“Təyyarə böhranı” layihə idi: Ərdoğan və Putinə qarşı ortaq plan
Türkiyənin “Yeni Şafak” nəşrinin yazarı İbrahim Karagül hesab edir ki, Türkiyə ilə Rusiya arasındakı böhran bir layihə idi. Onun sözlərinə görə, bu planlar həm daxildən, həm də xaricdən birgə tətbiq olunub. Yazar qeyd edir ki, bənzər planların Rusiyaya, o cümlədən prezident Vladimir Putinə qarşı icrası da da istisna edilmir.
ABŞ Türkiyəyə müdaxilə edəcək - Ərdoğanı devirmək PLANI
ABŞ-ın “Foreign Policy” nəşri dərc etdiyi bir məqaləsində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı devirmək çağırışı edib. Məqalənin müəllifi Con Hannah Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanın başda Amerika olmaqla, Yaxın Şərq və Avropa, eləcə də Türkiyənin özü üçün təhlükəli şəxs olduğunu yazıb.
“ABŞ-ın maraqları üçün böyük təhlükələr yaratmaqda davam edir. Tez, ya da gec hesablaşma günü gələcək, Amerika da bu prosesdən daha az zərərlə çıxmaq üçünü indidən hazırlığa başlamalıdır”, - deyə məqalədə bildirilir.
Rusiya üçün 9 addımlıq “Yol xəritəsi”
Ankara Rusiya ilə əlaqələri əvvəlki vəziyyətə qaytarmaq üçün 9 addımdan ibarət “Yol xəritəsi” hazırlayıb. Hədəf 15 dekabr tarixinə qədər “Yol xəritə”sini həyata keçirməkdir.
Türkiyəni vurmaq üçün PKK-ya 50 rus raketi verilib
Ankaranın Rusiya ilə münasibətləri normallaşdırmaq istədiyi bir vaxtda “Cümhuriyyət” nəşri təhlükəli bir iddia ilə çıxış edib. Türkiyə Milli Təhlükəsilik Nazirliyindəki mənbəyə istinad edən n məlumat əldə edən nəşr bildirib ki, PKK terror təşkilatlarının əlində “Kobra” tipi vertolyotları vurmaq üçün istifadə edilə biləcək daha 50 ədəd raket var.
Xatırladaq ki, mayın 13-də Türkiyənin Hakkari vilayətinin Çuxurca mahalında qəzaya uğrayan “Kobra” helikopterinin Rusiya istehsalı SA-18 raket sistemi ilə vurulduğu bildirilir. Türkiyə prezidenti daha sonra deyib ki, “Kobra”nı vuran silahların Rusiya tərəfindən PKK-ya verilən silahlar olduğunu bilirlər. Onun sözlərinə görə, Rusiya silahları Suriya və İraq tərəfindən PKK-ya ötürülür.
Putin yeni “soyuq müharibə”dən danışdı
“Moskva Qərblə “soyuq müharibə”nin yenilənməsini dəqiq istəmir”. Bunu Rusiya prezidenti Vladimir Putin Sankt-Peterburqda keçirilən beynəlxalq iqtisadi forumdakı (PMEF) çıxışında deyib. “Mən düşünmək belə istəməzdim ki, biz hansısa “soyuq müharibə”yə keçirik. Əminəm ki, bunu heç kim istəmir. Biz bunu dəqiq istəmirik”, - dövlət başçısı bildirib. Rusiya prezidenti vurğulayıb ki, “soyuq müharibə”yə qayıtmağa hazırda heç bir ehtiyac yoxdur.
Avropa İttifaqı Rusiyaya qarşı sanksiyaların müddətini uzatdı
Avropa İttifaqı (Aİ) Rusiyaya qarşı sanksiyaların müddətini bir il uzadıb. Aİ, həmçinin Krıma görə sanksiyaların vaxtını da 2017-ci ilin iyun ayının 23-nə qədər uzadıb.
“Əsədə qarşı dərhal müharibə başlanmalıdır” – MƏXFİ SƏNƏD
ABŞ Dövlət Departamentinin onlarla əməkdaşı isə Vaşinqtonu Rusiyanın dəstəklədiyi Suriya prezidenti Bəşər Əsədə qarşı hərbi əməliyyatlara başlamaq haqqında məxfi sənəd imzalayıb. Sənədə Dövlət Departamentinin Suriya siyasətinə cavabdeh olan 51 məmurun imzası var. Müraciətdə bildirilir ki, atəşin dayandırılması haqqında saziş pozulduğu üçün dərhal Suriya hökumətinə qarşı məqsədyönlü hərbi zərbələrə başlamaq lazımdır.
Sənədin müəllifləri xəbərdarlıq edirlər ki, ABŞ İŞİD-lə mübarizədə Suriya sünniləri arasındakı potensial müttəfiqləri itirir. Onların fikrincə, Əsəd rejimi ölkədə sünniləri bombalamağa və ac saxlamağa davam edir.
İraq ordusu Fəllucə şəhərini ələ keçirib
İraq təhlükəsizlik gücləri Fəllucə şəhərinin mərkəzi üzərində nəzarəti təmin edib. Fəllucə 2014-cü ilin əvvəlindən İŞİD-in nəzarəti altında idi. Şəhərin azad edilməsi üçün əməliyyat mayın 23-də başlanıb.
Bakıda "Formula 1" Avropa Qran-prisinə start verildi
Nəhayət ki, tarixi an gəlib çatdı. Bakıda "Formula 1" Avropa Qran-prisinə start verildi. Üç gün ərzində paytaxtımızda indiyədək eşitmədiyimiz uğultu səsləri eşidiləcək.
Avropa Qran Prisi builki Formula 1 təqvimində 21 yarış arasında 8-cisidir.
Ömər Dağlı