Sumqayıtlı iş adamından ölkə başçısı və hüquq-mühafizə orqanlarına ilginc müraciətlo
MTN-in həbsdə olan generalı Akif Çovdarovun adamlarını kiçik sahibkarlıq fəaliyyətilə məşğul olan Sumqayıt sakini Şərif Ağalarovu təhdid edir. Bu barədə “Azadlıq”a Şərif Ağalarovun özü məlumat verib.
Onun sözlərinə görə, 1997-ci ildən kiçik sahibkarlıqla məşğuldur: “Şüşə sexim var, şüşə biznesilə məşğulam. Təxminən 3 ay əvvəl Elnur adlı bir nəfər yanıma gələrək dedi ki, MTN-in generallarından birinə şüşə lazımdır. Onun sözlərinə görə, bu şüşə həmin generalın Şamaxının Nağaraxana kəndindəki dəbdəbəli villası üçün lazımdır. Elnurun məndən istədiyi malın qiyməti 5000 manat edirdi. Elnur bundan əvvəl də məndən mal götürmüşdü. 750 manat borcu olduğu üçün mən bildirdim ki, bu dəfə ödəniş olmadan mal verməyəcəm. O isə cavabında dedi ki, general üçün 5000 manat nədir ki. Dedi ki, siz malı maşına yükləyin pulunu verəcəyik. Malı maşına yüklədik, lakin gəlmədi. Həmin gün axşam Mirzə adlı şəxs mənə zəng vurdu. Bəlli oldu ki, bu şəxs həmin generalın işlərini görür. O, bildirdi ki, general burada olmadığından pulu sonra verə bilərlər. Mən etiraz etdim. Bildirdim ki, ödəniş olmayacaqsa, mal verməyəcəm. Uzun müzakirələrdən sonra belə qərara gəldik ki, notariusda müqavilə imzalayaq. Müqavilə imzaladıq, malı verdim”.
Şərif Ağalarov bildirir ki, həmin gündən bu yana pulunu ala bilməyib: “Mən məcbur qalıb polisə müraciət elədim. Həmçinin Elnura bu barədə məlumat verdim. Elnur isə bildirdi ki, nə istəyirsən elə. Həmçinin mənim yanımda həmin Mirzəyə zəng vuraraq baş verənləri danışdı. Mirzə ona bildirdi ki, narahat olma, generala deyərik onu məhv edərik. Beləliklə, bu şəxslər açıq şəkildə məni təhdid etməyə başladılar. Bundan sonra mən yenə də polisə üz tütaraq müraciətimin nəticəsilə maraqlandım. Eyni zamanda təhdid olunduğumu diqqətə çatdırdım. Polisdən isə bildirdilər ki, telefonla hədələmək cinayət deyil. Nə vaxt balta ilə dalınca düşərlər, o zaman gəlib bizə deyərsən. Beləliklə, polis də faktiki olaraq bu məsələni araşdırmadı”.
Şərif Ağalarov deyir ki, dəfələrlə Elnura, Mirzəyə zəng vursa da, müxtəlif bəhanələrlə pulu verməkdən imtina edirlər: “Bir dəfə dedilər ki, guya generalın villasında iş yarımçıq qalıb. O işi bitirin sonra pulunuzu verək. Məlum oldu ki, bir-iki şüşə sınıb. Onu da həll elədik. Mənimlə birgə işləyən Famil adlı şəxsi Nağaraxanaya göndərdim. Iki gün qarlı havada maşında yatdı. Yenə də pulu vermədilər. Sonra Rövşən adlı bir şəxs Familə deyib ki, Şamaxıda neynirsən, gəl Bakıya pulunuzu verək. Mirzəgilin dediyinə görə, Rövşən generalın yaxın qohumudur. Famil Bakıya getdi, lakin yenə də pulu vermədilər. Artıq mən qəti əminəm ki, bu adamlar həmin generala arxayın olaraq dələduzluqla məşğuldur”.
Generalın kimliyinə gəlincə, sahibkar deyib: “Mənə dedilər ki, Akif adında generaldır. Sonra bildirdilər ki, bu Akif Çovdarovdur. Deyirlər ki, həbs olunmuşdu, artıq azadlığa buraxılıb. Amma mən bilən Akif Çovdarov hələ də həbsdədir. Bu şəxslər faktiki olaraq bu adama güvənirlər. Belə görünür ki, Akif Çovdarov və MTN-in digər cinayət törətmiş generalları həbs olunsa da, onların dəstə üzvləri hələ də iş başındadır”.
Şərif Ağalarov qəzetimiz vasitəsilə ölkə başçısı Ilham Əliyevə, baş prokuror Zakir Qaralova, daxili işlər naziri Ramil Usubova və daxili təhlükəsizlik xidmətinin rəisi Mədət Quliyevə müraciət edib: “Artıq dərəcədə xahiş edirəm ki, bu məsələ ciddi şəkildə araşdırılsın. Bizim banklara borcumuz var, həmin məbdəğ bizim üçün böyük puldur. Digər tərəfdən bu şəxslər məni təhdid edir. Təhlükəsizliyimə zəmanət istəyirəm”.
Polisin bu işə biganə yanaşması da kifayət qədər maraqlıdır. Hər halda Ramil Usubovun bu məsələnin ciddi araşdırılması üçün göstəriş verəcəyinə ümid edirik. Onu da qeyd edək ki, Şərif Ağalarov redaksiyamıza sənədlər, audio və fotofaktlar da təqdim edib.