Dövlət Aqrar Universitetində “sokraşeniya” oyunu

29-01-2016, 09:17   
Dövlət Aqrar Universitetində “sokraşeniya” oyunu
Rektor İbrahim Cəfərovun müəllimləri tələbələri “aylığa” da buraxırmışlar

Sovetlər Birliyi dönəmində Azərbaycan Kənd Təsərrüfatı İnstitutu kimi ən reytingli təhsil ocaqlarından biri olan indiki Azərbaycan Aqrar Unversiteti hazırda ictimaiyyətdə heç də xoş olmayan reytinqə malikdir. Vaxtilə bu təhsil ocağında təhsil almaq üçün can atan insanların sayı kütləvi şəkildə azalmaqdadır. Təsadüfi deyil ki, bölgələrdə insanlar var-dövlətini töküb öladlarının Kənd Təsərrüfatı İnstitunda təhsil almasını təmin edirdilər. Sovetlər Birliyi dağılandan sonra digər təhsil ocaqlarından fərqli olaraq Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun nüfuzu aşağı düşməklə o təhsil ocağına böyük həvəs göstərənlərin də sayı azalmağa başladı.

Müstəqillik dövründə Azərbaycan Kənd Təsərrüfatı Akademiyası kimi förmalaşdırılan təhsil ocağı bir neçə il öncə dövlət başçısının sərəncamı ilə Azərbaycan Aqrar Universiteti kimi fəaliyyətini davam etdirir. Bu ad dəyişikliyi təhsil ocağına rəğbəti artırsada universitetdə baş verən özbaşınalıq, rəhbərliyin qanunsuz tələbləri, kollektivdə tez-tez gerçəkləşən “sakraşeniyalar” adı ilə gəlir toplama əməliyyatı haqlı narazılıqları formalaşdırmaqdadır.

Universitetə rektor təyinatından sonra bir sıra dəyişikliklərə imza atacağına söz verən İbrahim Cəfərovun sonralar “tanınmaz” adama çevrilməsi, vaxtilə bir kollektivdə çalışdığı şəxslərdən yersiz tələblərdə bulunması narazılıqların yaranma səbəblərindən biridir. Əslində İbrahim müəllimin dəyişiklik etdiyinə şübhə etmirik. Lakin bu dəyişikliklərin universitetin maraqlarına deyil şəxsi maraqlara xidmət etməsi yaranmış vəziyyətin ürəkaçan olmadığına səbəb olub.

Ölkə mətbuatında tez-tez Aqrar Universitetdə baş verənlərlə bağlı geniş araşdırmalara rast gəlirik. Lakin bu günə kimi qeyd olunan faktlara biganə münasibət, rektor İbrahim Cəfərovun fəaliyyətində müsbət dəyişiklik etməmiş, əksinə qanunsuzluqların daha çılpaq həyata keçirilməsi prosesinə təkan vermişdir. Aparılan araşdırmalar göstərir ki, Aqrar Universitetdə şəffaf fəaliyyətdən başqa özəl qaydalara söykənən və qanunlardan kənar bütün xoşagəlməz proseslər qabarıq şəkildə narazılıqlar formalaşdırmaqdadır. Universitetdə son illərdə dəfələrlə işçi kollektivinin “sokreşeniyalar” adı ilə işdən kənarlaşdırılması və digərlərinin müxtəlif yollarla işlə təmin edilməsi prosesi adi qaydaya çevrilib. Dövlət başçısının iş yerlərinin artırılması və insanlara, işçi kollektivinə şərait yaradılması yönündə verdiyi ciddi tapşırıqlar Universitet rəhbərliyinin maraqlarına xidmət etmədiyi üçün “sakraşeniya” prosesi yenidən gündəmə gəlib. Belə ki, rektor İbrahim Cəfərov Universitetdə yenidən “sakraşeniya” adı ilə kollektivin 35%-ni işsiz qoymaq niyyətindədir. Artıq universitetdə hamı rektorun yeni qara siyahısından adını çıxartmaq üçün yollar axtarır. Təbii ki, təhsil ocağında çalışan insanlar rektorun özəl qayda və tələblərinə alışdıqları üçün növbəti “biçmə əməliyyatından” kənarda qalmağa çalışacaqlar. Əks təqdirdə istəyinə çatmayan İbrahim Cəfərovun yazılan əmrlərinin qurbanına çevrilə bilərlər.

Ən maraqlısı isə odur ki, rektora zəng edib dost, qohumun xahişi ilə “sakraşeniyadan” canını qurtarmağa çalışan bəzi işçilər növbəti devalvasiyada xəbərsiz işdən kənarlaşdırılırlar. Rektorun tələb və qaydaları isə sadədir – “Pulun var? Var. Onda qal işlə!”. Bəlkə burda da bir məntiq var. Yəqin İbrahim müəllim işçi kollektivində kasıb görmək istəmir və istədiyi zaman əlindən tuta bilən, gələn yoxlamalar üçün lazım olan vəsaiti toplaya bilən “mehriban ailə” formalaşdırır.

Universitetdə baş verən nöqsanlar, qanun pozuntuları təkcə bunlardan ibarət deyil. Bəzi tələbələrin hər ay ödəniş etməklə dekanlar tərəfindən dərslərdən azad edilmələri faktları da mövcüddur. Təbii ki, rektorun bu xoşagəlməz faktlardan xəbərsiz olmasına nəinki biz, Aqrofaktda büfetdə çalışan Fatma xala da inanmır. Amma mətbuatda dərc olunan bu cür faktlarla dəfələrlə Universitet rəhbərliyi İbrahim müəllimin xəbərsiz olduğunu fəxrlə qeyd edirlər.

Qeyd olunan faktlara münasibət öyrənmək üçün Universitet rəhbərliyinə müraciətimiz zamanı aldığımız cavab bizi dəhşətə gətirdi. Aqrar Universitetin prorektoru Nizami Seyidəliyevin sorğumuza qəribə cavabı bəzi suallar yaratdı. Azərbaycan Aqrar Universitetində rüşvətxorluq, qohumbazlıq, tələbələrin aylıq evə buraxılması kimi halların mövcüdluğu göz önündə olsa da, təhsil ocağının rəhbərliyi bunu təkzib edir və baş verənlərdə mətbuatı suçlayır. Rəhbərliyin düşüncələrinə görə universitetdə tələbələrin aylıq evə buraxılması və müqabilində onlardan 200 manat alınmasını qeyd etmək mətbuatın günahıdır. Yəni, mətbuat bunu yazmamalı, ya da baş verənləri rektora hər hansı bir yolla çatdırmalıdır.

Belə ki, Nizami müəllim məni şəxsən tanıdığını və ölkə mətbuatında tez-tez universitetdə baş verən nöqsanlarla bağlı dərc olunan məqalələrə əhəmiyyət verilməməsinin tapşırıldığını qeyd etdi: “Mən dəflərlə bu cür mövzularla bağlı yazılan məqalələrdən sonra şəhərimizin İcra başçısı Elmar Vəliyevin verdiyi qəti tapşırığı hamının diqqətinə çatdırıram. Elmar müəllim İbrahim müəllimə qəti tapşırıb ki, qəzet və saytlarda dərc olunan məqalələrə əhəmiyyət verməsin. O bizim arxamızda dağ kimi dayanıb və bizdən necə istəyirik fəaliyyətimizi qurmağı tələb edib. Ibrahim müəllim də kim nə yazır yazsın prinsipi ilə Elmar müəllimə arxayındır və bilirik ki, cənab başçı bizə təzyiq edənlərə lazımi cavabı verəcək”.

Əslində tabeçiliyində olan vəzifəli şəxsləri qoruması, qayğılarına qalması, onlara dəstək olması vacib şərtdir. Mən Elmar Vəliyevin belə bir tapşırıq verdiyinə inanmıram. Ən azından verilən qanunsuz tapşırığın bu cür ictimailəşməsini cənab icra başçısının maraqlarına zidd olduğu bəllidir. Ölkə rəhbərliyinin son dövrlər sosial rifahın yaxşılaşdırılması, rüşvət və qanunsuzluqlara son qoyulmasını tələb etdiyi bir dövrdə Elmar Vəliyevin universitet rektorunun qanunsuz fəaliyyətini sığortalaması və özbaşınalıqlara hüquqi don geyindirməyə çalışması qəbul olunan gerçəklik deyil. Əgər, Nizami Seyidəliyevin dediklərinin gerçək olduğu isbata yetirilsə, onda Gəncə təhsil ocaqlarında vəziyyətin heç də arzuolunan olmadığına şübhə qalmır.

İkram Rafiqoğlu

P.S. Yazıda adları keçən şəxslərin də mövqeyini dərc etməyə hazırıq. Xatırladaq ki, yazıda gedən fikirlər müəllifin şəxsi mövqeyidir.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar