İcra başçısının müavini Ramiz Əliyev işdən çıxarılıb, səbəb isə məlum deyil
rrMingəçevir İcra Hakimiyyətində kadr dəyişikliyi aparılıb. İcra başçısının ictimai-siyasi və humanitar məsələlər üzrə müaini Ramiz Əliyev bir neçə gün öncə tutduğu vəzifəsindən azad edilib. Mingəçevirdəki rəsmilərin verdiyi açıqlamaya görə, Ramiz Əliyev öz ərizəsi ilə işdən çıxıb. Onunla bağlı yayılmış iddiaların isə həqiqət olmadığı vurğulanıb.
Ramiz Əliyevin işdə yol verdiyi nöqsana görə çıxarıldığı qeyd edilirdi. Bildirilirdi ki, o, bir sıra yeyinti hallarına yol verib. İddialara görə, Əliyev icra başçısının müavini olduğu dönəmdə bütün bağça və orta məktəb direktorlarından «xərac» toplayırmış. Bundan əlavə, onun bağçaların həyətlərini də satışa çıxardığı məlumatlarda vurğulanır. Lakin bəzi mənbələr məsələnin təkcə bununla bağlı olmadığını iddia edirlər. Onların bildirdiyinə görə, icra başçısı Niyazi Bayramovla Ramiz Əliyev arasında münasibətlərin kəskinləşməsi bir müddət əvvələ təsadüf edib. Buna səbəb isə Əliyevin Bayramovun yerinə göz dikməsi göstərilir. Həmin iddialarda o da vurğulanır ki, Ramiz Əliyev dəfələrlə müxtəlif yerlərdə yaxın zamanlar üçün Mingəçevirə icra başçısı təyin ediləcəyinə dair fikirlər səsləndiribmiş. Məsələdən xəbər tutan Niyazi Bayramov isə baş verənlərdən narahat olaraq, onu görəvindən alıb.
Qeyd edək ki, Ramiz Əliyev mətbuata verdiyi açıqlamasında işdən çıxarıldığını təsdiqləyib. Lakin o, bunun səbəbləri barədə heç bir fikir bildirməyib.
P.S. Bu əsnada icra başçısı Niyazi Bayramovun Mingəçevirdə fəaliyyət göstərən «Kür» otelinin qülləsində yerləşən restoranında yerli məmurlarla birlikdə fotoları da ortaya çıxıb. Yaxın saatlarda həmin şəkillərin yayılacağı gözlənilir.(JAM.az)