Ölkə başçısı nəyə əsasən 2016-cı ilin uğurlu olacağını söyləyir?
Ölkə başçısı Ilham Əliyev fevralın 16-da Tovuz rayonuna səfəri çərçivəsində Tovuzçay su anbarının açılışında iştirak edib. Prezident ənənəyə sadiq qalaraq ölkədəki inkişafdan, görülən işlərdən danışıb və 2016-cı ilin uğurlu il olacağını söyləyib: “Əminəm ki, 2016-cı il Azərbaycanda sosial-iqtisadi inkişaf baxımından uğurlu il olacaqdır.
Bu ilin əvvəlində iştirak etdiyim beynəlxalq iqtisadi və təhlükəsizlik forumlarında mənim əldə etdiyim nəticə ondan ibarətdir ki, bu böhranın hələ sonu görünmür.ÿBaxmayaraq ki, gəlirlərimiz əhəmiyyətli dərəcədə azalıb, ancaq biz daha da səmərəli işləməliyik. Əminəm ki, biz xüsusilə aqrar, emal, sənaye sektorlarının inkişafı hesabına iqtisadi yüksəlişə nail olacağıq. Büdcəyə dəyişiklik olunacaq və biz neftin qiymətinin minimum səviyyəsi – 25 dollar səviyyəsi ilə lazım olan bütün sosial və investisiya layihələrini icra edəcəyik”- deyə ölkə başçısı bildirib.
Göründüyü kimi, ölkə başçısı böhrandan üzüağ çıxacağımıza əminlik ifadə edib və bütün layihələrin icra ediləcəyini bildirib.
Qeyd edək ki, bir müddət öncə ölkə başçısı “2016-cı il ağır il olacaq” vədi vermişdi. Indi isə 2016-cı ilin uğurlu olacağını vəd edir. Eyni zamanda böhranın sonunun görünmədiyini söyləyir. Yəni başa düşmək olmur ki, vəziyyət yaxşı, yoxsa pis olacaq.
Amma reallıq budur ki, hətta neftin qiyməti 25 dollara çatmadan da ölkə iflic vəziyyətə düşüb. Ölkə başçısı hansı əsasla böhrandan üzüağ çıxacağımızı vəd edir?
Birincisi, ölkəyə neft milyardları gələn dövrdə heç bir real sahəyə investisiya yatırılmayıbsa, qeyri-neft sektorunun inkişafı üçün zəmin yaradılmayıbsa, indiki böhran vəziyyətində hansı maliyyə hesabına inkişafa nail olunacaq? Faktiki olaraq ölkə idxaldan asılı vəziyyətdədir, iş adamları ölkədən qaçır, xarici borc getdikcə artır və heç bir real islahat aparılmır. Belə bir vəziyyətdə sonu görünməyən böhrandan necə üzüağ çıxmaq olar? Fakt budur ki, hər gün insanlar intihar edir, cəmiyyət borc içində boğulur, hər gün kütləvi ixtisarların şahidi oluruq, korrupsiya, monopoliya davam edir. Bu göstəricilərlə hansı inkişafa, üzüağlığa nail olmaq mümkündür. Oğurlanan milyardların 1 faizi də ölkəyə qaytarılmır, dünya ilə münasibətlərin istiləşməsi üçün siyasi iradə müşahidə edilmir, bank sektoru məhv olub, hökumətə etimad sıfırlanıb. Yəni 2016-cı ilin uğurlu olması üçün işartı görünmür. Sanki, neft 50, 40, 30 dollara düşəndə vəziyyəti xilas etmişdilər, indi də 25 dollara hazırlıq görürlər.
Ikincisi, ölkə başçısı bütün layihələrin uğurla icra ediləcəyini vurğulayır. Bəs, bugünə qədər dayandırılan layihələri kimin məsuliyyətinə yazaq, müxtəlif strukturlardakı kütləvi ixtisarları necə başa düşək? Bu necə mümkündür ki, neftin qiyməti 40 dollara düşəndə “qayçılama” prosesi başlayır, 25 dollar olanda bütün layihələr icra olunur? O hansı layihələrdi ki, uğurla icra ediləcək? Söhbət “Formula-1″ yarışlarından, Avropa paytaxtlarında ziyafət verməkdən, məmurları yeni avtomobillərlə sevindirməkdən gedirsə, bu layihələrin xalqa aidiyyəti yoxdur.
Qısası, ölkə başçısı yenə də təsəlli nitqi söyləyib və böhranın dərinləşdiyi ölkədə inkişafdan danışıb. Üçüncü devalvasiyanın qaçılmaz olduğu, sosial vəziyyətin ağırlığı səbəbindən intiharların kütləviləşdiyi, qiymətlərin kəskin bahalaşdığı bir reallıqda “böhrandan üzüağ çıxacağıq” vədi vermək “fenomenal” hadisədir.
Ölkə bütövlükdə qaranlığa qərq olur, ancaq ölkə başçısı üzüağlıqdan danışır.
Akif