Rəsmi qurumlar etirazçıları ekstremist, deputat sərxoş, icra başçısı isə alkaş və narkoman adlandırdı

15-01-2016, 10:28   
Rəsmi qurumlar etirazçıları ekstremist, deputat sərxoş, icra başçısı isə alkaş və narkoman adlandırdı

Rayonlarda başlanan etiraz aksiyalarına hətta hakimiyyətyönlü deputatlar da haqq qazandırdı. Konkret olaraq deputat Zahid Oruc etirazçıların haqlı olduğunu deyərək, hökuməti sərt tənqid etdi. Digər tərəfdən bu aksiyalar birmənalı olaraq sosial xarakter daşıyırdı və hətta hökumət nümayəndələri bunu danmırdı. Lakin deyəsən artıq valı dəyişiblər.

Ilk olaraq sadə vətəndaşların sosial tələblərlə keçirdiyi aksiyaları Baş Prokurorluq və DIN siyasiləşdirdi. Adıçəkilən qurumların birgə bəyanatında guya bu aksiyaların AXCP və Müsavat tərəfindən təşkil olunduğu iddia edildi. Bundan başqa Baş Prokurorluq və DIN aksiyaçıları “ekstermist”, “destruktiv qüvvələr” adlandırmaqla sadə vətəndaşları aşağılamaqdan da çəkinmədi.


Dünən isə deputat Tahir Süleymanov Siyəzəndə etiraza çıxanları təhqir edib. Deputat APA-ya açıqlamasında əvvəlcə iddia edib ki, guya aksiyanı AXCP təşkil edib. Daha sonra isə o, etirazçıların sərxoş olduğunu bildirib: “Burada bir qrup AXCP-dən, Müsavatdan olan şəxslər var ki, son devalvasiyadan istifadə edib, rayonda təxribat yaratmaq istədilər ki, hazırda onlar saxlanılıblar. Saxlanılan yeniyetmələr də etiraf ediblər ki, içkili olublar və həmin şəxslər tərəfindən öyrədiliblər”.

DIN və Baş Prokurorluqla məsələ aydındır. Hər iki qurum hakimiyyətin cəza aparatı kimi fəaliyyət göstərir. Tahir Süleymanova gəlincə, müğənni Elza Seyidcahanla ciddi problemləri bu şəxs, elə yanvarın 13-də həmkarı Fəzail Ağamalı tərəfindən sərt tənqid edilib. Un biznesi ilə məşğul olan Tahir Süleymanov həmkarı tərəfindən qiymətləri qaldırmaqda ittiham olunmuşdu. Görünür, bundan qorxuya düşən Tahir Süleymanov AXCP və Müsavatı ittiham etməklə vəziyyətdən çıxmağa çalışır. Yeri gəlmişkən, un biznesi ilə məşğul olan Tahir Süleymanov həm də restoran sahibidir. Şabranda Rayon Icra Hakimiyyətinin binası ilə yanaşı olan, nəvəsinin adını daşıyan “Günel” restoranı bu deputata məxsusdur.

Cəbrayılın icra başçısı Mahmud Quliyev isə bu rayondan olan və Biləsuvarda aksiya keçirən bir qrup məcburi köçkünü təhqir edib. O, sakinlərin tələblərini dinləməkdənsə, onları küçə söyüşlərinə “qonaq edib”.

Ölkə başçısı Ilham Əliyev dəfələrlə çıxışlarında məmurların qudurlağına diqqət çəkib, onlara xəbərdarlıq edib. Ona görə də indi hər kəsin Ilham Əliyevin bu şəxsləri cəzalandıracağını gözləmək haqqı var. Əks təqdirdə məlum olacaq ki, Ilham Əliyev də bu şəxslərlə eyni mövqedədir.

İnformasiya şöbəsi
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar