
“Bu gün “İnsan alverinə qarşı mübarizə haqqında” fərmanın imzalanmasından 12 il keçir. Bu fərman ölkədə insan alveri ilə mübarizə tarixi kimi qeyd edilir. İnsan alverinin qarşısını almaq üçün ciddi tədbirlər həyata keçirilib, qurbanların sayı azalıb. Lakin insan alverçiləri hələ də müxtəlif variantlardan istifadə edirək qurbanlarını tora salırlar”.
Bunu virtualaz.org saytına açıqlamasında “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova deyib.
Hüquq müdafiəçisinin sözlərinə görə, marşrutlar azalıb. Belə ki, əvvəllər azərbaycanlı qadınlar Rusiya, Türkiyə, Ukrayna, Özbəkistan, Hindistan, Pakistan, BƏƏ kimi ölkələrə aparılaraq fahişəliyə cəlb edilib. “Son illər Hindistan, Pakistan kimi ölkələrə aparılma qeydə alınmır. İndi qadınlar əsasən Rusiya, Türkiyə və Ərəb Əmirliklərinə aparılır. Azərbaycana da müxtəlif ölkələrdən, məsələn, Özbəkistandan gətirilən qadınlar istismar edilirdi. Bizim təşkilatda Rusiya. Moldova, Ukrayna, Özbəkistandan gələn qurbanlar qalıb. İndi isə bu ölkələrdən insan alveri məqsədilə gətirilənlər yoxdur”, - hüquq müdafiəçisi belə deyib.
Hazırda kişilərin əməyinin istismar olunması faktlarına rast gəlinir ki, bu da insan alveri kimi qiymətləndirilir. Təşkilat rəhbəri əlavə edib ki, miqrantlarla bağlı tədbirlər görülür. Bu da istismar faktlarının azalmasına səbəb olur. “Təəssüf ki, mübarizə tədbirləri gücləndikcə insan alverçiləri yeni variantlar fikirləşirlər. Son illər sosial şəbəkələrdə qadınların aldadılması faktlarına tez-tez rast gəlinir. Buna görə də, təşkilatımız “Labirintdən çıxış” insan alverinə qarşı mübarizə istiqamətində tədbirlər və eyniadlı sosial çarxın çəkilməsi layihəsinə başlayıb. Layihə insan alverinə qarşı mübarizəyə dair 2014-2018-ci illər üçün nəzərdə tutulan Milli Fəaliyyət Planının icrasında qeyri-hökumət təşkilatlarının iştirakı nəzərdə tutulan fəaliyyətlərin icrasına xidmət edir”, - deyə M.Zeynalova bildirib.
Hüquq müdafiəçisinin sözlərinə görə, layihədə insan alveri qurbanları və potensial qurbanların sığınacaqla təmin edilməsi, sığınacaqda qaldığı reabilitasiya müddətində kiçik sahibkarlıq fəaliyyətinə stimullaşdırılması nəzərdə tutulub: “Ötən il 22 insan alveri qurbanına yardım etmişik. Bundan əlavə, social şəbəkələr vasitəsi ilə aldadılan qadınlara köməklik göstərilir”.
Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin rəsmi açıqlamasına görə, ötən il 334 cinayət faktı aşkarlanıb. Bunun 109 insan alveri olub. Məcburi əməklə bağlı 8, insan alveri məqsədilə sənədlərlə qanunsuz hərəkətlər 11, fahişəliyə cəlb etmə ilə bağlı isə 62 fakt aşkarlanıb.
Ülviyyə
Virtualaz.org