Ağdaş rayon sakini Şıxəliyev Vaqif Surət oğlu Baş Prokuror Zakir Qaralova, səhiyyə naziri Oqtay Şirəliyevə və digər dövlət orqanı rəhbərlərinə ünvanlı şikayət məktubunun bir surətini də «Təzadlar» göndərib… Şikayət məktubunda dəhşət saçan faktlar olduğundan araşdırmaq, bəzilərini dəqiqləşdirmək qərarına gəldik. Həmçinin şikayətçi ilə təkrar əlaqə saxladıq, o, şikayətindəki faktları sənəd və sübutlarla təsdiqlədi… Söhbət Bakı şəhəində fəaliyyət göstərən “Uroloji Mərkəz MMC” Klinikasında baş verən dəhşətlərdən gedir. Biz həmçinin adı çəkilən klinikanın rəhbərliyinə də zəng vurduq. Lakin telefon zənglərimizə cavab verən şəxs baş həkimin guya işdə olmadığını bildirdi.
Beləliklə, qarşı tərəfin də mövqeyini dinləməyə hazır olduğumuzu bildirməklə, şikayəti ixtisarla təqdim edirik:
Azərbaycan Respublikasının Prezidenti cənab İ.Əliyevə (şikayət 09.02.2016 tarixdə qeydə alınıb)!
Azərbaycan Baş Prokuroru cənab Z.Qaralova (09.02.2016 tarixdə qeydə alındı)!
Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi cənab K.Əliyevə (09.02.2016 tarixdə qeydə alındı)!
Daxili işlər naziri cənab R.Usubova (09.02.2016 tarixdə qeydə alındı)!
Səhiyyə naziri cənab O.Şirəliyevə (bu gün qeydə alındı)!
Ağdaş rayonu, Ləki qəsəbəsi, C.Məmmədov küçəsi- 67 ünvanda yaşayan Şıxəliyev Vaqif Surət oğlu tərəfindən şikayət ərizəsi (Baş Prokurorluqda 08.12.2015 tarixdə qeydiyyata alınmış
09/20024-15 saylı Şikayət Ərizəmizə əlavə).
Bildirirəm ki, professor Kamal Abdullayevin rəhbəri olduğu Bakı şəhəri, Mikayıl Rəfili-12 ünvanda (Slavyan Universitetinin yaxınlığında) yerləşən klinikasında (URL: http://urolojimerkez.com) uzun müddətdir həkimlərin iştirakı ilə ağır cinayət əməlləri törədilir və bu barədə əlimdə olan 4 faktı Sizin diqqətinizə çatdırmağı zəruri hesab edirəm. 1998-ci il təvəllüdlü oğlum Şıxəliyev Ömər Vaqif oğlu uzun müddətdir ki, sidik yolları daxilində tük bitməsindən əziyyət çəkir. Bunun müalicəsi məqsədilə oğlum indiyə qədər 6 dəfə cərrahi əməliyyat olunub. O cümlədən, hansı həkimin yanına gedirəm, dərhal övladımı yıxır cərrahiyyə stoluna ki, “Mütləq əməliyyat olmalıdır və mən 100% təminat verirəm ki, həll edəcəyəm”. O cümlədən, 2004 və 2005-ci illərdə Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasında bir-neçə dəfə əməliyyat olunub, sonuncu dəfə 25.06.2015 tarixdə eyni problemlə bağlı Bakıda Kamal Abdullayevə məxsus “Uroloji Mərkəz MMC” Klinikasında əməliyyat olunub. K.Abdullayev 2000 dollara bu xəstəliyi tam müalicə edəcəyinə söz verdi və mən rayona qayıdıb, deyilən məbləğdə borc götürüb (dollarla 2 min dollar) Bakıya qayıtdım və 23.06.2015 tarixdə dediyi ünvandakı klinikasına uşağı qəbul etdi, kassaya pulu ödədik və 25.06.2015 tarixdə əməliyyat etdi. Aradan bir-neçə gün keçəndən və tikişlərin yeri sağaldıqdan sonra gördüm ki, onlar mənim övladımın xəstəliyi (daxildə tük bitməsi) ilə bağlı heç nə etməyiblər, sadəcə əməliyyat ediblər, övladımın problemi olduğu kimi yerində durur. Bir para, övladımı təkrar əməliyyat edib, ona ağır kateqoriyadan olan bədən xəsarəti yetirdilər (boş yerə əməliyyat etmək – insanı bıçaqlamağa bərabər cinayətdir). Üstəlik də əsl xəstəlik yerində durduğundan indi daha da ağırlaşıb, fəsad verib. Mən sonra oradakı başqa gəlib-gedən pasientlərlə və qonşuluqdakı obyekt sahibləri ilə söhbətimdə və internet araşdırmalarımda müəyyən etdim ki, bu klinikada uzun müddətdir ki, cinayət əməli kimi təsnif oluna biləcək əməllər törədilir. Və bunu açmaq istəyən, şikayətçi olan hər kəsə müxtəlif formalarda təzyiq olunur, şərləndirilərək, həbs etdirilir, məsuliyyətə cəlb olunur. O cümlədən: 2015-ci ildə burada səhv diaqnozla əməliyyat olmuş Afiq Məmmədov adlı şəxs “Kanal 7” tv-də çıxış edərək, Klinikadan şikayətçi olanda, onun da ərazi üzrə bölməyə aparılıb məsuliyyətə cəlb olunması barədə danışır (bax: https://youtu.be/M76HV9xx4O8).
(Davamı var)
«Təzadlar»ın Araşdırma Qrupu