Hansı günümüzə şükr edək cənab deputat?

9-06-2016, 09:28   
Hansı günümüzə şükr edək cənab deputat?

Yaxud YAP-çı deputatın naşükürlüyü

Biz hökumətdən islahat tələb edirik, qayğı gözləyirik, yardım istəyirik, hökumət isə bizə “şükr edin” mesajı göndərir. Biz “yaşaya bilmirik” deyirik, bunlar “hələ ölməmisiniz” təsəllisi verirlər.

Toxun acdan xəbəri olmadığını bilirdik, amma toxun aca bəxtəvərçilik verdiyini görməmişdik. YAP-çı deputat Eldar Ibrahimov bunu da bacardı: “Çox böyük işlər gedir, Azərbaycan sürətlə inkişaf edir. Biz başqa ölkələrin 10 ildə keçdiyi yolu bir ildə keçə bilirik. Hələ bəlkə də tez, bundan artıq nə olacaq. Çox təəssüflər olsun ki, insanlarımızda naşükürlük var. Geriyə dönüb baxanda bu günümüzə şükrlə yanaşmalıyıq. Çox təəssüflər olsun ki, bizim insanlarımızın da çoxu halal yox, haram pul axtarır”- deyə Eldar Ibrahimov bildirib.


Xalqın aclıqdan mədəsi ağrıyır, millət vəkili isə bunu toxluqla əlaqələndirir. Həm də məsləhət görür ki, geriyə baxaq. Hansıki, geriyə baxanda vəziyyət indikindən daha yaxşı görünür. Bir il əvvələ nəzər salanda milli valyuta 100 faiz dəyər itirməmişdi, iqtisadi göstəricilərimiz bu qədər aşağı düşməmişdi, intihar halları bu qədər artmamışdı, qiymətlər indikindən ucuz idi. Biraz da arxaya baxanda büdcəmizi daha çox, xarici borcumuzu daha az görürük. Yəni əvvəlki illərlə müqayisə aparanda bütün parametrlər üzrə gerilədiyimizi görürük. Belə çıxır ki, yarıtmaz idarəçiliyə, düşdüyümüz borc bataqlığına, zəruri ehtiyaclarımızı ödəyə bilmədiyimizə görə şükr etməliyik.

Deməli, təhsilin bərbad vəziyyətinə, səhiyyənin xəstələnməsinə, hüquq sisteminin oyuncağa çevrilməsinə, milyardların ofşor şirkətlərə daşınmasına, məmur banklarının kredit şantajına, günahsız insanların həbs edilməsinə, Azərbaycanın adının “qara siyahı”ya düşməsinə, bütün sahələrin nazirlərin inhisarında olmasına şükr etməliyik.

17000 tələbə təhsil haqqını ödəyə bilmədiyi üçün ali məktəbdən kənarlaşdırılıbsa, şükr etməlidir.

13500 şəhid ailəsi sığorta pulunu ala bilmirsə, şükr etməlidir.

2.5 milyon insan kredit borcu ödəyirsə, şükr etməlidir.

Mülkiyyəti əlindən alınan, gömrükdə incidilən, vergi cərimələri ilə müflisləşdirilən şükr etməlidir.

Bəli, 2500 manat maaş alan deputat, 150 manatın girovluğunda yaşayan müəllimə, təqaüdüçüyə, elmi işçiyə şükr eləməyi məsləhət görür.

Görəsən, Eldar Ibrahimov hansı ixtiyarla vətəndaşı naşükürlükdə qınayır? Bu qədər talançılığa susduğuna görəmi? Bu qədər ədalətsizliyə etiraz etmədiyinə görəmi?

Dünyanın heç bir normal ölkəsində vətəndaşı bu qədər aşağılamaq, insanların haqqını bu qədər oğurlamaq mümkün olmazdı. Bu xalq 23 ildir zülmə boyun əyib, varlı ölkənin səfil sakininə çevrilib, bütün hüquqlarından məhrum olunub, amma susub.

Cənab deputat, siz şükr edin ki, bu xalq hələ qəzəblənməyib, haqqını tələb etməyib, ayağa qalxmayıb.

23 ildir neft pullarını həzm edə bildiyinizə, ölkəni ata malı kimi bölüşdürməyinizə, şahı qanun etdiyinizə görə şükr edin. Belə xalqı naşükürlükdə ittiham etməyin özü naşükürlükdü.

Bir gün bu xalq şükrdən imtina edəcək, o zaman hökumət 23 illik dövrə şükr etməli olacaq.

Insanların haram pul axtarmağına gəlincə, bu ənənəni də naşükür hökumət formalaşdırdı. Insanlar başa düşdü ki, yüksəlmək üçün alçalmaq şərtdir, karyera qurmaq üçün rüşvət almaq vacibdir, təhlükəsizlik üçün yaltaqlanmaq normadır.

İlham
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar