Nardaranda yeni əməliyyat keçirilir - VİDEO

1-12-2015, 18:04   

Daxili işlər nazirinin müavini Nardarandadır

Musavat.com-un Nardaranda olan reportyoru xəbər verir ki, nazir müavini Vilayət Eyvazov Bu dəqiqələrdə kəndə gəlib.

Nardaran Ağsaqqallar Şurasının sədri Natiq Kərimov açıqlama verərək bildirib ki, hazırda evlərdə yoxlama aparılır: "Siyahı ilə evlərdə axtarış aparırlar. Yəqin ki, axtarışda olanlar var".

Natiq Kərimov əməliyyat keçirilən zaman heç bir qarşıdurmanın olmadığını bildirib.

Meyitlərin dəfn olunması xəbərinə gəlincə isə N.Kərimov qeyd edib ki, bu haqda məlumatı yoxdur: "Heç kimin məlumatı yoxdur. Mümkün qədər əlaqə saxlayırıq. Bilsək dəfində iştirak edəcəyik".

Hazırda kənddə vəziyyətin normal olduğunu deyən N.Kərimov əlavə edib ki, istəyən kənd sakini evdən çıxıb mağazaya gedə bilir.


***

Dekabrın 1-də səhər tezdən Nardaranla bağlı həyəcanlı xəbərlər yayılmağa başlayıb.

Musavat.com-un əməkdaşlarının verdiyi məlumata görə, bu gün səhər saatlarında Daxili Qoşunların maşınları, həmçinin hərbi maşınlar Nardaran-Maştağa istiqamətinə hərəkət edib. Maşın karvanında təcili tibbi yardım maşınlarının da olduğu bildirilir.

Hazırda Sabunçu körpüsündən Nardarana gedən yol tamamilə bağlanıb.

Kənd istiqamətində ancaq polis maşınları hərəkət edə bilir.

Qeyd edək ki, bu gün ölənlərin cənazəsi ailələrinə verilə bilər. Maşın karvanının da məhz Nardarana yollanmasının səbəbinin təhlükəsizlik tədbiri olduğu güman edilir.

Nardaran Ağsaqqallar Şurasının sədri Natiq Kərimovun müsavat.com-a verdiyi məlumata görə, hazırda Nardaranda sakinlərin evdən çıxmasına qadağa qoyulub.

"Hazırda kənddə Daxili Qoşunların, həmçinin Daxili İşlər Nazirliyinin sərəncamında olan başqa qüvvələri var. Evlərdən çıxmağa icazə verilmir. Telefon şəbəkəsi demək olar ki, çöküb. Bizə heç bir məlumat verilmir"- deyə N.Kərimov bildirib.

Cənazələrin kəndə gətirilib-gətirilməməsindən xəbərsiz olduğunu deyən N.Kərimov qeyd edib ki, heç kimlə əlaqə də saxlaya bilmirlər: "Deyəsən, cənazələri gətirib özləri dəfn etmək istəyirlər. Amma dəqiq bilmirik. Kənd ağsaqqallarından bəzilərini də çağırıb deyiblər ki, silah varsa, verin. Kəndə gələn yollar da bağlıdır".

Əməkdaşımızın verdiyi məlumata görə, saat 12:00 radələrində 20-dən çox avtomobil Nardarana gəlib. Avtomobillərdə polislər və mülki geyimi şəxslər olub.







İlkin Muradov
Musavat.com
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar