Son günlər mediada və sosial şəbəkələrdə regionlardakı etiraz aksiyalarıyla bağlı həyəcanlı xəbərlər paylaşılır.
Bəs, görəsən bu aksiyaları yaradan səbəblər nədir və etiraz dalğası ölkəni hara aparır?
Moderator.az-ın suallarını cavablandıran iqtisadçı ekspert fikrincə, hələlik aksiyaların tələbi bahalaşma və gəlirlərin aşağı olması ilə bağlıdır, belə vəziyyətdə hər hansı qarşıdurmaya getmək olmaz.
Bununla belə Elçin Qurbanov ölkənin perspektivinin xeyli qaranlıq olduğuna inanır:
“Əlbəttə ki, etiraz dalğasının növbəti tələbi siyasi hakimiyyətin istefası ola bilər. Ölkə hələlik buna hazır deyil. Hadisələrin belə sərt şəkildə inkişaf etməsinin əsas səbəbi burada reallaşan iqtisadi böhran elementlərinin olduqca təhlükəli olmasıdır. Ona görə ki, inflyasiya ilə paralel əhalinin pul gəlirləri də azalır. Adətən, əhalinin artan pul gəlirləri inflyasiya dərəcəsini kompensasiya etməyəndə sosial durğunluq və narazılıq yaranır. Bizdə isə qiymətlərin artımı bir yana, hələ pul gəlirləri də azalır. Bu sosial partlayış deməkdir.
Mən ona görə də dövlətin dərhal genişləndirici fiskal siyasət həyata keçirməsini təklif etmişəm. Böhran dövrünə xarakterik olaraq indiki şəraitdə dövlət hökmən borclanmaya getməlidir. O ki qaldı Mərkəzi Bankın yürütdüyü siyasətə, o, demək olar ki, fəaliyyətsiz qiytmətləndirilməlidir. Ümumiyyətlə, banklar bu gün işbazlıqla məşğul olsalar da, sistem kimi özünün tənəzzül dövrünü yaşayırlar.
Mərkəzi Bank tədavül üçün nəzərdə tutulmuş pul kütləsinin miqdarına və faiz dərəcələrinə yenidən baxmalıdır. Bu hər bir saat üçün əhəmiyyətlidir. Hesab edirəm ki, vaxt çox dar çərçivədir. Hakimiyyət nəyin bahasına olursa olsun ölkədə iqtisadi sabitliyin bərpası üçün əməli tədbirlər görməlidir.
Mənim üçün bir qədər maraqlı olan odur ki, MTN nazirinin və digər dövlətə xəyanətdə təqsirli bilinən şəxslərə məxsus tonlarla xarici və milli valyuta müsadirə olundu. Həmin pullar hara yönəldildi? Məncə milyardla ölçülən oğurlanmış pul vəsaitindən mövcud iqtisadi vəziyyətə təsir etmək mümkündür. Əgər reallıq müstəvisindən yanaşsaq, bu günə kimi narazılıq sensorları gizlədilməsəydi bu gün problem sosial partlayış təhlükəsi həcmində cərəyan etməzdi. Hesab edirəm ki, insanların təbii və Konstitusiya hüquqlarını məhdudlaşdırmaq lazım deyil. Qarşıdurma daha qorxunc nəticələrə apara bilər. Yarana biləcək vəziyyət sarsımış ərəb ölkələrindən heç nəyi ilə fərqlənməyə bilər. Əksinə, narazılıqlara dair vəziyyəti düzgün qiymətləndirməli və təxirəsalınmaz tədbirlər görülməlidir.
Bütün bunlara rəğmən istəməzdim ki,sərhəddə də gərginlik artsın. Bu vəziyyəti neytrallıqdan tamamilə kənarlaşdıracaq və daha kəskin gərginliyə sürükləyəcək. Başqa bir şey deyə bilmərəm”.