Tikinti sektorundakı qeyri normal vəziyyət, o cümlədən, bu sahədəki korrupsiya və bürokratiya Azərbaycanda biznesin inkişafına böyük zərbə vurur.
Fins.az-ın məlumatına görə, bu barədə prezident İlham Əliyev yanvarın 18-də iqtisadi və sosial məsələlərlə bağlı keçirilən müşavirədə bildirib. Dövlət başçısı bildirib ki, tikinti sahəsindəki problemlər Azərbaycandakı biznes mühitin inkişafına ən böyük maneəyə çevrilib. Dövlət başçısı əlaqədar qurumlara bu sahəyə qayda-qanunu təmin etməyi tapşırıb:
“Biz görüləcək əlavə tədbirlər nəticəsində iqtisadi fəallığı artırmalıyıq, həmçinin tikinti sektorunda. Bakıda, böyük şəhərlərdə və bütün şəhərlərdə tam imkan verilməlidir ki, iş adamları böyük tikinti layihələrini icra etsinlər. Bəzi hallarda burada iş adamları müxtəlif çətinliklərlə üzləşirlər – bürokratiya, korrupsiya. Onlara qarşı əsassız tələblər irəli sürülür. Bütün bunlar yığışdırılmalıdır. Tikinti sektoru tam sərbəst şəkildə inkişaf etməlidir. Əlbəttə ki, şəhərsalma qaydalarına riayət etmək şərti ilə. Əlbəttə, biz imkan verə bilmərik ki, burada xaotik vəziyyət yaransın. Ancaq bütün süni əngəllər aradan qaldırılmalıdır.
Əgər qanunvericilikdə, yaxuddakı qaydalarda hər hansı bir düzəlişlər edilməlidirsə, biz bunları da etməliyik. Onu da qeyd etməliyəm ki, Dünya Bankının “Doing Business” hesabatlarında Azərbaycanın müxtəlif istiqamətlər üzrə islahatları yüksək qiymətləndirilir. Ancaq bizi ən çox geriyə salan məhz tikinti sektorunda, bax bu qeyri-normal vəziyyətdir. Çünki burada o qədər icazələr tələb olunur və burada o qədər pozuntular var ki, hətta beynəlxalq qurumlar da bunu qeyd edirlər. Ona görə mən bu gün ciddi tapşırıq verirəm bütün şəhər və rayon icra hakimiyyəti orqanlarına, ilk növbədə Bakı Şəhər İcra Hakimiyyətinə ki, bundan sonra tikinti ilə bağlı heç bir süni əngəl olmamalıdır. İş adamlarına da müraciət edirəm, əgər sizdən kimsə qanunsuz nə isə tələb edəcəksə birbaşa məlumat verin və o qanunsuz əməlləri törətmək istəyənlər ciddi şəkildə cəzalandırılacaqlar. Mənə mütəmadi qaydada məlumat verilməlidir ki, hər rüb nə qədər tikinti layihəsi icra edilir, harada və bunun əmək bazarına olan təsiri nədən ibarətdir?!
Burada, əlbəttə ki, biz ilk növbədə iş adamlarının fəaliyyətini gözləyirik. Eyni zamanda, ipoteka xətti ilə böyük tikinti layihələri icra edilə bilər. Əfsuslar olsun ki, bizdə bu sektorda durğunluq müşahidə olunur. Mən ipoteka ilə bağlı öz fikirlərimi dəfələrlə bildirmişəm, o cümlədən Nazirlər Kabinetinin toplantılarında. Ancaq bu proses hələ ki kütləvi xarakter almayıb. Bunu dərhal başlamaq, yəni, davam etdirmək lazımdır. Təxirəsalınmaz tədbirlər görülməlidir. Bu tədbirlər haqqında mənə məlumat verilməlidir. Biz nə etməliyik ki, ipoteka xətti ilə tikiləcək bu binaların inşasını sürətləndirək?!”