"Topaz"da Elşən Şəfiyevin 809 min 515 manat udması ilə bağlı xəbər yayılıb. Sürücü işləyən şəxsin oynadığı 5 kuponun hamısı uduşlu olub.
Sport7.az bildirir ki, məlumatın nə qədər doğru olub-olmadığını deyə bilmərik. Təbii ki, bu, mərc həvəskarlarını şirnikləndirmək üçün atılmış addımlardan biri də ola bilər. Hər halda sürücü işləyən şəxsin 12 oyun üçün hər kupona 200 manat yatırması bir qədər şübhəli görünür. Maraqlıdı ki, bəxtəvər kimi təqdim edilən şəxs ümumi 1000 manat xərclədiyi kuponda "Osmanlıspor" - "Qalatasaray" matçının ilk hissəsinin heç-heçə başa çatacağını təxmin edib. Sizcə, sürücü işləyən şəxsin 1000 manatı belə riskə atması inandırıcdı? Nəzərə alaq ki, tərəflərin ilk 45 dəqiqədə vura biləcəyi bir qol Elşən bəyi dilxor edə bilərdi.
Məlum olduğu kimi "Topaz" uduşlardan 10 faiz vergi də alır. Yəni, 1,10 əmsala 100 manat oynasaz, udacağınız 10 manatı da mərc şirkəti əlinizdən alacaq. Uduzacağınız halda isə 100 manatınızı təəssüf hissi ilə yad edəcəksiz. Yəni, hər iki halda qazanclı olan tərəf "Topaz"dı.
Onu da qeyd edək ki, 809 min 515 manat udan kimi təqdim edilən Elşən Şəfiyev bu məbləğin hamısını almayacaq. Bakılı sürücünün hər kupondakı uduşundan 16 min 170 manat vergi tutulacaq. Bu isə ümumilikdə 80 min manat deməkdi. Deməli, Şəfiyev "Topaz"dan 809 min 515 yox, 728 min 655 manat alacaq. Təbii ki, əgər bu məlumat doğrudursa...
Qaynar.info