ABŞ Konqresinin tətildən qayıtdıqdan sonra Helsinki Komissiyasının rəhbəri Kristofer Smitin “Azərbaycanda Demokratiya Aktı-2015” qanun layihəsini müzakirəyə çıxaracağı gözlənilir.
Əgər bu sənəd Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsində qəbul olunarsa, insan haqlarının pozulmasına və siyasi məhbuslar probleminə görə Azərbaycana qarşı sanksiyalar tətbiq etmək üçün Maliyyə və Hüquq Komitəsinə müraciət ediləcək. Dünya Azərbaycanlılarının Həmrəlik günü və Yeni il bayramında siyasi məhbusların azadlığa buraxılmaması sanksiyaları reallaşdırmaq üçün ciddi əsas yaradıb. Ona görə də qarşıdakı günlərdə ABŞ-Azərbaycan münasibətlərində siyasi gərginliyin bir qədər də artması ehtimalı var. Bütün bu məslələrə dair Cebhe.info-nun suallarını Helsinki Vətəndaş Assambleyasının Azərbaycan Milli Komitəsinin rəhbəri Arzu Abdullayeva cavablandırıb. Arzu Abdullayeva öncə prezident İlahm Əliyevin ABŞ-a dəvət edilməsinə münasibət bildirib:
- Məlumdur ki, ABŞ prezidenti Barak Obama prezident İlham Əliyevi Vaşinqtona dəvət edib. Mənim fikrimcə, onlar sanksiyaların tətbiqindən əvvəl razılığa gəlməyin formasını tapmaq üçün qarşılıqlı müzakirə aparmağa çalışacaqlar. Yəni hər şey bu görüşdən asılıdr. Onu da deyək ki, hazırda Rusiyanın Azərbaycana, eləcə də ölkə rəhbərliyinə böyük təsiri var. Azərbaycan sanki Rusiyanın girovuna çevrilib. İndi ABŞ və Rusiya arasında faydalı yol seçmək çox çətindir. Ancaq vətəndaş cəmiyyəti olaraq, tövsiyə və arzu edərdim ki, belə çətin durumda öz xalqına arxalanmaq daha faydalı və vacibdir. Xalq iqtisadi baxımdan çox pis vəziyyətdədir. Azərbaycan iqtisadiyyatı, neftdən asılı olan digər ölkələr neftin qiymətinin süni şəkildə aşağı salınmasından çox pis vəziyyətə düşüb. Ona görə də iqtisadiyyatı axsayan ölkələr müəyyən çıxış yolu tapmalıdır. Azərbaycan üçün bu çıxış yolu ilk növbədə siyasi məhbusların azadlığa buraxılması ola bilər. Bu, çox yaxşı addım olardı və ölkə daxilində milli barışığa gətirib çıxarardı. Azərbaycan prezdentinin siyasi məhbusları azadlığa buraxıb sonra ABŞ-a səfər etməsi çox böyük uğurlu gediş olardı.
- Burada bir fərqli məqam var ki, növbəti əfv fərmanının Novruz bayramında olacağı ehtimal edilir. Azərbaycan prezidenti də ABŞ-a martın 31-də gedəcək. Bu baxımdan, görüşlərdə siyasi məhbus probleminin həllinə dair razılaşmanın əldə olunması gec deyilmi?
- Mən də onu deyirəm ki, yaxşı olardı siyasi məhbuslar prezidentin ABŞ-a səfərindən öncə azad edilsin. Yəni ABŞ-ın diktəsi ilə deyil, prezidentin öz təşəbbüsü ilə baş versin. Bu baxımdan, Novruz bayramı yaxşı fürsətdir. İkincisi, sosial siyasətdə mühüm addımlar atılmalıdır. Bu il çox ağır iqtisadi problemlər yaşayacağıq. Hökumət vətəndaşlara nə vəd etdiyini göstərməlidir. Bu iki amil çox vacibdir. Bunu sırf ABŞ-la bağlamağa da ehtiyac yoxdur. Siyasi məhbusların arasında tam günahsız adamlar var. Sifarişlə həbs olunanlar azad olunmalıdır. MTN-də baş verən hadisələrdən sonra məlum oldu ki, bu ölkədə ən böyük düşmənlər kimlər imiş. Vətəndaş cəmiyyəti fəallarının əlində hansı imkanlar var idi ki, çevriliş etin? Bir nəfərin əlində 100 min pul olsun. Bu qədər vəsaitlə inqilab etmək olardı? Bu ağlabatan məsələ deyildi. Həmin ittihamların hamısı saxta idi.
- Vətəndaş cəmiyyətinin məhv edilməsində MTN rəhbərliyi də maraqlı olub?
- Əlbəttə, bu məqsədyönlü siyasət idi. MTN rəhbərliyinin hansı qüvvələrə işlədiyini qoy hüquq-mühafizə orqanları özləri araşdırsın. Bizim əlimizdə konkret materiallar yoxdur. Bu nümayişkaranə həbslər, döyülmə, qətllər kimə sərf edirdi? Azərbaycana sərfəli deyildi. Hətta prezidentin özünə də sərfəli deyildi. Azərbaycanı dünyada biabır etmək kimin marağında olub? Bütün bunların da həmişə ucu gəlib çıxırdı milli təhlükəsizlik nazirinə. Mən də həmişə fikirləşirdim ki, Eldar Mahmudovun burada görəsən nə marağı var? Axı o prezidentin yaxın dostudur. Ancaq tarix özü hər şeyi üzə çıxartdı. Ona görə də həmin günahsız, şərlənmiş insanları həbsdə saxlamağın nə mənası var? Ona görə də biz uşaq inadkarlığından imtina etməli və siyasi məhbusları azadlığa buraxmalıyıq.
- Azərbaycan hakimiyyəti konqresmen Deyv Şustermanın müəllifliyi ilə Kris Smitin təqdim etdiyi qanun layihəsi əleyhinə petisiya təşkil edib. Bu petisiya “Azərbaycanda Demokratiya Aktı” nın Konqresdə müzakirəsinin və sanksiyalarla bağlı qərarların qarşısını ala biləcəkmi?
- Mənə elə gəlir ki, bunun təsiri olacaq. Ancaq bu nəticə müsbət də ola bilər. Belə olmasaydı, Barak Obama Azərbaycan prezidentini ABŞ-a dəvət etməzdi. Deməli, anlaşma üçün hansısa bir əl yeri qoyublar.
- Hesab edirsiniz ki, diplomatik imkanlar hələ tükənməyib?
- Bəli, tükənməyib. Azərbaycan da bu şansdan ağıllı istifadə etməlidir. Sanksiyalar olarsa, bu, Azərbaycan üçün ağrılı nəticələr verəcək. Onsuz da Azərbaycanın iqtisadi durumu ağırdır. Sanksiyalar tətbiq edilsə, vəziyyət daha da çətinləşəcək.
- ABŞ-ın Azərbaycandakı sabiq səfiri Riçard Kozlariç deyib ki, Azərbaycan hakimiyyəti Kris Smitin sanksiyalar təklifindən daha çox senator Kardin təklif etdiyi “Qlobal Maqnitski” layihəsindən qorxmalıdır. Sizcə, “Qlobal Maqnitski” Aktı qəbul edilsə, bunun Azərbaycana təsiri nədən ibarət olacaq?
- Riçard Kozlariç çox ağıllı diplomatdır. O, Azərbaycandakı prosesləri həmişə diqqətdə saxlayır və vəziyyəti yaxşı bilir. Bizdən də soruşsalar, “Qlobal Maqnitski Aktı”nın Azərbaycana tətbiq olunmasını istəyərdinizmi?” “Yox” cavabı verərdik. Çünki bundan xalq əziyyət çəkəcək. Ancaq bu sanksiyaların ayrı-ayrı məmurlara tətbiqi yaxşı olardı. Çünki sifarişlə günahsız insanlar barəsində həbs qərarı çıxaranlar başa düşməlidirlər ki, onların da barəsində sanksiyalar çıxarıla bilər. Çalışacaqlar Azərbaycan xalqının və vətəndaş cəmiyyətinin qarşısında günahkar olanlar siyahıya düşsün.
- Deyirsiniz yəni məsələ Konqresdə müzakirəyə çıxarılsa, bir sıra vəzifəli şəxslərə qarşı sanksiyalar tətbiq ediləcək?
- Bəli, olacaq.
- Konkret olaraq kimlərə sanksiya şamil edilə bilər?
- Ən böyük korrupsionerlər, istintaqı aparan müstəntiqlər, prokurorlar, rüşvətə görə ədalətsiz qərar çıxaran hakimlər sanksiyalara məruz qalacaqlar. Məsələn, götürək Cərulla Nəsrullayevin işini. Halbuki, o adam siyasi məhbus deyil. Onu sifarişlə həbs ediblər. Cərulla Nəsrullayev nüfuzlu, mərhəmətli, camaata əl tutan iş adamı olub. Hansısa bir dələduz öz imkanlarından istifadə edərək onu həbs etdirib. Çox təəssüf ki, hakim də ona prokurorun istədiyi müddətdən artıq cəza kəsib. Ona görə ki, hakim Nəsrullayevin ailəsindən rüşvət istəyib, onlar da rüşvəti verə bilməyib. Hələ də hakimin ədalətsizliyi ucbatından o adam həbsdədir və biz hüquq müdafiəçiləri onun azadlığa çıxmasına nail ola bilmirik.
- Qarşıdan AŞ PA-nın yanvar sessiyası gəlir. Azərbaycanda siyasi məhbuslar məsələsi bu sessiyada müzakirəyə çıxarılacaqmı və Azərbaycana qarşı hər hansı sanksiyalaşdırıcı qərarlar çıxarıla bilərmi?
- Mən bilmirəm ki, bu məsələ gündəliyə salınıb, yoxsa yox. Çünki gündəlikdəki məsələlər əvvəlcədən müəyyən olunur. Hesab edirəm ki, bu məsələ AŞ PA-nın qış sessiyasında gözlənilmir. Onlar ABŞ-la Azərbaycan arasındakı dialoqun nəticəsini gözləyəcəklər və buna uyğun olaraq məsələ yaz sessiyasında müzakirəyə çıxarıla bilər.
Müşfiq Abdulla cebhe.info