Hacı Məmmədov danışacaq

2-12-2015, 09:38   
Hacı Məmmədov danışacaq

Məşhur qanqster yenidən vəkil tutaraq istintaq orqanına müraciət etməsi Eldar Mahmudov və onun ətrafında ciddi narahatlıq yaradıb
Milli Təhlükəsizlik Nazirliyində (MTN) oktyabrın 17-də baş tutan xüsusi əməliyyat illərlə qapalı qalan bir çox cinayət xarakterli olayları ortaya çıxarıb. İş adamlarının, sahibkarların talanmasından tutmuş MTN-ə pul qarşılığında işə düzəlmə, MTN Akademiyasına qəbul etmə halları da gələn məlumatlar sırasındadır. Təəssüf ki, bu məlumatlarla bağlı dəqiqləşdirmə aparmaq istəyimiz hüquq-mühafizə orqanları tərəfindən “istintaq gedir” nidası ilə cavabsız buraxılır...

MTN Akademiyasına Mahmudov xətti ilə düşən 50 müdavim kənarlaşdırılıb?

Redaksiyamıza daxil olan son məlumata görə, Eldar Mahmudov tutduğu postdan uzaqlaşdırılandan sonra Milli Təhlükəsizlik Nazirliyinin Akademiyasında da yoxlamalar aparılıb. Nəticədə 50-yə qədər müdavim akademiyadan uzaqlaşdırılıb. Onlara “hələlik sizinlə bağlı qərar yoxdur” deməklə təhsildən ayırıblar. Məlumata görə, akademiyadan uzaqlaşdırılan müdavimlər sırasında milli təhlükəsizlik nazirinin sabiq müavini, general-mayor Elçin Əliyevin oğlu da var. E.Əliyevi noyabrın 14-də prezidentin imzaladığı sərəncamla vəzifədən uzaqlaşdırıblar. Baş Prokurorluğun həbs edilmiş sabiq MTN-çilərlə bağlı yaydığı məlumatda E.Əliyevin adı yoxdur. Yada salaq ki, bir qədər əvvəl yayılan məlumatlarda bildirilirdi ki, ilk dəfə Eldar Mahmudovun nazir olduğu vaxtlarda MTN-də işə qəbul edilən, birbaşa nazirliyin özünə və ya Bakı qarnizonuna təyinat alan şəxslərdən 70 min dollar, Bakı qarnizonundan kənarda yerləşən rayon strukturlarına qəbul edilən əməkdaşlardan isə 50 min dollar rüşvət tələb edilib. Həmçinin MTN Akademiyasına qəbul üçün 150 min dollar, dinləyici kimi qəbula isə 30 min dollar rüşvət tələb edilib.

Hacı Məmmədovun həyatına təhlükə varmı?




Redaksiyamıza daxil olan digər bir xəbər isə 10 il əvvəl MTN-in həyata keçirdiyi “Qara Kəmər” əməliyyatı zamanı tutularaq istintaqa cəlb edilən Hacı Məmmədovla bağlıdır. Belə məlumatlar var ki, Hacı Məmmədovun yenidən vəkil tutaraq istintaq orqanına müraciət etməsi Eldar Mahmudov və onun ətrafında ciddi narahatlıq yaradıb. Belə ki, Hacı Məmmədovun bacısı Arifə Məmmədova bir neçə gün əvvəl “Yeni Müsavat”a müsahibəsində deyib ki, qardaşı yenidən ifadə vermək istəyir. A.Məmmədova qardaşının birbaşa rəisi olmuş Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarış İdarəsinin sabiq rəisi Zakir Nəsirova qarşı yalan ifadə verməyə məcbur edildiyini, məcbur edən şəxslərin isə sabiq MTN rəhbərliyi olduğunu açıqlayıb. A.Məmmədova “bu işə kim qol qoyubsa, hamısı dünyasını dəyişib” deməklə hüquq müdafiəçisi Elçin Behbudovun ölümünə toxunub. Deyib ki, Hacı Məmmədov hüquq müdafiəçisinə müraciət edərək onu yanına çağırıb. Lakin E.Behbudovun 2 gün sonra qəfil dünyasını dəyişməsi Hacı Məmmədovla görüşünü əngəlləyib. Belə bir vəziyyətdə Hacı Məmmədovun özünün həyatının təhlükədə olması haqda müzakirələr aparılır. Yada salaq ki, Hacı Məmmədov 2005-ci il martın 10-da həbs ediləndən sonra MTN-in İstintaq Təcridxanasında saxlanılır. 2006-2007-ci illər ərzində Hacı Məmmədov və digərlərinin işi üzrə keçirilən məhkəmə prosesində o, yarımçıq ifadələr verməklə, digər təqsirləndirilən şəxslərin barəsində bir-birinə zidd ifadələr səsləndirməklə yaddaşlarda qalıb. İndi məlum olur ki, H.Məmmədov məhkəmədə yalan ifadələr verib. Konkret olaraq Zakir Nəsirovla bağlı hissədə doğru olmayanları dilə gətirib, bununla da generalın şərlənməsi, ömürlük həbsə alınması təmin olunub.



H.Məmmədovun bacısı deyir ki, qardaşını belə ifadələr verməyə məcbur ediblər. Barəsində məhkəmənin ömürlük azadlıqdan məhrumetmə cəzası çıxarılandan sonra onu MTN-də saxlamaqla daim nəzarətdə olması təmin olunub. Qanuna görə, ömürlük məhkumlar heç bir halda Qobustan həbsxanasından kənar saxlanıla bilməzlər. Lakin Hacı Məmmədovu yalan ifadə verməyə məcbur edən Eldar Mahmudov və ətrafı qanunu pozmaqla onu faktiki olaraq şəxsi girovları kimi orada saxlayıblar. Bununla da son 10 il ərzində Hacı Məmmədovun həqiqətləri açıb deməsinin qarşısı alınıb. İndi isə Hacı Məmmədov danışmağa qərar verib. Belə bir halda onun həyatına təhlükə yaranması haqda fikirlər diqqətə alınmalıdır.

Eyni zamanda qeyd edək ki, MTN-in İstintaq Təcridxanası xüsusi rejimli bir təcridxanadır və quruma təcrübəli general Mədət Quliyev rəhbərlik edir, belə bir halda situasiya dəyişir.
Xatırladaq ki, noyabrın 25-də Baş Prokurorluğun yaydığı məlumatda MTN-in 21 sabiq əməkdaşının Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edildiyini bildirilib. 19 şəxs barəsində həbs-qətimkan tədbiri, 1 nəfər barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib, istintaqdan yayınan 1 şəxs barəsində isə həbs-qətimkan tədbiri seçilməklə axtarış elan edilib. Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşlarının törətdiyi cinayət əməlləri nəticəsində hüquqları pozulmuş 57 nəfər zərər çəkmiş şəxs qismində tanınıb. Onlara dəymiş ziyanın ümumi məbləğinin on milyonlarla manat olduğu müəyyən edilib.

Hazırda ayrı-ayrı vətəndaşlardan yeni müraciətlər daxil olmaqdadır. Müraciətlərdə göstərilən bütün xüsusatların tam, hərtərəfli və obyektiv araşdırılması təmin edilərək, zərərçəkmiş şəxslərin pozulmuş hüquqlarının bərpası istiqamətində zəruri tədbirlər görülür. Cinayət işi üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Belə görünür ki, “mahmudovçu”ların məhkəmələrində üz-üzə gələcəkləri şəxslərdən biri də vaxtilə həbsə aldıqları məşhur arestant Hacı Məmmədov olacaq.

E.MƏMMƏDƏLİYEV
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar