Ölkədə manata inamsızlıq pik həddə çatdı; Devalvasiyanın 9-cu günü çörək bahalaşdı

31-12-2015, 09:50   
Ölkədə manata inamsızlıq pik həddə çatdı; Devalvasiyanın 9-cu günü çörək bahalaşdı
Rayonlardan Bakıya maşınlarla manat daşınır

Manatın dekabrın 21-də üzən kursa keçməsindən sonra bazarda başlayan təlaş dünən də davam edib. Yenə də valyutadəyişmə məntəqələrinin qarşısında uzun növbələr nəzərə çarpırdı. Yayılan söz-söhbətlərə görə, tezliklə 1 dolar 2 manata və daha yüksək səviyyələrə çıxacaqdır. Əhali gecikmədən pulunu dollara çevirməyə başlayıb, lakin bir çox banklar valyuta satışını dayandırdığından buna nail ola bilmirlər. Həmçinin, Mərkəzi Bank auksionda satışı azaltdığından banklarda dollar qıtlığı yaranıb.


“Əmanətçilərin pulu qaytarılmır”

Bir çox banklar, əmanətçilərin pullarını qaytarmaqda çətinlik çəkirlər. Məlumata görə, xarici valyutada olan əmanətlər sahiblərinə hissə-hissə geri ödənilir.

“Marca”nın əldə etdiyi məlumata görə, bankların regionlardakı filialları satışa dollar çatdıra bilmədiklərindən əhali paytaxta üz tutub. Həmçinin bankların filialları manatları Bakıya Baş ofislərinə maşın-maşın daşıyırlar.

“Bu dəqiqə ən böyük təhlükə rayonlardan manatın içi dolu maşınlar ilə Bakıya daşınmasıdır. Banklar, valyutadəyişmə məntəqələrini və filiallarını dollar ilə təmin etməkdə çətinlik çəkirlər”, – Bank sektorundan adının açıqlanmasını istəməyən mənbə bildirib.

Dollar 1 manat 80 qəpikdən satılır

Dollar qıtlığı olduğundan bəzi banklar dollar satışını dayandırıb. Bəzi banklar isə dünən 1 dolları 1 manat 70 qəpik və 1 manat 80 qəpikdən satıb. Dünən “Parabank” ASC 1 dolları 1. 54 manatdan alır və 1.80 manatdan satıb. Bankın müştəriləri dollarda olan borcunu 1.80 manat ilə ödəyirlər.

“Kart vasitəsilə valyuta çıxartmaqda çətinlik”

Dünəndən kommersiya banklarının hesabdan və plastik kart vasitəsilə valyuta çıxarmağa məhdudiyyət qoyduğu bildirilir.

Bir çox müştərilərin plastik kartla bankomatdan pul çıxarmaq cəhdi uğursuz olub. Yəni müştərilərə nağd valyuta verilməsində məhdudiyyət var. Bundan başqa, bir sıra banklarda pul çıxarılmasına limit qoyulub – 2 min dollar.

Bu, nağd valyuta qıtlığı ilə izah edilir. Banklardan bildirildi ki, hansısa məhdudiyyət yoxdur, sadəcə dollar az olduğundan tez qurtarır: “Hər bankomatda müəyən məbləğdə dollar olur. Bankomatda dollarda pul qurtardıqda müştəri növbəti günü gözləməlidir. Əhali kartında manatda olan pulunu dollarda çıxardır”.

“Azərsun”un tərkibinə daxil olan şirkət fəaliyyətini dayandırıb

Azərbaycanda aktivlərin idarə edilməsi fəaliyyəti ilə məşğul olan “Trust Asset Management” MMC ləğv olunub. Vergilər Nazirliyindən verilən məlumata görə, “Trust Asset Management” MMC ləğv olunduğunu elan edir.

Kreditorlar tələblərini Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti 94 ünvanına bildirə bilərlər.

Xatırladaq ki, “Trust Asset Management” MMC “Trust Asset Management” MMC 22 iyul 2014-cü il tarixində dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 500 min manat təşkil edən şirkətin rəsmi təmsilçisi, “Azersun Holding” MMC-nin baş direktoru Ahmet Yemandır.

31 oktyabr 2014-cü il tarixində ÿQiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən “Trust Asset Management” MMC-yə aktivlərin idarə olunması üzrə fəaliyyət ilə məşğul olmaq üçün müddətsiz yeni xüsusi razılıq (lisenziya) verilib. (apa)

Mərkəzi Bankdan 1000 dollar limiti

Mərkəzi Bank kommersiya banklarına məktub göndərib. Bank kommersiya banklarına valyuta satışını məhdudiyyət ilə bərpa etməyi tapşırıb.

Belə ki, məktub ilə banklara maksimum 1000 dollara qədər dollar satılması barədə göstəriş verilib.

Bundan başqa, Mərkəzi Bank, əhalinin dollara olan təlabatının bir hissəsini ödəmək üçün gündəlik hər banka 10 milyon dollaradək valyuta satacaqdır.

Binə Çörək Zavodu çörəyin qiymətini qaldırdı

Binə Çörək Zavoduna məxsus çörəyin qiyməti 10 qəpik artıb.ÿBu barədə Binə sakinləri məlumat verib. Sakinlər Binə ərazisində sözügedən zavoda məxsus çörəklərin 50 qəpiyə satıldığını bildiriblər. Məlumata görə, əvvəl çörəyin qiyməti 40 qəpik olduğu halda, bu gündən etibarən qiymət bahalaşıb.

Mağaza sahiblərinin verdikləri məlumata görə, çörəyin qiymətini Binə Çörək Zavodu artırıb. Zavod çörəyi əvvəl dükanlara 36 qəpikdən satırdısa, dünəndən 46 qəpiyə qaldırıb. Dükanlar da 46 qəpiyə aldıqları çörəyi 50 qəpiyə satırlar. (AzNews.az)

“Hökumət narahatdır”

Manatın məzənnəsində baş verənlərlə bağlı hökumətin narahatlıq keçirdiyi açıq görünür. Öelə ki, Iqtisadiyyat və Sənaye Nazirliyi və Baş Prokurorluq birgə tədbirlər planı təsdiq edib. Manatın məzənnəsində baş vermiş dəyişiklikdən istifadə edərək süni qiymət artımı, məqsədli mal qıtlığı yaradılması və digər sui-istifadə hallarının qarşısının alınması məqsədilə Iqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və Istehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti və Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş Idarəsi tərəfindən birgə Tədbirlər Planı təsdiq edilib.

Nazirliyin mətbuat xidmətindənÿverilən məlumata görə, Tədbirlər Planında neqativ halların qarşısının alınması məqsədilə birgə əməliyyat tədbirlərinin keçirilməsi, intensiv məlumat mübadiləsi, qanun pozuntusuna yol vermiş şəxslərin inzibati, intizam, mülki və cinayət məsuliyyətinə cəlb edilməsi nəzərdə tutulur. Eyni zamanda sahibkarlıq subyektləri ilə maarifləndirmə işlərinin təşkili də atılacaq addımlar sırasındadır.

“3-5 gündə ömür boyu qazanmadığı pulları qazandılar”

“Unibank”ın Idarə Heyətinin sədri Faiq Hüseynovun isə fikrincə, valyuta bazarında baş verənlər spekulyasiyadan başqa bir şey deyil. “Şayiələri spekulyasiya ilə məşğul olanlar yayır. Niyə? Bu, onlara sərf edir. Onlar son 3-5 gündə ömür boyu qazanmadığı pulları qazanıblar. Vəssalam! Mənim fikrimcə, təşvişə heç bir səbəb və əsas yoxdur”, deyə o vurğulayıb. (apa)

Ümidsiz borclar probemini necə həll etməli?

Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının sədri Qubad Ibadoğlu sonuncu devalvasiyadan sonra banklara və qeyri-bank kredit təşkilatlarına valyuta ilə borcu olanların probleminin çözülməsi istiqamətində təkliflər səsləndirib. Q.Ibadoğlu bu fikirlərini facebook səhifəsində paylaşıb: “Onlar çıxılmaz vəziyyətə düşüb. Bəzi borcalanlar problemini həll etmək üçün yenidən banklara üz tutur və digər banklar qarşısındakı öhdəliklərini başqa banklardan götürdükləri yeni kreditlər hesabına həll etməyə çalışırlar. Əslində ödəmə qabliyyəti pis olanlara və ya olmayanlara banklar tərəfindən təkrar kredit verilməsi problemin müvəqqəti həllinə xidmət edir və nəticəni dəyişmir. Odur ki, xarici valyuta ilə, əsasən də dollarla olan kreditlərin geri qaytarılmasında yaradılmış problemin həlli üçün aşağıdakı təklifləri təqdim edirəm.

– 1 yanvar 2016-cı ildən başlayaraq dollarla və digər xarici valyuta ilə olan kreditlər yalnız valyuta gəlirləri olan müəssisə və təşkilatlara onların maliyyə fəaliyyətinin nəticələrini əsk etdirən hesabatları əsasında, il və ya rüb ərzində qazandığı valyuta gəlirlərinə müvafiq məbləğdə verilsin.

– 1 yanvar 2016-ci ildən Mərkəzi Bank nəzdində “Şübhəli və ümidsiz borclar üzrə Agentlik” yaradılsın. Bu agentlik kommersiya bankların və qeyri-bank kredit təşkilatlarının məzənnə fərqindən yaranmış xərclərini örtmək üçün vəsaitlə təmin edilsin. Banklar gələn ildən başlayaraq valyuta ilə olan kreditlər üzrə müştərilərlə hesablamaşmalar aparan zaman kreditin ayrılma tarixi ilə borcun ödənilməsi tarixi arasında yaranmış məzənnə fərqini ayrıca xərc maddəsi kimi hesablayaraq onun ödənilməsi üçün Mərkəzi Bankın müvafiq agentliyinə müraciət etsinlər. Mərkəzi Bankın müvafiq Agentliyi də öz növbəsində müraciətin əsaslı olmasını yoxladıqdan sonra xüsusi resursları hesabına həmin xərcin maliiyyələşdirilməsi üçün xətt açsınlar.

– Parlament yaz sesiyasında “Fiziki şəxslərin (vətəndaşların) müsflişməsi” haqqında ayrıca qanun qəbul etsin. Mövcud qanunvericilikdə işlədilən “borclu” anlayışı həm borclu müəssisələrə, həm də fərdi borclulara aid edilsə də bu qanun fiziki şəxslərə (vətəndaşlara) özlərini müflis elan edib onu rəsmişədirmək hüququ vermir. Təklif edirəm ki, fiziki şəxslərə (vətəndaşlara) da belə bir hüquq şamil olunsun və borcu olan, onu qaytarmaq qabiliyyətinə malik olmayan fiziki şəxslər özlərini müflis edib, ərizəsini və müvafiq sənərlərini məhkəməyə təqdim etsinlər. Məhkəmələrdə fiziki şəxslərin borclarının yenidən struktirlaşması planı və onların ödəmə qabiliyyətinin vəziyyəti əsasında, dəbbə pulları (cərimə, penya) saxlanılmaqla onlara 3 ilədən 5 ilədək kredit tətilləri verillsin. Beləliklə də məhkəmlərin qərarı ilə müflis hesab edilən vətəndaşlar borc aldıqları banklara müraciət edə və öhdəliklərinin müəyyən dövrdə dayandırılmasına nail ola bilər. Bu zaman fərdin borclarının yenidən strukturlaşması planının hazırlanması və məhkəmə prosedurları üzrə yarannmış xərclərin dövlət tərəfindən qarşılanması problemin həllinə töhfə olardı.

Bütün bu təklifin reallaşması “parnik banklar”ı da düşdüyü böhranlı vəziyyətdən çıxara və vətəndaşlarla banklar arasında yaranmış münasibətlərin gərginliyini və eyni zamanda gələcəkdə belə halların baş verməsi ehtimalını azalda bilər”.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar