Nobel prospekti ilə Daşqın Cəfərov küçəsinin kəsişməsində yerləşən “masaj salonu”nun Ələsgər adlı sahibi kimsədən çəkinmədiyini deyir
Bakıda son illər əxlaqsızlıq yuvalarının artması adi hala çevrilib. Əvvəllər belə yerlər gizli, qapalı ərazilərdə mövcud olardılarsa, indi camaatın gözünün qarşısında fəaliyyət göstərirlər.
JAM.AZ xəbər verir ki, qadın alveri ilə məşğul olan belə məkanların sahiblərinin əvvəlki illərə nisbətən «prinsip»lərini dəyişdikləri də aydındır. Fəqət, bir məsələ var ki, artıq şəhid adına da hörmət qalmayıb. Önəmli olan bədən satıb, pul qazanmaqdır.
JAM.AZ-ın əldə etdiyi məlumata görə, Bakıda Nobel prospekti ilə şəhid Daşqın Cəfərov küçəsinin kəsişməsində əxlaqsızlıq yuvası fəaliyyət göstərir. Camaat tərəfindən verilən məlumata görə, küçələrin kəsişəmsində yerləşən «Günəş» marketlə üz-üzə yerləşən bu «yuva»da günün günorta çağı bütün əxlaqsızlıqları müşahidə etmək olar. İnsanlar evlərinə necə gedəcəklərini, uşaqlarının gözlərini buradan necə uzaq tutacaqlarının dərdini çəkirlər.
İşin ən eybəcər və mənfur tərəfi isə odur ki, bu əxlaqsızlıq yuvası şəhid adına olan küçədə fəaliyyət göstərir. Dəfələrlə rəsmi qurumlara müraciət etdiklərini bildirən sakinlər heç bir tədbir görülmədiyini vurğulayırlar. Halbuki bu əxlaqsızlıq yuvası elə Polis Bölməsinin düz “burnunun ucunda” işləyir.
Qeyd edək ki, JAM.AZ-ın əməkdaşları həmin «yuva» ilə bağlı kiçik bir araşdırma aparıb. Həmin araşdırmalar zamanı məlum olub ki, əxlaqsızlıq yuvasının sahibi Ələsgər adlı bir şəxsdir. Adıçəkilən şəxsin Bakıda daha bir neçə yerdə belə əxlaqsızlıq yuvası saxladığı bildirilir. Onlardan birinin hətta şəhərin mərkəzində olduğuna dair bilgilər var. Onun kimsədən çəkinmədiyi də deyilir. Ələsgərin kimliyi ilə bağlı əldə etdiyimiz əlavə məlumatları dəqiqləşdirdikdən sonra müfəssəl məlumat verməyə çalışacağıq.
Bildirək ki, DİN daima insan alveri, əxlaqsızlığa qarşı mübarizə aparan əsas qurumlardan biri olub və bu gün də prinsipial müraziəsini davam etdirir. Nazirliyin İnsan Alverinə Qarşı Mübarizə İdarəsi dəfələrlə əməliyyatlar keçirərək, ciddi şəkildə bu bəlayla mübarizə aparır. Lakin insanların gediş-gəlişini gur olan yerində, ən əsası şəhid adına olan bir küçədə əxlaqsızlıq yuvasının fəaliyyət göstərməsi və yerli polisin bundan xəbərsiz olması qətiyyən başadüşülən deyil. Ola bilər ki, hansısa polis adına xələl gətirən əməkdaş bundan xəbərdardır və məsələ barədə rəhbərliyini hansısa maraqlar naminə məlumatlandırmır. Ona görə də, saytımız vasitəsi ilə cənab nazir Ramil Usubova müraciət edərək bildiririk ki, məsələni nəzarətinə götürsün və şəhid adına ləkə gətirən, insanların taleyi ilə oynayan belə möhtəkir və kriminal ünsürləri zərərsizləşdirsin. Ümid edirik ki, cənab nazir həm bizim, həm də Daşqın Cəfərov küçəsinin sakinlərinin səsini eşidib, zəruri addımlar atacaq.