Hacıbala Abutalıbovun “Formula -1 bayramı” - təfsilat

18-06-2016, 14:51   

Hacıbala Abutalıbovun “Formula -1 bayramı”17 iyun BŞİH üçün iş günü olmayıb
Hacıbala Abutalıbovun “Formula -1 bayramı” - təfsilat
“Formula -1” idman yarışlarının ölkəmizin baş şəhəri Bakıda başladığı 17 iyun 2016 - ci ilin iş günü olmayacağı haqqında hökumətdən heç bir bilgi verilmədi. Sadəcə həmin gün bəzi yolların avtomobillər üçün bağalanacağının bildirilməsi təbii idi: yarış olacaq yola “avtoş”lar buraxılmayacaqdı ki!? Başqa sözlə, ölkənin baş şəhərinin baş yollarının əhaliyə “işləməyəcəyi” gün kimi aydın idi. Bütün dövlət qurumlarının işlərinin başında vətəndaşlara xidmət edəcəyi də eləcə. Di gəl, həmin gün Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) qapıları vətəndaşların üzünə bağlı olub. Hətta məktubları qəbul edən şöbənin inzibati binanın yanında yerləşən qapıları da açıq olmayıb.

Baş qapıda keşik çəkən mühafizə polisindən bunun nədənini soruşduqda “beşinci günün işinin birinci günə ertələndiyi” cavabını aldıq. Bəs polisin kimə keşik çəkməsi maraqlıdır. Binanın keşiyi çəkilirsə, baş qapı niyə açıqdır? Belə anladıq ki, BŞİH - in bütün şəxsi heyəti yarışlara qatılıb. Amma hansı qismdə qatıldıqlarını öyrənə bilmədik. Narazı vətəndaşların isə deyinməkdən başqa əllərindən heç nə gəlmirdi. Yaxınlıqdakı Prezident Administrasiyası (PA) və Nazirlər Kabinetindən (NK) 17 iyunun iş günü olub - olmadığını öyrənməyə ehtiyac qalmadı. PA, NK - nın bütün qapıları vətəndaşların üzünə açıq idi.

Belə çıxır, Hacıbala Abutalıbov daxili əmrlə 17 iyunu “Formula bayramı” elan edib? İçəriyə buraxılmağımıza qadağa qoyulduğundan, düzü, yazılı əmrə rast gəlmədik. Amma gördüklərimiz və bazar ertəsinə dəvətlə bağlı polisin dedikləri BŞİH başçısının səlahiyyətini aşmasını göstərir. Axı , dövlət və hökumət başçılarından başqa heç bir dövlət qurumunun başçısı özünə bayram günü elan edə bilməz! Deyəsən, BŞİH - in vətəndaşların müraciətlərinə qadağa qoymasının yeni üsulu da “bayram günü” ilə bağlıdır. Lap tutaq bayram oldu, vətəndaşın adi bir məktubunu qəbul etmək - belə çətindir?

BŞİH başçısının daxili əmrlərlə qanunlara, prezident fərmanlarına, NK - nın qərarlarına “veto” qoymasından Bakı sakinləri soraqsız deyil. Hansısa kateqoriyadan olan imtiyazlı vətəndaş BŞİH - ə, yaxud rayon icra hakimiyyətinə qanunla təsbit olunan hüququ ilə bağlı müraciət edəndə ən populyar cavabın “BŞİH başçısının filan tarixli sərəncamı ilə bu hüquqa qadağa qoyulub” olması da gizlin deyil. Amma insaf da dinin yarısıdır, BŞİH xidmət qurumlarının, özəlliklə təbii inhisar sahələrinin (”Azəriqaz”, “Azəristilik”, “Azərsu”, “Azərişıq”, “Aztelekom” və b.) yanında “toya getməlidir”. Sözügedən xidmət qurumları “daxili tariflərini” elə qüvvəyə mindirirlər ki, nə ölkə Konstitusiyası, nə də beynəlxalq qanunlar qüvvəsini ala bilir !(??). Bu xidmət özbaşınalığı ayrıca qonu olduğundan geniş danışmaq istəmirik.

Bəlkə də BŞİH - in işçilərini “Formula bayramı”na səfərbər etməsindən inciyən olmazdı. Amma səfərbərlik elan edilməsi barədə əhali də xəbərdar edilsəydi... Hələ yaxşı ki , səfərbərlik cəmi 3 gündür. Amma bilmək olmaz, belə gərgin iş qrafikindən sonra bazar ertəsinin də BŞİH işçiləri üçün iş günü olacağı qaranlıqdır. İkinci gün görüşənədək, Hacıbala müəllim!
“Formula -1 bayramı”nız qutlu olsun!

Məğrur Bədəlsoy

P.S Görəsən, baş idmançı Azad Rəhimov neçə günlük səfərbərlik elan edib?

Politika.Az
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar