Zonda rəhbərlik özünü “qanundan kənar elan” edib?
Daim gərgin xəbərləri ilə fərqlənən Ədliyyə nazirliyinin 17 saylı cəzaçəkmə müəssisəsindən redaksiyamıza yenə də narahatlıq dolu xəbərlər daxil olub. Bildirilir ki, bu müəssisə ümumi rejimli olsa da, dustaqlara xüsusi rejim tətbiq edirlər. Məsələn, dustaqlar açıq havaya saatla çıxarılır, onların kitabxanadan və başqa mədəni-məişət yerlərindən istifadə müddəti limitləşdirilir. Bu isə “Cəzaların İcrası Məcəlləsi” ilə tamami ilə zidd qanun pozuntusudur və mahiyyətcə dustaqlara tətbiq edilən zorakılıq sayılır.
Əzizbəyov rayonu, Binə qəsəbəsində yerləşən bu müəssisə zaman- zaman siyasi məhbuslara ünvan olub. “Azadlıq”ın baş redaktoru Qənimət Zahid məhbusluğun orda keçirib. O, deyir ki, o dustaq olarkən, “17” ümumi rejim idi, amma orda bir korpus ciddi rejimli idi: “ Görünür indi işi asanlaşdırmaq və müəssisə daxilində “həmrəylik” yaratmaq üçün qanunu dəyişməyə ehtiyac duymadan özləri rejimi dəyişiblər, hamı ilə ciddi rejim qaydaları əsasında davranırlar. Şübhəsiz bu çox böyük pozuntudur, pentensiar xidmət dərhal məsələyə müdaxilə eləməlidir”.
Keçmiş siyasi məhbus Sahib Kərimli “Azadlıq”a açıalamasında bildirmişdi ki, 17 saylı Cəzaçəkmə Müəssisəsi digər cəzaçəkmə müəssisələri ilə müqayisədə daha ağır şəraitdədi: “17 saylıda otaqlar daha balacadı, məhdud tikililərdən ibarətdir. Bildiyim qədər həmin cəzaçəkmə müəssisəsi əvvəllər həbsxana kimi nəzərdə tutulmayıb. Normadan artıq yerləşdirmələr orda həmişə ciddi problem olaraq qalır”.
Hazırda tanınmışlardan “Azadlıq” qəzetinin siyasi şərhçisi, AXCP funksioneri Seymur Həzi və hüquq-müdafiəçisi Hilal Məmmədov adıçəkilən “zon”da saxlanılır.