Azərbaycan – intiharlar ölkəsi

11-02-2016, 10:00   
Azərbaycan – intiharlar ölkəsi
Vətəndaş ölümdən kömək istəyir

Bir vaxtlar bu ölkədə intiharlar nadir hadisəydi. Hansısa intihar xəbəri mətbuatın manşetinə çevrilirdi, cəmiyyətdə səs-küyə səbəb olurdu, hamı təəəcüb içindəydi. Amma mövcud hakimiyyətin dövründə korrupsiya, talançılıq, ədalətsizlik kimi intiharlar da adi hala çevrildi. Demək olar, hər gün intihar xəbəri eşidirik və intiharlar bütün yaş qruplarını əhatə edir.

Gənc ana, yaşlı qadın, cavan oğlan, orta yaşlı kişi, hətta azyaşlı uşaq da intihar yolunu tutub. Insanlar problemlərdən çıxış yolu kimi ölümü seçirlər. Aidiyyəti qurumlar köməyə gəlməyəndə, dövlət vətəndaşa sahib çıxmayanda, qanunlar kağız parçasına çevriləndə, süründürməçilik, məmur özbaşınalığı tüğyan edəndə, vətəndaş ölümdən kömək istəyir.


Ötən gün isə daha 2 intihar hadisəsi baş verdi. Gəncə şəhər sakini, 1984-cü il təvəllüdlü Taleh Qayıbov yaşadığı evdə özünü asmış vəziyyətdə tapıldı. Zirə qəsəbəsi, Südçülük sovxozu yaşayış massivində yaşayan 1993-cü il təvəllüdlü Ömərli Taleh Hümbət oğlu isə üstünə benzin tökərək özünü yandırıb. Ağır vəziyyətdə xəstəxanaya aparılan gəncin həyatını xilas etmək mümkün olmayıb. Taleh Ömərli bir neçə ay əvvəl ailə həyatı qurubmuş. Maddi baxımdan problemləri olan 23 yaşlı Taleh ailəyə baxa bilmirmiş, bundan başqa, onun banka da kredit borcu varmış.

Daha sonra məlum oldu ki, Ağcabədi rayonunda 10 gün əvvəl özünü yandıran qadın ölüb. Bundan əvvəl Ağcabədi şəhərinin Səməd Vurğun küçəsində yaşayan 1935-ci il təvəllüdlü Babayeva Sevil Musa qızı gecə saatlarında ÿsirkə turşusu içərək intihar etmişdi. Ayın 9-da isə Yasamal rayonunda 23 yaşlı Nigar Vahabovanın yaşadığı mənzildə intihar etdiyi bildirildi.

Bəli, yaşadığımız ölkə intiharlar ölkəsinə çevrilib. Məsələ burasındadır ki, intiharların əsas səbəbi kimi sosial vəziyyətin ağırlığı, kredit borcları göstərilir. Artıq kimsə intihar edəndə hamıda belə bir qənaət formalışır ki, şəxs kredit borcuna görə vəfat edib. Çünki, kredit borcları vətəndaşın boğazına keçirilmiş ilgəkdir. Onsuz da ağır şəraitdə yaşayan vətəndaş üçün, üstəlik, borc ödəmək daha məşəqqətlidir. Ümumiyyətlə, vətəndaşın kömək istəyəcəyi, dərdini söyləyəcəyi, dərdinə dərman tapacağı ünvan qalmayıb. Hökumət milyardları havaya sovursa da vətəndaşa yönəlik hər hansı addım atmadı. Əksinə, qiymətlər qaldırıldı, ixtisarlara start verildi, dollarla krediti olanlara verilən vədə əməl edilmədi və s. Faktiki olaraq hökumət vəziyyətə adekvat olan heç bir addım atmadı. Daha dəhşətlisi budur ki, hər gün eyni səbəblərdən reallaşan intiharlar hökumətə təsir etmir, bu acınacaqlı tendensiyanın qarşısı alınmır. Vətəndaş hökumətdən əlini üzüb. Dəfələrlə aidiyyəti orqanlara müraciət edən, qəbullarda olan, prezidentə şikayət məktubları göndərən adamlar heç bir nəticə görmür. Artıq vətəndaş əmin olur ki, onun arxasında dövlət yoxdur və vətəndaşın ağır vəziyyəti hökuməti qətiyyən maraqlandırmır. Bəli, Azərbaycan intihar rekordu vurmaqdadır, ancaq hökumət inkişaf rekordundan danışır.

Bir sözlə, hakimiyyətin qəddar, anti-xalaq, acgöz siyasəti vətəndaşı intihar quyusuna yuvarlayıb və ölkədən intihar qoxusu gəlir. Insanlar asanlıqla özlərinə əl qaldıra bilirlər. Yürüdülən siyasət vətəndaşı həyatdan bezdirib. Bir qrup adam milyarderə çevrildi, xalqın bədbəxtliyi üzrəində xoşbəxtlik qurdu. Nəticədə özünü bədbəxt sayanlar ölümdən kömək umur. Çünki, ölüm hökumətdən daha çevik reaksiya verir və insanın istəyini yerinə yetirir. Bu hakimiyyət vətəndaşı ölümə doğru yönəldib və vətəndaşa ölüm vəd edir.

Daha neçə nəfər intihar etməlidir, daha neçə ailə faciə yaşamalıdır ki, bu cəhənnəm maşını dayansın? Ayılın, yoxsulluğun kökünü kəsmək əvəzinə, yoxsulların kökünü kəsirsiniz.

Ilham
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar