Deyilənlər, yazılanlar sürətlə təsdiqlənir. Hər ötən gün məlum olur ki, ölkədə heç bir real sektor inkişaf etdirilməyib. Hər an aydın görünür ki, uzun illər ölkəni səriştəsiz, məsuliyyətsiz, idarəçilikdən xəbəri olmayan adamlar yönəldib.
Artıq elə bir vəziyyət yaranıb ki, biabırçılığı müxalifətin, erməni lobbisinin üstünə atmaq da mümkün deyil. Əksinə, real müxalifət qüvvələri həqiqəti dediklərinə görə, xalqı maarifləndirdikləri üçün məhrumiyyətlərlə üz-üzə qalıb, ləkələnib, həbsə atılıb və.s.
Bəli, uzun illərdi həyəcan təbili çalınır, yürüdülən siyasətin ölkəni uçuruma apardığı deyilir, ölkənin taleyini neftə tapşırmağın təhlükəli olduğu vurğulanır. Amma hökumət hər dəfə “iqtisadiyyatımız şaxələnir”, “böhran bizə təsir etməyəcək”, “milli valyuta sabit qalacaq”, “analoqsuz inkişaf eidirik” kimi arqumentlərlə xalqı aldadıb. Ölkə başçısı Ilham Əliyev, ardınca Mərkəzi Bankın rəhbəri Elman Rüstəmov xalqı inandırmağa çalışdı ki, narahtlğa ehtiyac yoxdur, manat etibarlı əllərdədi. Amma bir neçə günün ərzində milli valyuta 34 faiz devalvasiyaya uğradı və sadə vətəndaşa 2.2 milyard manat zərər dəydi. Hökumət isə vətəndaşa heç bir kompensasiya vermədi və məsuliyyətdən qaçdı.
Amma bu da son olmadı. Utanmaz-utanmaz təbliğat apardılar ki, növbəti devalvasiya olmayacaq, sürətli inkişaf davam edir.
Amma ötən gün milli valyuta “üzən məzənnə”yə keçdi və 55 faiz dəyər itirdi. Və yenə də dollarla krediti olan əhali quyunun dibinə düşdü. Növbəti dəfə hökumət vətəndaşı aldatdı.
Ən dəhşətlisi budur ki, son 10 ayda milli valyutanın saxlanması üçün 10 milyard pul xərclənib. Bəli, 10 milyardı havaya sovurduqdan sonra, manat 55 faiz yerin dibinə girdi. Deməli, ölkənin böhranla çarpışdığı bir vaxtda, hökumət büdcəyə növbəti xəncəri vurdu.
Əslində, “üzən məzənnə” söhbəti baş verənlərin əsl mahiyyətini gizlətməkdi. Həqiqət budur ki, milli valyuta “koma” vəziyətindədir. Görünən budur ki, hökumətin iqtisadi siyasəti bir qrup adamın cibini doldurmağa xidmət edib.
Biz yazanda ki, “Avropa oyunları” na, Gül bayramlarına, mənasız layihələrə xərclənən pullar ölkəni müqavimətsiz duruma salır, adımızı “ermənipərəst” qoydular. Indi isə məlum olur ki, hətta Ermənistan hakimiyyəti də vətəndaşa belə zülm etməyib.
Yenə də rejim telekanalları iyrənc təbliğata start verib. Camaata süni təsəlli verməyə, ciddi heç nəyin baş vermədiyini sübut etməyə çalışırlar.
Müxtəsər, hakimiyyət yenə də xalqı aldatdı. 2.5 milyon insan onsuz da kredit fazilərinin ağırlığından əziyyət çəkirdi. Manatın növbəti dəfə dəyərdən düşməsi, borclu insanları 55 faiz də borclandırdı. Həmişəki kimi hökumət gecə vaxtı oğurluğa girdi və vətəndaşın cibini boşaltdı. Bundan sonrakı mərhələ daha ağır olacaq.
Bu hakimiyyət niyə istefaya getmir? Daha neçə dəfə camaatı aldatmaq istəyirlər. Ölkədən oğurlanan milyardların əvəzini, vətəndaşı cərimələməklə sığortlamaq istəyirlər. Hansıki, ən böyük cəriməni bu hakimiyyət ödəməlidir. Milyardlara sahiblənən məmurlar oğurladıqlarının 1 faizini ortaya qoysa, devalvasiyadan dəyən zərəri ödəmək olar. Amma hakimiyyət insanları necə soymağın, haqqın tələb edən vətəndaşı necə şərləməyin yolların axtarır.
Bir sözlə, bütün həqiqət göz qabağındadır. Heç bir sahədə canlanma yoxdur. Bu qədər varlı, yeraltı-yerüstü sərvətlərlə zəngin ölkəni dilənçilər ölkəsinə çevirdilər.
Cənablar, istefa vermək vaxtıdır. Insanları aldatmaqdan əl çəkin. Milli valyutanı diri saxlaya bilməyən hökumət, vətəndaşı diri saxlaya bilməz. Bu hakimiyyət yalnız ölüm gətirməyi bacarır. Onsuz da insan həyatını, milli valyutanı ucuzlaşdırdınız.