Son vaxtlar sosial yardımların təyin edilməsindən narazılıqlar yenidən artıb. Nazirlik bu sahədə şəffaflığın təmin olunması məqsədi ilə Vahid Elektron Müraciət və Təyinat Alt Sistemini (VEMTAS) tətbiq etdiyini bildirsə də, sosial yardıma ehtiyacı olan insanlar əksini iddia edir.
Ekspertlərin fikrincə, ünvanlı sosial yardımın yeni qaydalarında əks olunan şərtlər bütövlükdə kasıb insanların əleyhinə olmaqla, onlara yardım almaq üçün şans yeri qoymur. Belə ki, yardımın verilməsində kriteriyalar elə mürəkkəb hala salınıb ki, vətəndaşlar müəyyən edə bilmir ki, hansı şərtlər ödənsə yardım almaq olar.
Ən acınacaqlı hallardan biri ondan ibarətdir ki, yardım almaq üçün elektron formada müraciət edən ailə, qarşılaşdığı suallarla bağlı heç yerdən məlumat öyrənə bilmir. Rayon ƏSMM-nin işçilərinə vətəndaşları qəbul edib maarifləndirmək qadağan olunub deyə, şikayətçiləri nazirliyə yönəldirlər. Nazirlikdə isə şikayətçilərin çoxluğu səbəbindən normal qəbul həyata keçirilmir.
Elə “AzPolitika.info”ya müraciət edən Emil Nəzərov adlı şikayətçi də, belə bir problemlə üzləşib. Onun yazdığına görə, uzun sürən mücadilədən, dəfələrlə nazirliyə gedib-gəldikdən sonra onun ailəsinə sosial yardım təyin edilib. Bununla bağlı 04.05.2016-cı ildə nazirliyin Vahid Elektron Müraciət və Təyinat Alt Sisteminə 3-cü dəfə müraciət edib. Həmin müraciətə cavab olaraq, 25.05.2016-cı ildə Emil Nəzərovun telefonuna VEMTAS tərəfindən SMS göndərilib ki, ona 153 manat sosial yardım təyin olunub.
Həmin məlumatda eyni zamanda qeyd edilib ki, 08.06.2016-cı il tarixdə kartınızı götürə bilərsiniz.
Ancaq kartın veriləcəyi gün Emil Nəzərovun telefonuna yeni SMS göndərilir ki, ona təyin olunmuş sosial yardım dayandırılıb. Ancaq heç kim Emil Nəzərova bunun səbəbini izah etmir.
E.Nəzərovun fikrincə, müraciəti VEMTAS tərəfindən araşdırılaraq ona sosial yardım təyin olunub. Ancaq sonradan nazirlikdə bu prosesə nəzarət edən şəxslər onun adını sosial yardım alanların siyahısından çıxarıblar.
E.Nəzərov bunun səbəbini öyrənmək istəyir. Nazirlikdən cavab ala bilmədiyindən, “AzPolitik.info” saytı vasitəsilə nazir Səlim Müslümova müraciət edir: 13 gündə nə baş verdi ki, təyin olunan sosial yardım ləğv edildi?
Rasim
AzPolitika.info