Neft pulları daşa-divara xərclənəndə Samir Şərifov niyə susurdu?
“Biz israfçılığa və izafi xərclərə, o cümlədən lüzumsuz xərclərə imkan verməməliyik”. Bunu maliyyə naziri Samir Şərifov Sabirabadda bildirib. Nazir deyib ki, indi hər qəpiyin üstündə əsmək lazımdır: “Bəzi qurumlara maliyyə nəzarətinin gücləndirilməsi o zərurətdən irəli gəlir ki, məlum səbəblərə görə, indiki şəraitdə bizim gəlirlərimiz azalıb və hər bir qəpiyimizə böyük diqqətlə yanaşmalıyıq. Dövlət büdcəsinin vəsaitlərinin qanunsuz yolla mənimsənilməsi halları ilə amansız mübarizə aparmalıyıq”.
İndi qəpik söhbəti edən Samir Şərifov 2006-cı ilin aprel ayından Azərbaycanın maliyyə naziri postunu tutur. Məhz onun dövründə milyardlarla manat vəsait təmir-tikinti adı altında göyə sovrulub. Nədənsə Samir Şərifov həmin vaxtlarda qəpik dərdi çəkməyib. Əksinə, neft pullarının sağa-sola xərclənməsində əsas rollardan birini oynayıb.
Keçək konkret faktlara. Məsələn, 2008-ci ildə dövlət büdcəsinin 33 faizini investisiya xərcləri təşkil edib. Həmin il təkcə Nəqliyyat Nazirliyinə yarım milyarddan artıq – 524 milyon manat ayrılıb. Nazirlik bu vəsaitlə 49 layihə həyata keçirib. Onlardan bir neçəsini qeyd etməklə korrupsiyanın miqyası barədə mənzərəni canladırmağa çalışaq:
– “Əzizbəyov” dairəsində körpünün tikintisinə 77.6 milyon manat;
– “Ramstor” mağazası yaxınlığında körpünün tikintisinə 51.3 milyon manat;
– “Əzizbəyov” dairəsindən hava limanına gedən 14 km-lik avtomobil yolunun tikintisinə 100 milyon manat;
Göründüyü kimi iki körpü və 14 km-lik yol dövlətə 228.9 milyon manata başa gəlib. Ekspertlər hesab edir ki, xərclər kifayət qədər şişirdilib.
Bundan başqa 2008-ci ildə “Azərenerji”yə 283.1 milyon manat, Təhsil Nazirliyinə 196 milyon manat, Prezident Administrasiyasının Işlər Idarəsinə 127 milyon manat, Mədəniyyət və Turizm Nazirliyinə 111.150 milyon manat, “Azərsu” ASC-yə 110 milyon manat, Gənclər və Idman Nazirliyinə 104 milyon manat, Iqtisadi Inkişaf Nazirliyinə 98 milyon, Dövlət Əmlak Komitəsinə 77.729 milyon manat ayrılıb. Biz “investisiya xərcləri” adı altında daha çox pay alan qurumların adını qeyd etdik. Kiçik “pay sahiblərinin” adlarını qeyd etməyə ehtiyac görmədik. Bir daha bildirək ki, bu vəsaitlər əsasən təmir-tikinti, yenidənqurma işlərinə, qısası, daşa-divara xərclənib. Məsələn, Dövlət Əmlak Komitəsinə ayrılan vəsaitin əhəmiyyətli hissəsi – 70 milyon manatı Heydər Əliyev Mərkəzinin tikintisinə yönəldilib. Ondan bir il əvvəl, yəni 2007-ci ildə də Mərkəzin tikintisinə 20 milyon manat ayrılmışdı. Mədəniyyət və Turizm Nazirliyinə ayrılan 111.150 milyon manatın nə az, nə çox 39.6 milyon manatı Heydər Əliyev adına Sarayda təmir-yenidənqurma işlərinə səfr edilib. “Azərsu” ASC-yə ayrılan 110 milyon vəsaitinin hamısı isə respublika ərazisində su təsərrüfatına yönəldilib. Su təchizatının hansı vəziyyətdə olduğu isə məlumdur. Nəinki ətraf şəhərlərdə, heç paytaxtın özündə düz-əməlli su gəlmir.
Iqtisadi Inkişaf Nazirliyi isə ona ayrılan vəsaitin 62 milyonu “Zibil zavodu”na yönəldib. Ekspertlər zavodun tikintisinə dəfələrlə az vəsaitin səfr edildiyi qənaətindədirlər.
2008-ci ildə Fövqəladə Hallar Nazirliyinə ayrılan 58.7 milyon manatın 38 milyon manatı nazirlik üçün inzibati bina tikməyə və tabeliyində olan binaların, obyektlərin təmirinə, yenidənqurma işlərinə sərf edilib. 2007-ci ildə isə Fövqəladə Hallar Nazirliyinə eyni işlər üçün 65 milyon manat ayrılıb.
2008-ci ildə Nazirlər Kabinetinin fevral sərəncamı ilə təsdiqlənmiş Dövlət Investisiya Proqramına görə, Dəvəçinin Şahnəzərli, Tovuzun Əhmədabad, Lənkəranın Türkəran, Salyanın Aydıngün, Ismayıllının Gülyan kəndlərinin hər birində 22h yerlik (11 sinif otağı) məktəbin tikintisinə 832 min manat ayrılıb ki, bu da hər sinif otağı üçün 75 min manatdan çox edir.
Qeyd edək ki, ötən saylarımızda 2007-ci ildə investisiya xərcləri adı altında büdcənin talan olunması ilə bağlı faktları təqdim etmişdik. Bir daha xatırladaq ki, 2007-ci ildə Milli Təhlükəsizlik Nazirliyinin obyektlərində tikinti, təmir və yenidənqurma işlərinə 32 milyon manat, eyni adla Daxili Işlər Nazirliyinə 7 milyon manat, Müdafiə Nazirliyinə 1 milyon 500 min manat, Fövqəladə Hallar Nazirliyinə 65 milyon manat, Müdafiə Sənayesi Nazirliyinə 25 milyon 204 min manat, Dövlət Sərhəd Xidmətinə 22 milyon manat, Xüsusi Dövlət Mühafizə Xidmətinə 10 milyon 800 min manat, Prezidentin Işlər Idarəsinə 40 milyon 900 min manat, Nazirlər Kabineti Işlər Idarəsinə 6 milyon 100 min manat, Milli Məclisin Işlər Idarəsi 11 milyon 563 min manat, Baş Prokurorluğun inzibati binasının təmiri və yenidəqurulmasına 2 milyon 80 min manat, Ali Məhkəmə üçün yeni inzibati binanın inşasına isə 14 milyon manat ayrılıb.
Indi qəpik söhbəti edən hörmətli Samir Şərifov buyurub bu pulların niyə göyə sovrulduğu zaman susduğuna aydınlıq gətirsin.