Jurnalistin ölüm işində Oqtay Şirəliyevin məktubu tapıldı

19-12-2015, 09:18   
Jurnalistin ölüm işində Oqtay Şirəliyevin məktubu tapıldı

Vəkil Əsabəli Mustafayev: «Bu, bizi çox təəccübləndirdi…»

Jurnalist Rasim Əliyevlə döyülərək öldürülməsi faktı üzrə başlanmış cinayət işinin istintaqı mərhumun yaxınlarını qane etmir. Jurnalistin anası Teyfurə Əliyeva və zərərçəkmişlərin hüquqlarını müdafiə edən vəkil Əsabəli Mustafayev dünən Bakı şəhər prokurorluğunda cinayət işinin materialları ilə tanış olub.

Bu barədə “Azadlıq”a danışan Əsabəli Mustafayev bildirib ki, cinayət işinin materialları 7 cilddən ibarətdir. Onlar iş materialları ilə tanış olublar, jurnalistin döyüldüyünü əks etdirən görüntülərə baxış keçiriblər.


Istintaqla bağlı bir sıra məqamların onları qane etmədiyini deyən Əsabəli Mustafayev həmin məsələlərlə əlaqədar bazar ertəsi prokurorluğa vəsatətlər təqdim edəcəyini bildirib.

Vəkilin sözlərinə görə, iş materialları arasında səhiyyə naziri Oqtay Şirəliyevin məktubunu görüblər: “Bu da bizi çox təəccübləndirdi. Nazir bildirir ki, Rasim Əliyevə xəstəxanada lazımi tibbi xidmət göstərilib, onun ölümündə həkimlərin məsuliyyəti yoxdur”.

Nazirin həkimləri müdafiə etməsinə baxmayaraq, zərərçəkmişlər və onların vəkili əvvəlki mövqeyində qalır.

“Hesab edirik ki, Rasim Əliyevin ölümündə həkimlərin də rolu var. Istintaqın bu məsələyə yanaşması bizi qane etmədi. Bu məsələ ilə bağlı vəsatətimiz olacaq”, – deyə Əsabəli Mustafayev bildirib.

Qeyd etdiyimiz kimi, jurnalistin anası Teyfurə Əliyeva da dünən vəkillə birlikdə iş materialları ilə tanış olub. O bildirib ki, həkimlərin məsuliyyəti məsələsində bir sıra ziddiyyətlər ortaya çıxıb: “Məsələn, Rasim xəstəxanada olanda bizə demişdilər ki, ciyərində heç nə yoxdur, təmizdir. Amma iş materialları arasında rentgenin cavabı var. Orada göstərilib ki, ciyərdə qansızma var. Həkimlər bu məsələ də bizi aldadıblarmış…”

Zərərçəkmiş bir daha vurğulayıb ki, övladının ölümünün səbəbi həm də xəstəxanada ona lazımi tibbi yardım göstərilməməsi olub. Ananın sözlərinə görə, hadisə baş verən gün gecə saatlarına qədər Rasim Əliyevə vacib olan tibbi yardım göstərilməyib. Gecə saat 1 radələrində əməliyyata aparılıb ki, onda da artıq gec olub…

Teyfurə Əliyeva hesab edir ki, futbolçu Cavid Hüseynova verilən ittiham da yüngüldür.

Xatırladaq ki, jurnalist Rasim Əliyev “facebook” səhifəsində “Qəbələ” futbol klubunun oyunçusu Cavid Hüseynovu tənqid edən statusuna görə avqustun 8-də bir qrup şəxs tərəfindən döyülüb. O, avqustun 9-na keçən gecə xəstəxanada dünyasını dəyişib. Jurnalistin ölümü ilə əlaqədar 6 nəfər həbs olunub. Onlardan beşinə Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda), Cavid Hüseynova isə 307-ci (cinayət barədə xəbər verməmə) maddəsilə ittiham verilib.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar