İcra hakimiyyətlərinin xərclədiyi milyonlar, ölkədən qaçanlar - yanan bina ilə bağlı maraqlı məlumatlar

14-06-2016, 17:26   
İcra hakimiyyətlərinin xərclədiyi milyonlar, ölkədən qaçanlar - yanan bina ilə bağlı maraqlı məlumatlar
Bakı Ağır Cinayətlər Məhkəməsində Xətai rayonu ərazisində 9 mərtəbəli yaşayış binasında baş verən yanğın hadisəsi ilə bağlı təqsirləndirilən Fərid Sadıqov, Zaur Əşrəfov və Nüsrət Muxtarovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib

Musavat.com-un prosesdə iştirak edən müxbiri xəbər verir ki, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı Mübariz Mirili ittiham aktını elan edib. Təqsirləndirilən şəxslərin üçü də özlərini təqsirli bilmədiklərini bildiriblər.

Prosesdə təqsirləndirilən Fərid Sadıqov ifadə verib, onun istintaqa verdiyi ifadələr elan olunub.

Təqsirləndirilən şəxsin məhkəmədə və ilkin istintaqda verdiyi ifadələr arasında ziddiyyətlər olduğundan o, dövlət ittihamçısının, məhkəmə heyyətinin suallarını cavablandırıb.

TNH tikinti şirkətinin rəhbəri kimi bilinən F.Sadıqov məhkəmədə verdiyi ifadədə bildirib ki, yanğın baş verən binanın üzlənməsində, görülən işlərdə onun heç bir payı olmayıb, adı çəkilən şirkətinin təsisçisi və ya işçisi olmayıb.

Özünün “Astoriya” MMC adlı tikinti şirkətinin olduğunu və Bakıda bina tikintisi ilə məşğul olduğunu deyən F.Sadıqov ifadəsində TNH şirkəti ilə əlaqələrinin haradan başlanmasını belə izah edib: “Uzun illərdir Bakıda tikinti sektorunda çalışıram. Əsas işimiz yaşayış binalarının tikintisini həyata keçirməkdir. 2013-cü ildə Çində olarkən sənaye sərgisində iştirak etdim. Sərgidə “poliuretan” materialları istehsal edən avadanlıqlarla maraqlandım. Bakıya qayıdanda dostlara və tanışlara bu avadanlıqların Bakıya gətirilməsi və binaların üzlənməsi üçün üzlüklərin istehsal edilməsi ilə bağlı təkliflər etdim. Belə bir layihənin icrası üçün bu işdə maraqlı olan şirkət axtarırdım. Bundan sonra “Hikmət İnşaat” tikinti şirkəti ilə danışıqlar apardım. Onlar “poliuretan” materiallar istehsal etmək üçün zavod tikə biləcəklərini dedilər”.

“Mən Çindən həmin avadanlıqları 180 min dollara alıb Bakıya gətirdim”

F.Sadıqov bu işdə marağının nə olması ilə bağlı suala cavab verərkən deyib: “Mən bu layihəni təqdim etdikdən sonra bildirdim ki, ilk sifarişçi şirkət də biz olacağıq. Yəni, binalarımızın üzlənməsi üçün bu materiallardan alacağıq. Başqa marağım və məqsədi olmayıb. Xırdalanda zavodun tikintisinə başlanıldı. Mən də Çindən həmin avadanlıqları 180 min dollara alıb Bakıya gətirdim. Sonra zavoda Məmməd Vəliyev direktor təyin edildi. Mənim onlarla bir əlaqəm yox idi. Bildiyim qədəri ilə də xammalı Türkiyədən alırdılar.TNH şirkətinin necə təsis olunmasından, kimin rəhbərlik etməsindən xəbərim yoxdur. Heç “Hikmət İnşaat” şirkətinin də sahibinin, rəhbərinin kim olduğunu bilmirəm”.

F.Sadıqovun ifadəsindən sonra onun Xətai rayonunda 9 mərtəbəli yaşayış binasında baş verən yanğından sonra ilk olaraq şahid, daha sonra şübhəli şəxs və ardınca isə təqsirləndirilən şəxs qismində istintaqa verdiyi ifadələr elan olunub. Hakim hər üç ifadənin məzmunun eyni olduğunu və F.Sadıqov tərəfindən imza ilə təsdiqləndiyini bildirib.

Həmin ifadələrdə F.Sadıqovun TNH şirkətinin təsis edilməsini, istehsal proseslərini, hansı rayonlarda binaların üzlənməsi işlərinin görülməsini, işçilərin müqaviləsiz işlədilməsi, onlara verilən qeyri-rəsmi maaşlar barədə ətraflı məlumat verib.

İcra hakimiyyətlərinin bina üzləmək üçün xərclədiyi milyonlar

Hakim Eldar İsmayılovun elan etdiyi həmin ifadədə F.Sadıqov qeyd edir ki, TNH şirkəti təsis edildikdən sonra Gəncə, Nərimanov, Yevlax, Mingəçevir, Qaradağ, Neftçala, Sumqayıt rayon icra hakimiyyətlərindən binaların üzlənməsi ilə bağlı sifarişlər alıblar. İfadədə qeyd edilir ki, Binaların üzlənməsi üçün şirkətə 1 kvadratnetr üçün 130 manat ödənilməli imiş. F.Sadıqov həmin ifadələrində onu da əlavə edib ki, görülən işlər müqaviləsiz, icra hakimiyyətləri ilə qeyri-rəsmi razılaşmalar əsasında həyata keçirilib.

Neftaçala rayonunda görülən işlərə görə şirkətə 780 min manat nağd şəkildə ödəniş edilib. Lakin digər rayonlarda işlərə başlasalar da sonradan razılaşdırılmış məbləğ ödənilmədiyindən işlər yarıda dayandırılıb.

F.Sadıqov görüləcək işlər qarşılığında icra hakimiyyətlərindən alınmalı olan məbləğləri də həmin ifadələrində açıqlayıb. Həmin məbləğlər 500-900 min manat arasında dəyişir. F.Sadıqov ifadəsində şirkətin əsas və ən gəlirli işinin Xətai Rayon İcra Hakimiyyəti ilə görülməsi ilə bağlı danışıqların olduğunu və bunun qarşılığında icra hakimiyyətindən 7.599.740 manat məbləğində pul alacaqları ilə bağlı razılıq əldə etdikərini bildirib.

Təqsirləndirilən şəxs həmin ifadələrinin sonunda TNH şirkətinin təsis edilməsi ilə bağlı sənədləri istintaqa təhvil verdiyini də öz imzası ilə təsdiq edib.

Lakin məhkəmə prosesində F.Sadıqov həmin ifadələrinin ona məxsus olmadığını, TNH şirkəti ilə əlaqəsi olması məlumatının yanlış olduğunu deyib.

Hakim bunu necə izah edə biləcəyi ilə bağlı F.Sadıqova sual ünvanlayıb. F.Sadıqov cavabında qeyd edib ki, həmin şirkətin rəhbəri kimi Məmməd Əliyevi tanıyıb, həmin ifadələrində isə şirkətlə bağlı bildiyi məlumatları söhbət əsnasında müstəntiqə danışıb.

“Mən müstəntiq Kamal Talıbovla görüşəndə məndən ifadə alındığını bilmirdim. Şirkətlə bağlı bildiklərimi dedim. Bilmədiklərimi də Kamal Talıbov soruşanda şirkətə zəng vurub Rəşad adlı işçidən soruşurdum. Bu telefon danışıqlarında da var. Ancaq sonradan o yazılanlar mənim adımdan ifadə kimi qeyd edilib. Şirkətin təsisçisi və rəhbəri kimi də mən göstərilmişəm. Cinayət işi başlandıqdan sonra mən bu ifadələrdən xəbər tutmuşam. İmza çəkəndə bilmirdim ki, ifadədir. İlk dəfə idi ki, müstəntiqə ifadə verirdim. Həmin ifadələrimdən imtina edirəm”- deyə F.Sadıqov bildirib.

Dövlət ittihamçısı sonuncu ifadəsində də ziddiyytlərin olduğunu dedikdə isə F.Sadıqov bunu başında olan xəstəliklə əlqəli olduğunu söyləyib.

Zavod rəhbəri Bakıdan necə qaçdı...

Hakim TNH və “Hikmət İnşaat” şirkətləri ilə bağlı sualları F.Sadıqova ünvanlasa da təqsirləndirilən şəxs bu barədə məlumatsız olduğunu və yalnız “poliuretan” materialların tikintisi üçün tikilən zavodun rəhbərini tanıdğını dedi: “Məmməd Vəliyev zavodun rəhbəri idi. Xətaidə baş verən yanğından sonra zavod bağlandı. Məmməd də Azərbaycanı tərk edib. Elə yanğın baş verən günün səhəri”.

Hakim F.Sadıqovdan yanğın baş verən binada sonradan aparılan təmir işləri ilə əlaqəsinin olub-olmadığını da soruşdu. Təqsirləndirilən şəxs bildirdi ki, binanın təmiri və sakinlərə dəymiş zərər “Hikmət İnşaat” tərəfindən aparılıb: “Dövlət tərəfindən pul ayrılmayıb. Təmir işləri də həmin şirkət tərəfindən həyta keçirilib. Mənim də bu işlə bir əlaqəm yoxdur”.

Məhkəmə prosesində zərəçəkmiş sakinlərin qohumları da iştirak edib. Həmçinin zərəçəkmiş kimi Nizami Telefon Qovşağının nümayəndəsi də prosesdə iştirak edib. İttiham aktında yanğın zamanı qovşağa 20 min manat dəyərində maddi ziyanın dəydiyi bildirdildi.

Məhkəmə prosesi iyunun 28-i davam etdiriləcək.

Qeyd edək ki, hadisə ötən il aprelin 10-da Bakı şəhəri, Xətai rayonu, Zığ yolu küçəsi 16 saylı ünvanda baş verib. Həmin ünvanda TNH şirkəti tərəfindən fasadında “poliuretan” materialla üzləmə işləri aparılan doqquzmərtəbəli yaşayış binasında ağır nəticələrə səbəb olan yanğın qeydə alınıb.

Faktı üzrə Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb. Cinayət işi üzrə aparılan baxış, axtarış, götürmə istintaq hərəkətləri ilə TNH şirkətinin fəaliyyətinə, istehsal etdiyi “poliuretan” məmulatının keyfiyyət və istehsal texnologiyasına dair zəruri materiallar, həmçinin iş üçün əhəmiyyət kəsb edən digər sənədlər müvafiq qaydada maddi sübut kimi götürülüb.

Ağırlaşdırıcı hallarda vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə yanğın təhlükəsizliyi qaydalarını kobud surətdə pozaraq Xətai rayonu ərazisində yerləşən - qeyd edilən yaşayış binasına və bina sakinlərinə külli miqdarda maddi ziyan vurulmasına səbəb olan əməllərinə görə “TNH” şirkətinin fəaliyyətinə və görülən işlərə faktiki rəhbərliyi həyata keçirən Fərid Sadıqov, şirkətin direktoru Zaur Əşrəfov, şirkət direktorunun tikinti işləri üzrə müavini Nüsrət Muxtarov Cinayət Məcəlləsinin 225.2-ci (ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və digər ağır nəticələrə səbəb olan yanğın təhlükəsizliyi qaydalarını pozma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində Nəsimi Rayon Məhkəməsinin qərarları ilə 4 ay müddətinə həbs-qətimkan tədbiri seçilib. Sonradan həbs-qətimkan tədbirinin müddəti artırılıb.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar