Yanvarın 25-də iki ildir əmək haqlarını ala bilmədiklərini deyən, Daşkəsəndən olan bir qrup fəhlə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin binası qarşısında yığışıb. Onlar AIMROC şirkətinin Çovdar qızıl yatağının fəhlələridir.
Fəhlələr deyir ki, AIMROC şirkəti yoxa çıxıb, onlar da nə maaşlarını, nə də sənədlərini ala bilirlər. Nazirlikdə qəbuldan çıxan fəhlələr Milli Məclisə üz tutublar.
«ƏLİNDƏ MƏHKƏMƏ QƏRARLARI OLANLAR VAR»
Şirkətin işçilərindən biri Hacı Məmmədov söyləyib ki, bütün dövlət orqanlarına müraciət etsələr də, 21 aydır maaşlarını əldə edə bilmirlər:
«Milli Məclisdə bizə heç bir ümid vermədilər. Dedilər, «məhkəməyə müraciət edin». Məhkəməyə müraciət edənlər, əlində məhkəmə qərarları olanlar var. Ancaq yenə də əmək haqlarını ala bilməyiblər. Belə başa düşürük ki, bizi prezident İlham Əliyev qəbul etsə, bu məsələ həll oluna bilər».
Başqa bir fəhlə Cümşüd Əsgərli isə deyir ki, şikayətlərinə heç yerdə baxılmır:
«21 ay zəhmət çəkib işləmişəm, ancaq əməkhaqqımı ala bilmirəm. Hara şikayət etsən də, bir cavab verən olmur».
«NƏYİ GÖZLƏMİSİNİZ?»
Mehman İsmayılov adlı fəhlə isə işçilərin çoxunun banklara borcu olduğunu bildirir:
«Belə şey olar? Bu müddətdə adamın pulunu verməzlər? Müraciət etdiyimiz yerlərdə deyirlər ki, «21 ayda nə yemisiniz, nəyi gözləmisiniz?». Sizin cavablarınızı gözləmişik, ancaq heç bir cavab verməmisiniz».
Fəhlələr əmək müqavilələri olsa da, bu müqavilənin heç nəyə yaramadığını bildiriblər.
Hələlik AIMROC şirkətindən açıqlama almaq mümkün olmayıb.
AzadlıqRadiosunun bir neçə il öncə apardığı araşdırma bu konsorsiuma prezident İlham Əliyevin qızlarına məxsus şirkətlərin daxil olduğunu üzə çıxarmışdı.
***
Yanvarın 25-də Daşkəsən Mədən Zavodunun onlarla işçisi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə gəlib. Onlar 2 ildir əməkhaqqı ala bilmədiklərinə etiraz edirlər.
Etirazçılardan bir qismini nazirlikdə qəbul ediblər.
Əraziyə Çevik Polis Alayının əməkdaşları gətirilib. (azadliq.org)