ANS kiminlə döyüşür?

4-01-2016, 20:51   
ANS kiminlə döyüşür?
Zümrüd Yağmur

ANS-in rəhbəri Vahid Naxış elə eyni adlı kanalda manatın zəifliyinin fəzilətindən çıxış edibmiş. Düzünü deyim ki, izləməmişdim, fürsətim olmamışdı. Amma bu “məşhur çıxış” haqqında necə deyərlər, sosial şəbəkələrdə deyimləri, “aforizmləri” hətta “lətifələri” çox oxumuşdum. Nəhayət, çıxışı keçən gün izləmə fürsətim oldu.

Anlamaq üçün iki dəfə dinlədim, xüsusən də o yapon yeni ilə bağlı hissəni… Vahid Naxışın iqtisadi “dühasına” və devalvasiyaya vurduğ naxışın rəngarəngliyinə heyrət etməmək mümkün deyildi doğrusu…


Amma nə etdimsə, bu naxışlardan bir şey anlaya bilmədim. Görəsən Vahid Naxış, yumşaq desək, özü özünü anladımı?

Deyir ki, milil valyutanın güclü olması yaxşı deyil. Sonra da güya sözünü qüvvətləndirmək üçün əlavə edir ki, ikinci dünya savaşından sonra Yaponiyanın mili valyutası zəif idi, amma indi elə güclənib ki, onunla ayda iki dəfə Amerikanı gəzmək olar.

İlahi, bunlar haraları ilə düşünürlər?

Yapon yeni heç də güclü filan deyil. Bir dollar 120.63 yendir. Amma Yaponiya yaşayış səviyyəsinə görə ABŞ-la baş başadır. Niyə? Çünki büdcəsi kimonolardan və ya karate filmlərdən asılı deyil, özünün də daxili istehsalı var. Heç Yaponiyada Vahid Naxış kimi tv rəhbərləri də yoxdur, olsaydı, Yaponiya da Azərbaycanın günündə olardı.

Anladıq, sən “böyüksən”, alnımıza döyüş yazan kanalın rəhbərisən, hər il “yuxarıdan” birini ilin adamı elan edib ətrafını möhkəmləndirmisən, amma özünü iqtisadiyyat üzrə mütəxəssis kimi göstərib, bu çıxışı şəxsinə rəva görmək nəydi? Yoxsa, hesab edirsən ki, avam camaatdır, nə desəz həzm edəcək?!

Əslində, normal ölkə, işlək məhkəmə sistemi olaydı, Vahid Naxış və onun kimilərini mənəvi təzminat üçün məhkəməyə vermək olardı. Amma nə ölkə o ölkədir, nə də məhkəməsi məhkəmə…

Bunu qoyaq bir yana və gələk bütünlükdə ANS-in özünə. Bu kanalın adı son vaxtlar yaman gündəmdədir. Bundan əvvəl də ABŞ-a göndərdiyi müxbir Qənirə Ataşova bilmədiyi dildə Azərbaycan həqiqətlərini dilə gətimək istəmişdi. Sosial medianın bu olayla bağlı tənqidləri qarşısında kanalın rəhbərliyi səviyyəsində “qətiyyətlə” müdafiə olunan xanım müxbir daha sonra riqqətə gələrək, politoloqluğa baş vurdu və ABŞ Konqresindəki Azərbaycan hakimiyyətinə sanksiyaları nəzərdə tutan qanun layihəsinin erməni işi olduğunu elan etdi.

Deyə bilərsiniz ki, niyə təkçə bu kanal?.. Vallah mənim heç bir kanala qərəzim yoxdur. Düzünü bilmək istəyirsinizsə, heç bir yerli kanalı da izləmirəm.

Amma ANS-in hikkə və “vicdanlı, qərəzsiz və tərəfsiz” xəbərçilik iddiasını görəndə adam bir az qıçıqlanır. Axı hər şey öz həcmində yaxşıdır. Ən yararlı nəsnə də həcmindən daşıb tökülürsə, xarab olub deməkdir.

O biri kanallar olduqları halla razılaşıb oturublar. Onların nə Elgiz kimi “iqtisadçı aparıçısı”, nə də Yapon yenindən piyada keçidinə keçid edə biləcək qədər böyük “qabiliyyətə” sahib olan rəhbəri var. Hələ təyyarə biletlərinin qiymətinin qalxması ilə insanlarımızn sayahət etmə istəyinin “fəlsəfi-psixoloji” izahını demirəm…

Bu kanal illərdir ki, “döyüş alnınıza yazılıb” deyib durub. Əvvəllər anlamırdım, axı bunlar bu devizlə kimin üzərinə gedirlər? İndi başa düşdüm ki, həqiqətlə savaşırlar. Bir də… təkrar dönüb baxdım Vahid Naxışın çıxışına, orda əlini yəqin ki, gülməmək üçün ağzına tutub, içindəki qəhqəhə ilə savaşan Eldəniz Elgünə, Qənirə Ataşovanın danışdığı yalanın böyüklüyünə və dedim, ey dili qafil, bunlar həm də öz içlərindəki vicdanla döyüşürlər…

Nə isə…

İçimdən böyük bir ağrı keçir.

Çingiz Mustafayev bu sayaq “alına yazılan döyüş” üçünmü həyatından vaz kecdi əcaba?
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar