“MTN-nin adı ağırdır, adam həyəcanlanır”- həbsdə olan rəisin işçiləri ona qarşı niyə ifadə verib…

17-06-2016, 22:01   
“MTN-nin adı ağırdır, adam həyəcanlanır”- həbsdə olan rəisin işçiləri ona qarşı niyə ifadə verib…

Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Dövlət Bayrağı Meydanı Kompleksinin sabiq rəisi Rəşad Məmmədov, onunla birlikdə tutulan İsfəndiyar İsfəndiyarov və Arzu Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Musavat.com-un məhkəmə prosesində iştirak edən müxbiri xəbər verir ki, hakim Əlövsət Abbasovun sədrlik etdiyi prosesdə 16 şahid ifadə verib. Onlar Bayraq Meydanı İdarəsində çalışmış şəxslər olub. İfadə verən işçilər arasında R.Məmmədovun xanımının qohumları da olub.

“Rəşad Məmmədovu televizorda görmüşük”

İfadə verənlərin bəziləri Rəşad Məmmədovu yalnız televizorda gördüklərini, şəxsən tanımadıqlarını bildirdilər. Onlardan Kamran Əliyev idarədə sürücü, Elza Zamanova və Almaz Hacıyeva xadiməçi, Kəmalə Xalıqova mühəndis işlədiklərini və istintaqa verdikləri ifadələri təsdiqlədiklərini bildirdilər.

Seymur Hacıyev şahid qismində ifadə verərək Kompleksin mülki müdafiə dərslərinin keçirilməsi ilə məşğul olduğunu, həftə ərzində 2-3 dəfə işə gəldiyini və 250 manat maaş aldığını bildirdi. O, da istintaqa verdiyi ifadələrini təsdiqlədiyini söylədi.
Qeyd edək ki, Rəşad Məmmədova qarşı irəli sürülən ittihamda göstərilir ki, işə götürülən şəxslər müxtəlif vəzifələrdə göstərilib, işə çıxmadıqları halda bir neçə şəxsin adına maaş yazılaraq mənimsənilib.

Rəşad Məmmədovun sürücülərindən biri olan Maksin İslamov da şahid qismində ifadə verənlərdən oldu. 90 AA 316 dövlət nömrə nişanlı “Toyoto-avolon” markalı avtomobilin sürücüsü olduğunu və Rəşad Məmmədovla yanaşı idarənin aparatında çalışan digər vəzifəli şəxslərə xidmət göstərdiyini deyən M.İslamov bundan əlavə mexanik kimi də çalışdığını qeyd etdi.

R.Məmmədovun digər sürücüsü Tofiq Ağayev ifadəsində 18:00-dan sonra Maksim İslamovla növbəni dəyişdiklərini və Rəşad Məmmədovun sürücüsü kimi çalışdığını dedi: “Elə olub ki, gecə saatlarına qədər orada çalışmışıq. Rəşad müəllim də səhərə qədər orada qalıb. Gecə maşında yatmışıq. Mən idarədə mexanik də işləmişəm. Axşam isə sürücü olaraq Makisimi əvəz edirdim”.

Şahidin ifadəsindən sonra söz alan R.Məmmədov bildirdi ki, sürücüsü olan Tofiq Ağayev ona ayrılmış xidməti maşından əlavə idarəyə məxsus olan və qonaqların gəzdirilməsi üçün nəzərdə tutulmuş nəqliyyat vasitələrini də idarə edib: “Tədbirlərdə, yarışlara hazırlıq günlərində 24 saat meydan ərazisində qalmışıq. Gələn qonaqları qarşılayıb, onların gəzintisini, tanışlığını təşkil edirdik”.

Məhkəmədə şahid qismində ifadə vermək üçün çağırılan Aynur Ağayeva səhhətində problemlər olduğundan prosesdə iştirak edə bilməməsi ilə bağlı məhkəməyə müraciət göndərib. O, R.Məmmədovun sürücüsü Tofiq Ağayevin həyat yoldaşıdır.

R.Məmmədova qarşı irəli sürülən ittiham aktında Aynur Ağayeva işə çıxmadığı halda süpürgəçi kimi adının qeyd olunduğu və maaş aldığı yer alır.

Sabiq rəisin arvadının qohumları olan işçiləri də ifadə verdi.

İdarənin Maliyyə şöbəsinin müdiri vəzifəsində çalışmış Xuraman Qasımova da məhkəməyə ifadə verdi. Rəşad Məmmədovun həyat yoldaşının xalası olan X.Qasımova hər gün işə getdiyini, bütün hesabatları özünün hazırladığını və bunu sübut edən sənədlərin də olduğunu bildirdi. Aylıq əmək haqqısının 540-750 manat arasında dəyişdiyini deyən X.Qasımova hakimin sualına cavab olaraq aldığı maaşın qarşılığında öhdəsinə düşənləri yerinə yetirdiyini bildirdi.

Hakim bildirdi ki, ittiham aktında X.Qasımovanın adına ümumilikdə 54 min manat yazılıb.
Şahid qismində ifadə verənlərdən biri də Azər Əsgərov idi. O, Rəşad Məmmədovun xanımı Səbinə Məmmədovanın qardaşıdır. A.Əsəgrov idarənin ərazisinə daxil olna ərazilərdə aparılan bütün tikinti, quruculuq işlərinə nəzarət edib. Rəsmi işi idarənin Beynəlxalq Əlaqələr şöbəsinin əməkdaşı kimi göstərilib.

A.Əsgərov Rəşad Məmmədovla yaxşı münasibətlərinin olduğunu bildirdi: “Mən Rəşad müəllimin göstərişi ilə tikinti işlərinə nəzarət edirdim. “Eurovision 2012” müsabiqəsinə hazırlıq zamanı 8 ay idarənin ərazisində qalmışıq. Axşamlar maşında yatmışıq. İttiham aktında qeyd olunub ki, işlədiyim müddət ərzində mənə 29 min manat maaş yazılıb. Gördüyümüz işlərin qarşılığında bu çox məbləğ deyildi”.

Şahid A.Əsgərov 6 milyonluq obyekt qalmaqalı haqda da bildiklərini danışdı: “İsfəndiyar İsfəndiyarov mənə həmin obyekti göstərdi. Mən də Rəşad müəllimə dedim. İşlər qaydasında gedirdi. Narazılıq yox idi. Pulun bir hissəsinin əvəzinə verilməli olan obyektlə bağlı problem oldu. Narazılıq da bununla başladı”.

A.Əsgərovun ifadəsində sonra R.Məmmədov söz alaraq onun barəsində fikirlərini dedi: “Azər mənə bütün işlərimdə dəstək olub. Onun mən verən maaşa ehtiyacı yox idi. Mən ondan xahiş etdim ki, bütün işlərdə kömək etsin. Onun özünün şirkəti, işçiləri var. Mən qarşıma qoyulan məqsədə çatmaq üçün ondan kömək istədim. Necə deyərlər, o, “generator” idi. Onsuz idarədəki işləri görməyim mümkün deyildi”.

Kompleksin Komunal Təmizlik Şöbəsinin müdiri işləmiş Səbuhi Mustafayevin istintaqa verdiyi ifadələrlə məhkəməyə verdiyi ifadə arasında ziddiyyətlər olduğu müəyyən edildi. O, istintaqa ifadəsində R.Məmmədovun sürücüsünün xanımı Aynur Ağayevanı süpürgəçi kimi işə götürdüklərini, yalnız onun işə çıxmadığını deyib. Bu tapşırığı isə R.Məmmədovdan aldığını qeyd edib. Bundan əlavə mülki müdafiə təlimləri keçməli olan Seymur Hacıyevin də işə gəlmədiyini, ancaq ona aylıq əmək haqqı ayrıldığını istintaqa ifadəsində deyən Səbuhi Mustafayev məhkəmədə həmin ifadəsini təsdiqləmədiyini bildirdi.
R.Məmmədovun köməkçisi işləmiş Aydın İsmayılovun da istintaq zamanı fərqli ifadə verdiyi məlum oldu. Belə ki, istintaqa ifadəsində Aynur Ağayevanı Rəşad Məmmədovun tapşırığına əsasən işə götürdüklərini, ancaq onun işə çıxmadığını deyib.

Məhkəmədə ifadə verərkən isə istintaqa verdiyi ifadəsini təsdiqləmədiyini bildirdi: “4 saat MTN-də dindirilmişəm. Artıq yorulmuşdum. Çıxanda ifadəyə qol çəkib çıxdım. Hazır olan ifadəni oxumamışdım. Mən Aynur Ağayevanı tanımıram. O süpürgəçi olubsa belə mən onu görməmişəm. İdarədə 300-dən çox işçi var idi. Mən Aynurun Tofiqin həyat yoldaşı olduğunu MTN-də öyrəndim”.

A.İsmayılov sabiq polis əməkdaşı olduğunu da qeyd etdi.

Daha sonra ifadə verən kompleksin Komunal Təmizlik İdarəsində, kadrlar Şöbəsinin rəisi işləmiş Jalə Hənifəyeva, Komleksin aparatının kadrlar şöbəsinin müdiri olmuş Muradxan Fərəci-Aygün də məhkəmədə verdikləri ifadələri ilə istintaqda verdikləri ifadələr arasında ziddiyyətlərin olmasını həyəcanlı olmaları ilə əlaqələndirdilər.

M. Fərəci-Aygün MTN-də dindirilərkən yanlış anlaşılan ifadələr işlətdiyini söylədi: “MTN-nin adı bir az ağırdır. İfadə verəndə adam həyəcanlanır. Ona görə yanlışlıq ola bilər. Axşam saatlarında MTN-dən çıxmışam. Artıq yorulmuşdum, çıxanda imzalamağımı istədilər, mən də imzaladım. Həmin ifadəmi təsdiqləmirəm. Doğru olanı burda deyirəm”.
İfadə verənlərdən Səbuhi Xancanovun dediklərindən R.Məmmədov narazı qaldı. Komunal Təmizlik İdarəsində baş mühasib işləmiş S.Xancanov Nazirlər Kabineti tərəfindən Kompleksdə aparılan maliyyə yoxlamasında iştirak etmədiyi halda tərtib olunan akta qol çəkdiyini deyib. S.Xancanov bildirdi ki, aktda yazılanlardan xəbəri olmasa da ondan imzalamaq tələb olunub: “Mənə dedilər ki, idarənin əməkdaşlarından biri qol çəkməlidir. Nazirlər Kabinetindən çək dedilər, çəkdim”.

Hakim əlavə etdi ki, S.Xancanov istintaqa ifadəsində yoxlamada iştirak etdiyini və tərtib olunan aktda yazılanların doğru olduğunu təsdiqləyib.
Söz verilən R.Məmmədov dedi ki, həmin akt əsasında ona qarşı ittiham irəli sürülüb. Sabiq idarə rəisi bunun doğru olmadığını bildirdi: “Bu insan idarədə səlahiyyətli şəxlər sırasında heç ilk 20-likdə deyil. O, necə həmin akta imza çəkə bilər? Heç yoxlamadan xəbəri yoxdur. Deyilənlə razılaşıb və imzalayıb”.

Digər şahidlərin növbəti prosesdə dindirilməsinə qərar verildi.

Məhkəmə prosesinin davamında Rəşad Məmmədovun və İsfəndiyar İsfəndiyarovun vəkilləri vəsatət qaldıraraq hüquqlarını müdafiə etdikləri şəxslərin ev dustaqlığına buraxılmalarını istədilər. Lakin vəsatətlər təmin edilmədi.
Məlumat üçün bildirək ki, Rəşad Məmmədov həbs edildikdən sonra onun dövlətə və digər şəxslərə vurduğu ziyan qardaşı tərəfindən ödənilib. Həmçinin Dənizkənarı Bulvar İdarəsinə dəymiş 254 min manat da...

Zərərçəkmiş Zabil Salmanov da məhkəmədə ona dəymiş ziyanın ödənildiyini və təqsirləndirilən şəxslərin azadlığa buraxılmasını istədiyini deyib.

R.Məmmədov məhkəmə prosesində Z.Salmanovun obyektini şəxsən özü üçün aldığını demişdi. Həmin obyekt əvvəlcə Arzu Məmmədovun, sonra həyat yoldaşının, daha sonra isə qayınanasının adına keçirilib. Sabiq idarə rəsi bu obyekti övladlarının gələcəyini təmin etmək üçün aldığını söyləmişdi.

Xatırladaq ki, Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsinin sabiq rəisi R.Məmmədov, İ.İsfəndiyarov və A.Məmmədov ötən ilin may ayında həbs ediliblər.
Onlar dələduzluqda təqsirləndirilərək, barələrində Səbail Rayon Məhkəməsinin qərarı ilə həbs-qətimkan tədbiri seçilib.

Həbs edilənlərdən A.Məmmədov bu il mart ayının 4-də Səbail Rayon Məhkəməsinin qərarı ilə ev dustaqlığına buraxılıb.

Onlar Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi il ittiham olunurlar. R.Məmmədov və İ.İsfəndiyarov Cinayət Məcəlləsinin 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) və 200.1-ci (istehlakçıları aldatma) maddələri ilə də ittiham olunurlar.

İlkin Muradov
Musavat.com
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar