Ali Məhkəmə qanqsterin işini icraata götürdü; böyük ehtimalla, kassasiya müraciəti DİN-in Baş Cinayət-Axtarış İdarəsinin keçmiş rəisi Zakir Nəsirovla bağlıdır; H.Məmmdov törətdiyi adam oğurluqlarında, qətllərdə sifarişçilərin adını çəkməyə hazırlaşır
Ömürlük həbs cəzası almış Hacı Məmmədovun ərizəsi Ali Məhkəmədə artıq araşdırılmağa başladığı bir vaxtda redaksiyamıza maraqlı məlumatlar daxil olub. Bildirilir ki, Hacı Məmmədov yaxın gələcəkdə baş tutacaq məhkəməsində illərlə gizli saxladığı bəzi məqamlara aydınlıq gətirəcək. Belə ehtimallar var ki, H.Məmmədov onun killer dəstəsinin qətlə yetirdiyi bəzi şəxslərlə bağlı xüsusi açıqlamalar verəcək. Gələn xəbərlərə görə, məşhur arestant adam oğurluqları ilə bağlı sifarişçilərin adlarını da çəkə biləcəyini artıq uca səslə deyir.
Xəbər verdiyimiz kimi, Hacı Məmmədov saxlanıldığı Milli Təhlükəsizlik Nazirliyi ləğv olunandan dərhal sonra ərizə ilə Ali Məhkəməyə müraciət edib. O, özünün cinayətləri haqda əvvəllər demədiyi məlumatları açıqlamaq niyyətində olduğunu qeyd edib. Artıq cinayət işində bəzi halların araşdırılması ilə bağlı müraciəti hakimin icraatına verilib. Ali Məhkəmədən APA-ya verilən məlumata görə, H.Məmmədovun müraciəti hakimin icraatına verilib və hazırda öyrənilir. Ərizə hakim tərəfindən öyrənildikdən sonra müraciətin məhkəmənin Plenumuna çıxarılıb-çıxarılmaması ilə bağlı rəy yazacaq.
Sayt yazır ki, “yeni açılmış hal” o deməkdir ki, məhkəmədə həmin cinayət işinə baxdıqda o hal məhkəməyə məlum olmur. Belə ki, məhkəmədə baxılan bir cinayət işi üzrə hansısa şahid yalan ifadə verərsə, ekspert yalan rəy təqdim edərsə və bu zaman məhkəmə onların yalan danışdığını müəyyən etməzsə, sonradan təqsirləndirilən şəxs, zərərçəkmiş tərəf, yaxud prokuror Ali Məhkəməyə müraciət edərək həmin halın araşdırılmasını xahiş edə bilər.
Böyük ehtimalla, Hacı Məmmədovun Ali Məhkəməyə müraciəti DİN-in Baş Cinayət Axtarış İdarəsinin keçmiş rəisi Zakir Nəsirovla bağlıdır. O, “yeni açılmış hal” çərçivəsində Zakir Nəsirovla bağlı ifadələrini dəyişəcək, beləliklə də ömürlük həbsə məhkum olunmuş generalın azadlığa yolu açılacaq.
Xatırladaq ki, DİN-in sabiq baş əməliyyat müvəkkili Hacı Məmmədov və daha 26 nəfər 2005-ci ilin martın 9-dan 10-na keçən gecə MTN-in həyata keçirdiyi “Qara kəmər” əməliyyatı nəticəsində həbs ediliblər. H.Məmmədova qarşı Cinayət Məcəlləsinin 80 maddəsi ilə ittiham irəli sürülüb, barəsində əmlakı müsadirə olunmaqla ömürlük həbs cəzası çıxarılıb. Məhkəmənin qərarına əsasən DİN-in Baş Cinayət-Axtarış İdarəsinin keçmiş rəisi Zakir Nəsirov və daha 8 nəfər də ömürlük həbs cəzasına məhkum edilib.
E.HÜSEYNOV