Hökumət «manatımız dollardan bahadı» demək üçün rezervləri əritdi
Hökumətin “uğurlu iqtisadi siyasət” təbliğatı da əridi. Ölkə uçuruma doğru gedir, olduqca bədbin proqnozlar verilir. Fakt isə budur ki, valyuta ehtiyatları azalır, neftin qiyməti sürətlə enir və qeyri-neft sektoru “koma” vəziyyətindədir.
Hökumət isə az qalıb ki, nəfəs almağa da cərimə tətbiq etsin. Məsələ burasındadır ki, bu təhlükəli mənzərə hökumətin yanlış idarəetməsindən yaranıb.
Əgər nefti kənara qoysaq, məlum olar ki, büdcəyə əsas vəsait vergi, gömrük və sosial müdafiə sektorundan daxil olur. Amma daha dəhşətlisi budur ki, qeyri-neft sektorundan ölkəyə daxil olan vəsait, milli valyutanın saxlanmasına sərf olunub. Yəni vergi xəttiylə büdcəyə 6 milyard, gömrük xəttiylə 1.5 milyard, sosial müdafiə xəttiylə 1.3 milyard vəsait daxil olubsa, manatın saxlanmasına da təxminən 9 milyard pul xərclənib. Deməli, qeyri-neft sektorundan gələn vəsait manatın saxlanmasına sərf olunub. Əslində bu dəhəşətli faktdır və dövləti heydən salır. Təsəvvür edin ki, uzun illər ərzində “bizim valyuta dollardan bahadır” demək üçün 10 milyardlarla vəsait xərclənib. Ölkə iqtisadiyyatı şikəst vəziyyətdə olduğu halda, hökumət manatı bahalı saxlamaqla özünü reklam edib. Həm də bilə-bilə ki, bu manatın təbii halı yox, süni görüntüsüdür.
Guya, başqa ölkələr milli valyutalarını dollardan baha edə bilməzlər. Əlbəttə, dövlətin rezervlərini əritmək hesabına istənilən dövlət müəyyən dövr ərzində bunu edə bilər. Amma dövlət maraqlarını düşünən, iqtisadiyyatın real inkişafına nail olmaq istəyən hökumətlər belə kosmetik uğurlara imza atmırlar.
Bir daha təkrar edirik ki, təkcə bu il 9 milyard pul manatın saxlanmasına sərf olunub ki, bu da mövcud büdcənin yarısı deməkdir.
Belə çıxır ki, hökumət bu il qeyri-neft sektorundan gələn vəsaiti manata süni nəfəs vermək üçün sərf edib. Deməli, ölkə vətəndaşları bu il manat üçün işləyib. Manat isə üzən, uçan, itən məzənnəyə çevrilməkdədir.
Əgər sərvətlərlə zəngin bir ölkənin cəmi 15 milyard büdcəsi varsa və bu büdcənin yarısı qədər vəsait hər il manatı saxlamağa sərf olunursa, deməli, iqtisadiyyat sıfır səviyyəsindədir.
Heç bir normal ölkədə belə vəziyyət hökm sürə bilməz. Hətta kasıb qonşularımız da belə absurd “inkişaf”a imza atmayıb.
Bir sözlə, hökumət həqiqətən də analoqsuz iqtisadi mənzərə yaradıb. Dünya ölkələri büdcəyə daxil olan vəsaiti dövlətin inkişafına, Azərbaycan ölkəsi manatın süni şişirdilməsinə xərcləyir.