Köhnə qəbirlər sökülərək əraziləri satılır "Qurd qapısı" qəbirstanlığında köhnə qəbirlər sökülərək əraziləri satılır. Bu məlumat bir müddət əvvəl redaksiyamıza daxil olmuşdu. Lakin araşdırma aparmadan belə bir məlumatı dərc etmək istədik. Bu günlərdə isə sözügedən qəbirstanlıqda olduq və bəlli oldu ki, redaksiyamıza daxil olan melumat heç də əsassız deyilmiş. Həqiqətən də "Qurd qapısı" qəbirstanlığında köhnə qəbirlər sökülərək əraziləri baha qiymətə satılır. Xüsusilə rus və yəhudi qəbirləri gəlir mənbəyinə çevrilib. Qəbirstanlıqda onlarla rus və yəhudi qəbirlərinin söküldüyünü görmək olar. Orada olarkən öyrəndik ki, bəzi sökülən qəbirlərin ərazisi hasarlanaraq satılır. Bu halda qəbirlərin yerləri daha baha qiymətə satılır. Məlumat üçün deyək ki, paytaxtda qəbirstanlıqlara cavabdeh təşkilat Bakı Şəhər İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfatı Departamentinin Əhaliyə Vətəndaşlıq Xidməti Trestidir. Bu qurumun rəhbəri isə Cavanşir Tağıyevdir. "Qurd qapısı" qəbirstanlığında baş verənlərin birbaşa bu şəxsin nəzarəti altında həyata keçirildiyi bildirilir. Elə bu səbəbdəndir ki, Cavanşir Tağıyev dəbdəbəli evlərə və maşınlara sahibdir. İddia olunur ki, bu yaxınlarda o, qiyməti 200 min dollara yaxın olan xarici markalı avtomobil alıb. Həmin avtomobilin təkcə dövlət nömrə nişanına 10 min manat pul verilib. Lakin deyəsən, Cavanşir Tağıyev "Qurd qapısı" qəbirstanlığında baş verənlərin hətta diplomatik qalmaqala səbəb ola biləcəyinin fərqində deyil. Bir daha qeyd edək ki, daha çox sökülən rus və yəhudi qəbirləridir ki, bu məsələ ciddi qalmaqala səbəb ola bilər. Doğrudur, bəzən sökülən qəbirlər erməni qəbirləri kimi qələmə verilir. Lakin "Qurd qapısı" qəbirstanlığında erməni qəbirləri ya ümumiyyətlə yoxdur, ya da çox azdır. Prezident İlham Əliyev dəfələrlə çıxışlarında Azərbaycanın tolerant ölkə olduğunu vurğulayıb. Təbii ki, Prezidentin sözlərində həqiqət payı var. Azərbaycan həqiqətən də dünyada en tolerant ölkələrdən biridir. Lakin Cavanşir Tağıyev kimi məmurların əməlləri ölkəmizin bu imicinə ciddi zərbə vura bilər.