Müdafiə Nazirliyi mətbuat xidmətinin keçmiş rəhbəri, sabiq deputat Eldar Sabiroğlunun prokurorluq orqanlarından istefa verərək müxalifətə keçdiyini bəyan edən oğlu Rüfət Səfərov mənzilində axtarış aparılandan, əmlakı müsadirə ediləndən sonra etiraz aksiyasına başlayıb.
Bu saatlarda musavat.com-un əməkdaşı ilə əlaqə saxlayan R.Səfərov bildirib ki, bu saatdan etibarən aclıq aksiyasına başlayır. Sabiq müstəntiqin sözlərinə görə, evində və iş yerində aparılan axtarış, bu zaman yol verilən qanunsuzluqlar ona çox pis təsir edib.
Təzyiqinin qalxdığını bildirən R.Səfərov “sabah məni saxlasalar da müqavimət göstərə bilməyəcəyəm” deyib: “Hələ ki, oturmuşam yerimdə. Sabah millətimə və cənab prezidentə müraciət edəcəyəm. Barəmdə alçaldıcı formada nəsə deyilsə belə, susacağam və cavab verməyəcəyəm. Etirazımı aclıq aksiyası keçirməklə ifadə edəcəyəm. Ölkədəki bütün media mənsublarına 48 saat ərzində mənə verdikləri informasiya dəstəyinə görə təşəkkür edirəm. Amma bəyan edirəm ki, bundan sonra zəng edib və ya sosial şəbəkədəki profilimə yazıb mənə suallar verməsinlər. Kimsə əyani surətdə məni görmək istəyirsə, Zərdabdayam”.
R.Səfərov bu məsələ ilə maraqlananlara da müraciət edib: “Kim mənimlə maraqlanır, Zərdabdayam. Buradan onu da deyirəm ki, bir neçə saat öncəyə qədər Zərdabda müstəntiq idim. Məhkəmənin qərarı olmadan gəlib hər yerdə axtarış apardılar. Sabah səhər nələr olacaq, bundan sonra nələr edəcəklər, bilmirəm. Aclığa başladım. Allah nə qədər imkan verəcək, yaşayacağam”.
* * *21:56
Müdafiə Nazirliyi mətbuat xidmətinin keçmiş rəhbəri, eks-deputat Eldar Sabiroğlunun prokurorluq orqanlarından istefa verərək müxalifətə keçdiyini bəyan edən oğlu Rüfət Səfərovun mənzilində axtarış aparılıb, əmlakı müsadirə edilib.
Bu barədə moderator.az saytına Eldar Sabiroğlu özü məlumat verib.
Eldar Sabiroğlu ölkə başçısına bir daha müraciət edib: "Bir neçə dəqiqə əvvəl oğlum Rüfət mənə zəng edərək bildirdi ki, ata, yoxlama komissiyası gəlib və mənim əmlakımı, kompüterimi, telefonlarımı müsadirə ediblər. Qarşılığında sənəd tələb etsəm də heç bir sənəd göstərmədilər və hesab edirəm ki, bu da qeyri-qanunidir. İndi xəbər aldım ki, prokurorluq işçiləri Zərdabda kirayədə qaldığım mənzilə axtarışa gedir.
Mən anlaya bilmirəm, oğlum hansı cinayəti törədib ki, ona bu formada münasibət göstərilir?! Mən onun tutduğu yol haqqında öz fikrimi bildirmişdim. Tutduğu yolun cavabı olaraq da onu prokurorluq orqanlarından xaric etdilər. Belə etməklə başqa hansı məqsədlər güdürlər? Həbs etməkmi istəyirlər? Buyursunlar, onu da etsinlər. Ancaq yenə təkrar soruşuram: oğlum hansı ağır cinayəti törədib? Bəlkə dövlət çevrilişinə cəhd edib və ya hansısa silahlı münaqişə törədib?
Hörmətli cənab prezident, sizdən xahiş edirəm, bu qeyri-qanuni işləri törədənlərin qarşısı alınsın. Mən övladım Rüfətin seçdiyi yolu bəyənmirəm və bir daha təkrar edirəm ki, o, düzgün yolla getmədi. Ancaq indi nə baş verib ki, sanki oğlumu həbs etmək istəyirlər?! Bəlkə başqa cinayətləri var, biz bilmirik? Mümkündür ki, onun müsadirə edilmiş telefonlarına, kompüterinə nəsə köçürsünlər və elə onunla bağlı da oğlumu mühakimə etsinlər. Oğlumun mənimlə danışmasına imkan vermədilər, telefonu əlindən alıb danışığımızı yarıda qoydular".
Rüfət Səfərov isə musavat.com-a açıqlamasında baş verənləri detallı danışıb: “2 saat bundan əvvəl xidməti kabinetimdə idim. Baş Prokurorluğun 3 əməkdaşı, eləcə də Zərdab Rayon Polis Şöbəsinin rəisi otağa daxil oldular. Sənədləri, kompüteri götürəcəklərini dedilər.
Dedim şəxsi kompüterimdir, niyə götürürsünüz. Dedilər biz bilmək istəyirik ki, orada nəsə varmı, bundan istifadə edə bilərsən. Çaş-baş qaldım. Kompüterimi götürdülər. Özlərinə də dedim ki, indi XXI əsrdir, kompüter əsridir. Hansısa hakerin vasitəsilə İŞİD-in terrorist üzvü kimi qələmə verə bilərlər məni”.
R.Səfərov deyib ki, daha sonra onun telefonlarına baxış keçiriblər: “SMS-lərimi, zənglərimin siyahısını araşdırdılar. Onlara iradımı bildirdim ki, yoldaşımla yazışmalarıma niyə baxdınız. Sonradan evimə gəldilər. Otaqlara girib başqa kompüter axtarmağa başladılar. Yataq otağına qədər girib baxdılar. Mən onlarla burda hüququn dili ilə danışa bilmədim”.
R.Səfərov hesab edir ki, bu əməliyyat səbəbsiz deyil: “Sənədləri götürdülər. Baza toplayıb, cinayət təqibini həyata keçirmək istəyirlər. Sabah ölkə prezidentinə, İlham Əliyevə bu qanunsuzluqlar barədə müraciət edəcəyəm”.