Məhərrəm Əliyevin qohumu İsa Əzizovun həbsxana fotolarının yayılması müxtəlif mülahizələrə səbəb olub
Xəbər verildiyi kimi general Məhərrəm Əliyevin qohumu Isa Əzizovun həbsxana fotoları yayılıb. Dünən bəzi internet saytlarında yayılan fotolarda Isa Əzizovun cəza çəkdiyi təcridxananın həyətini süpürdüyü əks olunub.
Fotoların necə ictimailəşdirildiyi bəlli deyil. Ehtimal var ki, bu məsələdə təcridxana rəhbərliyinin əli var. Isa Əzizovun fotolarının yayılma səbəbinə gəlincə, irəli sürülən əsas versiya budur ki, bunu Məhərrəm Əliyevin hakimiyyətdəki rəqibləri təşkil edib. Qeyd edək ki, bundan əvvəl də oxşar addım müxalifətçi gənclərlə bağlı atılmışdı. O zaman bu hakimiyyətin müxalifəti aşağılamaq cəhdi kimi qiymətləndirilmişdi. Görünür, indi hakimiyyət daxilində vəziyyət o qədər gərgindir ki, rəqiblər bir-birlərinə qurşaqdan aşağı zərbə endirməyə də çəkinmirlər.
Xatırladaq ki, Isa Əzizov dostları ilə 90-HN-999 dövlət nömrə nişanlı Bentley avtomobilində Tbilisi prospektində yerləşən AZPETROL yanacaqdoldurma stansiyasına gəlib. YDM əməkdaşından avtomobilə yanacaq vurmağı xahiş edəndən sonra gənclərdən biri əməkdaşa maşının pəncərəsindən 100 manatlıq əskinas uzadıb. Yanacaqdoldurma stansiyasının əməkdaşı deyib ki, xırdası yoxdur və onu gözləməyi xahiş edib. Bu cavab Bentley-nin sərnişinlərinin xoşuna gəlməyib və onlar gənc oğlanla sözləşməyə başlayıblar.
Vəziyyəti aydınlaşdırmaq üçün YDM-nin mühafizəçisi Sadiq Bağırov maşına yaxınlaşıb və işin nə yerdə olduğunu öyrəndikdən sonra nəzakətli tərzdə gözləməyi xahiş edib ki, əməkdaş pulu xırdalaya bilsin. Bu cavab idmançıları özündən çıxarıb və onlar avtomobildən çıxaraq mühafizəçini müşahidə kameralarının olmadığı, YDM-nin ərazisində yerləşən mağazaya tərəf çəkib aparıblar. Bir neçə dəqiqə sonra elə həmin yerə ikinci avtomobil – ağ rəngli Prado yaxınlaşıb. Onun içindən bir neçə nəfər idmançı bədən quruluşlu gənc çıxıb və YDM işçiləri ilə keşikçilərini kütləvi şəkildə döyməyə başlayıblar.
Bu hadisəyə görə isə, Nəsimi rayon Məhkəməsində hakim Elman Isayevin sədrliyi ilə keçirilən prosesdə Isa Əzizov və Mahir Isgəndərov barələrində 30 sutka inzibati həbs qərarı çıxarılıb.