Kritik Qarabağ görüşü - Sonun başlanğıcı, yoxsa başlanğıcın sonu?

15-06-2016, 12:27   
Kritik Qarabağ görüşü - Sonun başlanğıcı, yoxsa başlanğıcın sonu?
Rusiya tezliklə böyük sülh sazişi yolunda iradə ortaya qoymasa, onun vasitəçilik imici ilə yanaşı, superdövlət imici də zərbə alacaq; Azərbaycan Ermənistanın təhlükəsizliyinə yalnız bir halda zəmanət verə bilər...

Azərbaycan, Ermənistan və Rusiya prezidentləri arasında Sankt-Peterburqda keçiriləcək üçtərəfli görüşlə bağlı gözləntilər müxtəlifdir. Lakin bu gözləntilərdə ortaq bir detal var. Bu da ondan ibarətdir ki, əgər Rusiya ciddi və səmimi şəkildə prosesə qoşulub həll prosesinə töhfə vermək istəsə, sülh danışıqlarında həqiqətən dönüşə ümid eləmək olar.

Rusiyanın müdaxiləsi isə bəlli olduğu kimi, ilk növbədə onun işğalçı Ermənistanı konstruktiv yola gətirməsindən başlamalıdır. Rəsmi Moskva istəsə, buna nail ola bilər, çünki Rusiyanın “bir sözünü iki eləməyə” cürəti və imkanı yoxdur. Bu mənada prezidentlərin növbəti görüşünü kifayət qədər kritik hesab eləmək mümkündür. Başqa sözlə, qarşıdakı təmas Kremlin siyasi iradəsindən asılı olaraq, böyük sülh sazişi yolunda sonun başlanğıcı da ola bilər, başlanğıcın sonu da - yəni hər şey başlayan kimi fiasko ilə də bitə bilər.

O halda zərər görən tərəflərdən biri də məhz Rusiya olacaq. Nədən ki, Moskva tezliklə böyük sülh sazişi yolunda öz iradəsini ortaya qoymasa, onun vasitəçilik imici ilə birgə superdövlət imici də zərbə yeyəcək. Müxtəsəri, artıq ortaya Rusiya dövlətinin nüfuzu qoyulub.

***

“Hazırda Rusiya prezidentinin strateji maraqlarına cavab verən odur ki, Ermənistan artıq öz mövqeyini yumşaltsın və geri çəkilsin. Ona görə də iyun görüşündə dönüş baş verə bilər”. Bu barədə axar.az-a açıqlamasında politoloq Tofiq Abbasov danışıb. Onun sözlərinə görə, Azərbaycan, Rusiya və Ermənistan prezidentlərinin üçtərəfli görüşü Qarabağ prosesinə müəyyən mənada aydınlıq gətirəcək.

“Ermənistan tərəfi bu görüşdə birmənalı şəkildə problemlə bağlı öz yanaşmasını aydın ifadə etməlidir. İrəvan son zamanlar atəşkəs rejiminin güclənməsini, qarşılıqlı əminlik mexanizmlərinin işlənməsini və baş verən insidentlərin təhqiqatını vacib sayır. Əlbəttə, bu məsələlər taktiki baxımdan önəmli ola bilər, ancaq strateji baxımdan əsas məqsədə qulluq etməlidir. Söhbət böyük sülh sazişindən gedir. Bunun üçün Ermənistan öz qoşunlarını Azərbaycan ərazisindən çıxarmalıdır” - politoloq qeyd edib.

Onu qənaətincə, əgər belə bir şey baş verərsə, onda Sərkisyan və onun komandasının vurğuladığı həmin məqamlar aktuallığını itirəcək: “İrəvan qəsdən ikinci, üçüncü dərəcəli məqamları xüsusilə qabardır ki, danışıqlar prosesi uzansın. İnanmıram ki, Azərbaycan Ermənistanın bu taktiki gedişlərinə göz yumsun. Hazırda Putinin strateji maraqlarına cavab verən odur ki, Ermənistan artıq öz mövqeyini yumşaltsın və geri çəkilsin. Ona görə də gözlənilən görüşdə dönüş baş verə bilər. Münaqişənin gedişatında hansı mexanizmlər üzərində dayanılmaq və işğalçı tərəfin bu şəraitdə nə etməli olduğuna dair qərar qəbul oluna bilər. Əgər bu baş tutarsa və Ermənistan prezidenti Azərbaycan tərəfini inandıra bilərsə, o zaman dönüş baş verə bilər”.

***
Ermənistanda isə aprel döyüşlərindən sonra anti-Rusiya etirazları davam edir. Bu dəfə Moskvanın Ermənistanın hava məkanını da nəzarətə alması anlamına gələn ortaq Hava Hücumundan Müdafiə (HHM) Sistemi yaratmaq barədə İrəvanla anlaşması isə işğalçı ölkədə narazılıqla qarşılanıb. Xəbər verildiyi kimi, anlaşma sənədinin parlamentdə ratifikasiya edilməsinə qarşı iki gündür Ermənistan paytaxtında etiraz aksiyaları keçirilir.

Bəzi məlumatlara görə, bu aksiyaların arxasında xüsusən də 4 günlük aprel müharibəsindən sonra Rusiya-Ermənistan münasibətlərini korlamağa çalışan Qərb, daha dəqiqi, ABŞ dayanır. Bundan ötrü, yəni anti-Rusiya narazılıq dalğasının güclənməsi üçün böyük paraların ayrıldığı da iddia edilir.

Ermənistan parlamentinin üzvü, “Azad demokratlar” Partiyasının lideri Xaçatur Kokobelyan ortaq HHM sisteminin yaradılmasını Ermənistan üçün məqbul hesab eləmir. Onun sözlərinə görə, ən əvvəl ona görə ki, belə bir sistem Ermənistanı özünün müstəqil HHM sisteminə malik olmaq və onu inkişaf etdirməkdən məhrum edir.

“Belə bir anlaşma həmçinin, Ermənistanın bu sahədə üçüncü ölkələr və onların təhlükəsizlik sistemləri ilə əməkdaşlığını məhdudlaşdırır. Bundan əlavə, Rusiya bu sistemi bizə qonşu olan ölkələrə münasibətdə tətbiq edə bilər ki, bu da bizim maraqlarımıza uyğun deyil” - erməni deputat qeyd edib.

Deputatın fikrincə, bu da hamısı deyil. “Daha bir mühüm problem var: məsələ ondadır ki, bu sənədlər Ermənistan və Dağlıq Qarabağın təhlükəsizlik sistemləri arasında əngəl yaradır. Bu isə yolverilməzdir” - o bildirib. Kokobelyan bu xüsusda Ermənistanın Müdafiə Nazirliyinin arayışını inandırıcı saymadığını söyləyib.

“Mənim narahatlığım daha da dərinləşdi. İstənilən halda biz bilirik ki, sənəd Dağlıq Qarabağın HHM sisteminə şamil edilməyəcək. Bu da hesab edirəm ki, qəbuledilməszidr. Milli Məclis Ermənistanla Dağlıq Qarabağın təhlükəsizlik sistemlərini ayıran sənədləri qəbul eləməməlidir. Mən sənədin əleyhinə səs verəcəyəm” - erməni deputat sonda əlavə edib.

***
Göründüyü kimi, prezidentlərin növbəti üçtərəfli görüşü ərəfəsində Ermənistanda radikal çıxışlar artıb. Ola bilsin, bu da məkrli, preventiv bir tədbirdir ki, qarşıdakı görüşdə Rusiya Ermənistana çox təzyiq edə bilməsin, ondan Azərbaycanın xeyrinə hətta simvolik güzəştlər də istəməsin.

Ermənistanın əsas hədəfi isə Qarabağ konflikti zonasında status-kvonu (işğal rejimini) bacardıqca uzatmaqdır. Təmas xəttində nəzarət mexanizmlərini gücləndirməyə yönəlik təşəbbüslərin pərdəarxası məhz bundan ibarətdir. Yəni Ermənistan işğal faktı dura-dura, bir qarış belə ərazi azad etməyə-etməyə Rusiyadan, ABŞ və Avropadan, Azərbaycandan, Türkiyədən təhlükəsizlik qarantı istəyir.

İşğalçının təhlükəsizliyi... Azərbaycan əlbəttə ki, buna heç vaxt razı olmayacaq. Azərbaycan Ermənistana yalnız onun öz sərhədləri daxilində, təcavüzə son qoyacağı təqdirdə təhlükəsizlik qarantı verə bilər. Belə prinsipial yanaşma gərək ki, heç kəsə təəccüblü gəlməsin, çünki o, sırf beynəlxalq hüquqdan, Qarabağa dair BMT Təhlükəsizlik Şurasının məlum qətnamələrindən irəli gəlir. İşğalçı Ermənistanın yox, qonşu ölkələrin ərazi bütövlüyü və suverenliyini qeyd-şərtsiz tanıyan, təcavüzkarlıqdan imtina edən Ermənistanın təhlükəsizlik qarantı tələb etməyə haqqı çatır.(musavat.com)
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar