Müdafiə Nazirliyinin mətbuat xidmətinin keçmiş rəhbəri, eks millət vəkili Eldar Sabiroğlunun prokurorluq orqanlarından istefa verən oğlu Rüfət Səfərova dəstək davam edir. Bu barədə R.Səfərov sosial şəbəkədəki statusunda xəbər verib.
R.Səfərov səhhəti və durumu haqda da məlumat yayıb: “Hər vaxtınız xeyir olsun, əziz tanıdığım və tanımadığım ləyaqətli insanlar. Qısa arayışı yüksək diqqətinizə çatdırmaq istəyirəm. Məndən ötrü narahat olun, həm də olmayın. Olun, ondan ötrü ki, aşırı dərəcədə təzyiq altındayam. Olmayın, o səbəbdən ki, ləyaqət hissi hər zaman ön planda olacaqdır. İmtina mədəniyyətinə yüksək qiymət verən xalqım məni ruhlandırıb. Barəmdə alınan haqsız, haqsız olduğu həddə də bayağı qanunsuzluqlara etiraz rəmzi olaraq dirəniş davam edəcək. Ağrılarım imkan vermir ki, arayışı təfsilatı ilə ortaya qoyum”.
R.Səfərov növbəti statusunda isə ona dəstəkləyən-dəstəkləməyən şəxslər barədə yazıb: “Qəribə vəziyyətdir. Bəlkə də normaldır. 2 gün ərzində təxminən 30-40 yaxın və uzaq qohumum zəng edib, məni söyüb, təhqir etdikləri halda, təxminən 1000 nəfər zərdablı mənə zəng edib, dəstək vermək azmış kimi, kirayədə qaldığım ünvanın darvazasında “qarovulçu” qalmağı təklif edirlər”.
Xatırladaq ki, R.Səfərov dünən gecə saatlarından etibarən aclıq aksiyasına başladığını bildirib.
Sevinc,
Musavat.com