Bu yaxınlarda Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ləğv ediləcək. Xidmətin funksiyaları Müdafiə Nazirliyinə veriləcək. Bu barədə istiqlal.az-a hakimiyyətdəki mənbələrdən məlumat daxil olub.
Yada salaq ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti 2011-ci ildə yaradılıb. Müdafiə Nazirliyinin tabeliyində olan Azərbaycan Hərbi Komissarlığı, Naxçıvan Muxtar Respublikasının Hərbi Komissarlığı, rayon, şəhər, şəhər rayonu hərbi komissarlıqları ləğv edilmiş və onların bazası əsasında Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti formalaşmışdı.
Görünür, bu xidmətin müstəqil təsisat kimi fəaliyyəti özünü doğrultmayıb və yenidən Müdafiə Nazirliyinin idarəçiliyinə qaytarılması qərara alınıb. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, general-leytenant Arzu Rəhimovdur. Xidmət Müdafiə Nazirliyinin tabeçiliyinə keçdikdən sonra quruma kimin rəhbərlik edəcəyi bəlli deyil.