“MTN işi” ilə bağlı araşdırmaların haraya qədər gedəcəyi məlum olmasa da, artıq bir çox məmurların və iş adamlarının bu səbəbdən səksəkədə olması barədə çeşidli məlumatlar yayılmaqda davam edir.
Eldar Mahmudovun cinayətkar bandası ilə hər hansı bir əlaqəsi olan şəxslər cəzalandırılacağından qorxuya düşüblər. Məlumata görə, Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin (AzTV) sədri Arif Alışanov da “MTN işi” ilə bağlı gedən araşdırmalardan narahatdır. Belə ki, “MTN işi” ilə bağlı araşdırmaların gec-tez ona da çatacağını bilir.
Qeyd edək ki, Eldar Mahmudovun Alışanova himayədarlıq edən böyük vəzifə sahibləri ilə münasibətlərinin yaxşı olmadığını əksər adamlar bilirdi. Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevlə Mahmudovun münasibətləri “soyuq müharibə” səviyyəsində idi. Tərəflər arasında gərginlik mədiada da əksini tapırdı. Bütün bunların fonunda isə Alışanov AzTV-ni ona “hədiyyə” edən Ramiz Mehdiyevə dönük çıxaraq sabiq MTN şefi ilə “əməkdaşlıq” etdiyi də yayılan məlumatlar sırasındadır. Məlumata görə, Arif Alışanovla sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudov arasında münasibətlər şərikli biznesə qədər irəliləyibmiş…
Eldar Mahmudov hakimiyyət daxilində əsas rəqibi olan Mehdiyev qruplaşmasını sıradan çıxarmaq üçün bir çox uğurlu həmlələr edə bilib. Bu həmlələrdən biri də Arif Alışanovun Mehdiyevin təsirindən çıxaraq “öz adamı” etmək planı olub. Yüksək peşəkarlıqla hazırlanan planın həyata keçirilməsi nəticəsində Prezidetin şəxsi mühafizə xidmətini rəisi Bəylər Eyyubov və PA rəhbəri Ramiz Mehdiyevə yaxın olan AzTV sədri Mahmudova “təslim” olur. Bundan sonra Eldar Mahmudov Arif Alışanov üzərindən Ramiz Mehdiyevin bütün oyunlarından vaxtında xəbər tuta bilib və əks-həmlələr edib. Xüsusi ilə son illər Mehdiyev qruplaşmasının klanlararası mübarizədə sürətlə geri çəkilməsinin səbəbi də bu olub. Bu prosesdə sabiq MTN rəhbərinin əldə etdiyi informasiyalar həlledici əhəmiyyət daşıyıb.
Eldar Mahmudovun Arif Alışanovla “işbirliyi” çərçivəsində nəinki Ramiz Mehdiyevin, habelə Bəylər Eyyubovun da müəyyən işlərindən xəbəri olub.
Arif Alışanovun Ramiz Mehdiyevin kürəkəni, millət vəkili İlham Əliyevlə şərikli biznesi var. Şübhə yoxdur ki, MTN rəhbəri Alışanov vasitəsi ilə Ramiz Mehdiyevin kürəkənini “kontrol” altında saxlayıbmış.
Arif Alışanovla Eldar Mahmudovun əlaqələrindən çox az adamın məlumatı olub. Belə ki, Arif Alışanovla Mahmudovun xaricdə şərikli biznesə başlamasından sonra AzTV sədrinin yaxın adamları bundan xəbər tuta bilib. Mənbə iddia edir ki, Mahmudovun Alışanovla Qazaxıstanda şərikli tikinti biznesi var.
Məlumatlarda iddia olunur ki, Eldar Mahmudovun ölkədə çevriliş etmək planında AzTV-nin imkanlarından istifadə nəzərdə tutulubmuş. Sabiq MTN rəhbəri Alışanovla münasibətlərindən istifadə edərən adamlarını AzTV-nin mühüm postlarına yerləşdirdiyi də bizə çatan məlumatlar sırasındadır…