Əli Abbasov ən yaxın adamını şantajda günahlandırdı: narahat deyilsə, niyə...

22-01-2016, 09:50   
Əli Abbasov ən yaxın adamını şantajda günahlandırdı: narahat deyilsə, niyə...


Sabiq nazir hələ İqtisad Universitetindən birgə işlədikləri işçisi haqda danışdı: “Vidadi Zeynalovdan belə bir şey gözləmirdim”
Ötən ilin oktyabr ayının 17-də milli təhlükəsizlik naziri Eldar Mahmudovun işdən çıxarılmasından sonra paralel olaraq Rabitə və Yüksək Texnologiyalar Nazirliyində (RYTN) də həbslər həyata keçirildi. Nazirliyin yüksək rütbəli əməkdaşları, o cümlədən aparat rəhbəri Vidadi Zeynalov, Beynəlxalq Əlaqələr və Hesablaşmalar Mərkəzinin direktoru Cəlil Cəfərov, “Bakı Telefon Rabitəsi” İstehsalat Birliyinin baş direktoru Beytulla Hüseynov və digərləri həbs olundular.

Hələ o zaman nazir vəzifəsində işləyən Əli Abbasovun israrla həbs edilənləri müdafiə etməsinə baxmayaraq, tezliklə saxlanılanların çevrəsi daha da genişləndi. İlkin araşdırmalar göstərdi ki, RYTN-də rüşvətxorluq, korrupsiya, dövlət əmlakının mənimsənilməsi geniş vüsət alıbmış.

Noyabrın 12-də dövlət başçısının sərəncamına əsasən, YAP Siyasi Şurasının üzvü olan Əli Abbasov da vəzifəsindən kənarlaşdırıldı. Artıq bir neçə aydır ki, Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi, eləcə də Vergilər Nazirliyi RYTN-də yoxlamalar aparır. Aşkarlanmış korrupsiya faktları ilə bağlı Baş Prokurorluqda bir neçə cinayət işi başlanıb.





Prezident İlham Əliyev yanvarın 10-da Nazirlər Kabinetinin toplantısında RYTN-də baş verən korrupsiya faktlarından danışıb. Dövlət başçısı deyib ki, yoxlamalar göstərib ki, burada böyük cinayətdən söhbət gedir: “İndi prokurorluq ciddi məşğuldur. Bir malın qiyməti bir neçə dəfə şişirdilir - 3 dəfə, 4 dəfə. Bu, cinayətdir, vicdansızlıqdır, dövlətə xəyanətdir”. Prezidentin bu mövqeyindən sonra sabiq nazirin tezliklə həbs edilə biləcəyi barədə xəbərlər yayılmışdı.

Əli Abbasov ötən gün unikal.org. saytına qısa müsahibə verib. Müsahibəni təqdim edirik.

- Əli müəllim, salam, necəsiz? Hazırda hardasınız?

- Hazırda şəhərdəki evimdəyəm, istirahət edirəm.



- Məlum olaylarla bağlı istintaqa ifadə vermisiz, ümumiyyətlə, bununla bağlı istintaq orqanlarına gedib-gəlirsizmi?

- Heç yerə getməmişəm. Evdə oturmuşam. İstintaqa da çağırılmamışam.

- Belə çıxır ki, cinayət törədənlər tutulan şəxslər olub...

- Verdiyiniz qiymətə və ədalətli mövqeyinizə görə çox sağ olun.

- Nazirliyin keçmiş aparat rəhbəri Vidadi Zeynalov deyib ki, oranın naziri mən deyiləm ki, bütün məsuliyyət mənim üzərimdə olsun. Bu barədə nə deyə bilərsiniz?

- Mən çox təəssüf edirəm ki, Vidadi Zeynalov belə bir fikir səsləndirib. Ondan belə bir şey gözləmirdim. Bu, əslində şantajdır.

Qeyd edək ki, V.Zeynalovla Ə. Abbasov hələ İqtisad Universitetində bir yerdə işləyiblər.

Belə ki, Əli Abbasov İqtisad Universitetinin rektoru olanda prorektor vəzifəsini Vidadi Zeynalov tutub. Əli Abbasov nazir getdikdən sonra o da aparat rəhbəri postuna yerləşib.
Əli Abbasov müsahibəsində ürəkli görünməyə çalışsa da, V.Zeynalovu şantajda ittiham etməsi onun narahatlığından xəbər verir.

“Yeni Müsavat”
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar