həmin şəxsin borcu dondurulsa, bu kütləvi hal ala bilər. Bizdə insanlar elə vəziyyətdən istifadə etməyə meyllidirlər. Bu zaman isə banklar fəaliyyət göstərə bilməz”.

İqtisadçı ekspert Azərbaycanda kredit faizlərinin yüksək olması ilə bağlı problemin olduğunu da vurğuladı:“Bizdə ciddi problemlərdən biri də kredit faizlərinin yüksək olmasıdır. Bunun da səbəbi mövcud bank sistemi və iqtisadiyyatın indiki vəziyyətindən doğur. ”

Politoloq Natiq Miri isə bu məsələni mümkün olduğunu və yerinə düşən bir qərar ola biləcəyini dedi: “Əhalinin böyük bir kəsimi, xüsusilə də ziyalı hissəsi olan müəllimlərin böyük əksəriyyəti bu gün Azərbaycan banklarında girovdurlar. Bu da Azərbaycan cəmiyyəti üçün yaxşı heç nə vəd etmir. Ən azından zamanında buraxılan boşluq və yanlış bir qərar bu gün Azərbaycan hakimiyyəti və cəmiyyəti üçün çox çətin bir vəziyyət yaradıb. Yadınızdadırsa, fevral ayının 21-də 34 faizlik devalvasiya hadisəsindən sonra bu məsələnin Konstitusiya Məhkəməsində baxılacağı deyilirdi və baxıldı. Ancaq məhkəmədə banklardan yana yanlış qərar verildi. Əslində yanlış məhz o zaman Konstitusiya Məhkəməsinin qərarında bunun bünövrəsi qoyuldu. Düşünürəm ki, burada qərar əhalidən yana verilməli idi. Ancaq bankların müdafiə olunması bu gün vəziyyəti heç də yaxşılaşdırmadı.

Çünki insanların rifah şəraiti yaxşılaşmadı ki, banklara olan borclarını dərhal ödəyə bilsinlər. Ona görə də bu cür durumlarda hakimiyyət hətta çox ciddi siyasi qərarlar verə bilir. Belə ki, borclarını ödəyə bilməyən böyük əksəriyyətin borclarını dövlət silməklə bu məsələni həll edə bilir. Bu dövlətin içində dövlət strukturlarının bir-birinə qarşılıqlı olan borclar məsələsində də belədir. Məsələn bir dövlət strukturu bu gün başqa bir dövlət strukturuna borcludursa, bunu həmin dövlət strukturu həll edə bilmir və burada mütləq surətdə hökumətin müdaxiləsinə ehtiyac yaranır ki, bunu da hökumət həll edə bilir. Bu qayda niyə dövlət strukturuna aid edilə bilir, amma cəmiyyətin müəyyən bir təbəqəsinə tətbiq edilə bilmir?! Halbuki bunu tətbiq etmək üçün Azərbaycanın müəyyən imkanları var. Çünki bu dövlətin büdcəsində böyük rəqəm deyil. Ona görə də mən düşünürəm ki, bunu kütləvi olaraq deyil, seçmə üsulu ilə xüsusilə də tamamilə imkansız və borclarını qaytara bilməyən təbəqəyə bu güzəştlərin tətbiqi mümkün ola bilər”.

N.Miri bu güzəşti həyata keçirməklə Azərbaycanın büdcəsinin heç nə itirməyəcəyini bildirdi: “Bu güzəşti həyata keçirməklə Azərbaycan dövləti və büdcəsi yıxılmayacaq. Bu sadəcə Azərbaycanda mövcud olan bir oliqarxın nisbətən daha çox sirkələnməsi bahasına başa gələ bilər. Yəni bu Azərbaycan dövləti üçün böyük bir məbləğ deyil. Bu eyni zamanda Azərbaycan dövlətində, cəmiyyətində bir ilk olacaq ki, bu da təbii ki, hakimiyyətin cəmiyyətdə müəyyən mənada mövqelərini gücləndirmiş olacaq. Bu baxımdan mən bu məsələni mümkün sayıram və Vahid Əhmədovun verdiyi bu təklif yerindədir. Sadəcə olaraq bunu həyata keçirmək üçün hakimiyyətdə siyasi iradə lazımdır. O ki, qaldı onun mənbələrinə bu mənbələr Azərbaycan strukturlarında var, bunu tapmaq mümkündür. Sadəcə olaraq siyasi iradə lazımdır”.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar