Milli Şura sədri Cəmil Həsənli maliyyə çatışmazlığı ucbatından dövlət idarələrində yaranan maaş böhranından yazıb:
“Dostlar! Bir sıra nazirliklər, idarə və müəssisələr böhran ucbatından dekabr ayının paketlərin verə bilməyiblər. Məmuriyyət əhli panika içindədir. 230-250 manat rəsmi əmək haqqı alan orta məmur təbəqəsi hər ay təxminən 800-1000 manat arası paket alırdı. İndi paketlərin dayanması çoxlarını düşünməyə vadar edir ki, əcəba bu maşa görə mən niyə rejimin cinayətlərinə şərik olmalıyam. Təxminən 10-15 ildir ölkənin idarə və müəssisələrində az qala rəsmi xarakter alan bu paket pullarının mənbəyi haradandır? Əlbəttə ki, ölkəni sarmaşıq kimi cənginə alan korrupsiyadan. Əslində, ölkənin məmur təbəqəsini daim qorxu altında saxlayan, onu rejimin cinayət ortağına çevirən paket vəsaiti məmura rəsmi qaydada halal əmək haqqı kimi verilməlidir. Bunlar yolun düzünü də əyri formada getməyə adətkərdə olublar. Yeritdikləri siyasətin nəticəsidir ki, 2015-ci ilin ikinci yarısında ölkədə bağlanan şirkət, biznes qurumları, iş yerləri, QHT-lərin sayı açılan vergi subyektlərinin sayından qat-qat çoxdur. Yuxarıdan göstərilən təzyiq nəticəsində büdcəni doldurmaq üçün əcaib vasitələrə əl atırlar. Biri yol polisi xidməti ilə əlaqəyə girib nəqliyyat vasitələri sahiblərinə yağınsöndürmə balonları satır, digəri araq və spirtli içkilərin bank kartları vasitəsi ilə satışını tətbiq edir, üçüncü birisi, maşınların yolda dayanarkən qəza durcaq nişanlarının istifadə etmələrinin nəzəri faydalılığın əsaslandırır. Eyni marketdə müxtəlif istehlak malları satılır. Axı necə ola bilər ki, müştəri onun birini kartla alsın, yerdə qalanını nağd. Bu eybəcərlik harada görünüb? Belə eybəcər üsulla büdcəyə pul yığmaq istəyirlər. Çünki kartla olan ödənişlər hesabata düşür. Böyük marketlər özlərinindir. Hələ ki, hər şeyi hesaba salmaq, rəsmiləşdirmək istəmirlər. Hələlik, halalaşma yoluna araqdan başlayıblar. Allah axırın xeyir eləsin. Kim bu ölkədə maşınlara yağnğınsöndürmə balonların qoymağı təklif edibsə arif adamdır. Ölkə barıt çəlləyinə bənzəyir. Kiçik bir qığılcım məmləkət od tutub alışması üçün yetərlidir. Bax, onda bu balonlar həqiqətən gərəkli olacaq. Amma nə qədər gec deyil həmin balonlardan peşəkarlıqla istifadə qaydaları da millətə öyrədilməlidir. Bunun üçün balonlu nəqliyyat vasitələri sahiblərinə FHN-də 4-6 həftəlik pullu kursların təşkil edilməsi yerinə düşər. Yanğın təhlükəsi artan, oda meylli məmləkətlər üçün bunun praktiki əhəmiyyəti böyükdür. Vaxtilə, dahi Mirzə Cəlil “Molla Nəsrəddin” jurnalında dövlət qulluğuna gedən azərbaycanlılar üçün 4 zəruri meyar müəyyənləşdirmişdi. Bunların birincisi adamın yaşının 60-dan yuxarı olması, ikincisi, təzə rüşvət yerləri aşkarlamaqda fitri istedad sahibi olması, üçüncüsü, aldığı rüşvəti insaf və ədalət meyarı ilə özündən yuxarılarla bölməyi bacarması, dördüncüsü isə oxuyub yazmamaqda daş kimi möhkəm olmasından ibarət idi”.