"O qadın Hacı Məmmədovun arvadı deyil" - Bacısı danışdı

16-06-2016, 12:20   
"O qadın Hacı Məmmədovun arvadı deyil" - Bacısı danışdı


Həbsdə olan Hacı Məmmədovun həyat yoldaşı Nailə Quliyevanın azadlığa buraxılması ilə bağlı yayılan məlumatlar öz təsdiqini tapmayıb

H. Məmmədovun bacısı Arifə Məmmədova açıqlamasında Nailə Quliyevanın azadlığa buraxılmadığını deyib.

Onun sözlərinə görə, mətbuatda yayılan şəkil Nailə Quliyevaya aid deyil: “Həmin şəkildəki qadın Hacının arvadı Nailə deyil. Dünən biz də o şəkili gördük. Nailənin artıq 60 yaşı var, qocalıb. O, Hacının ikinci həyat yoldaşıdır. Nailənin azadlığa buraxıldığı bildirilsə də, sonradan öyrəndik ki, yalan xəbərdir. Onun hələ iki il cəzası qalıb”.

Bacısının sözlərinə görə, H. Məmmədovun səhhətində müəyyən problemlər yaranıb: “ Hacının səhhətində problemlər olduğuna görə, Ədliyyə Nazirliyinin İxtisaslaşdırılmış Müalicə müəssisəsinə köçürülüb. O, vərəm xəstəliyindən əziyyət çəkir”.

Məlumatı dəqiqləşdirmək məqsədi ilə Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsi ilə əlaqə saxladıq.

İdarənin rəis müavini İftixar Qurbanov AzVision.az- açıqlamasında bildirib: " Ona ağciyər xəstəliyi ilə bağlı diaqnoz qoyulub. Artıq bir ay olar ki, müalicəsi davam edir. Müalicələr nəticəsində Hacı Məmmədovun səhhətində müsbət dinamika əldə edilib”.

Xatırladaq ki, keçmiş polis polkovniki Hacı Məmmədov adam oğurluqları və qətllərdə təqsirləndirilib. O, 2005-ci ilin martında Milli Təhlükəsizlik Nazirliyinin həyata keçirdiyi “Qara kəmər” əməliyyatı zamanı həbs olunub və ömürlük həbs cəzasına məhkum edilib.(azvision.az)
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar