İşsizlik — iqtisadi fəal əhalinin müəyyən hissəsinin öz iş qüvvəsini tətbiq edə bilmədiyini əks etdirən sosial-iqtisadi hadisədir. İşsizliyin tərifi belə verilir. Lakin bu, ancaq kağız üzərində bu qədər asan oxunur, işsizlik kimi iqtisadi hadisələr çox zaman fəsadlar yaradır. Belə ki, işə ehtiyacı olan insanlar bəzən hətta cinsi istismara məruz qalır. Son günlər “İelts Plus Center” tədris mərkəzi ətrafında cərəyan edən hadisələr buna sübutdur. “İelts Plus Center” tədris mərkəzində katibə vəzifəsi üçün Facebook sosial şəbəkəsində elan verilib və iş üçün müraciət edən xanıma qarşı fərqli münasibət göstərilib. Belə ki, şəxsi yazışmalar (inbox) bölməsində xanıma işgüzarlığı və iş qabiliyyəti əvəzinə boy, yaş, çəkisi ilə bağlı suallar ünvanlanıb. Daha sonra söhbət əsnasında ondan “müdirə xidmət” təklif edilib: “Siz daim müdirin yanında olacaqsınız, ona xidmət edəcəksiniz. Bütün gün onunla onun getdiyi yerlərə gedəcəksiniz. O, hara getsə, siz də gedəcəksiniz. Müdirin otağında oturacaqsınız. Şəklinizi də göndərin”. Gənc xanım inbox yazışmasını ictimailəşdirib, üzvü olduğu xanımlar qrupunda paylaşaraq başqalarına bu iş yerinə müraciət etməməyi tövsiyə edib. Müzakirələrin tədris mərkəzində onlara bu təklifi edən şəxslərin adlarını çəkiblər. Baş verənlərlə bağlı danışan, özünü şirkət rəhbəri kimi təqdim edən Elman Səfərov isə Cebhe.info-ya bunun rəqiblər tərəfindən edildiyini bildirib: “Bu, bizim rəqiblərimizin, düşmənlərimizin işidir. Bizi gözdən salmaq üçün belə edirlər. Burada belə bir şey tələb oluna bilməz, ümumiyyətlə belə şey ola bilməz”.
“Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova isə bununla bağlı xanımın prokurorluğa müraciət etməsini tövsiyə edib: “Əslində çox yaxşı haldır ki, xanımlar artıq istismar halına, seksual xarakterli təkliflərə rast gəldikdə məsələni ictimailəşdirirlər. Lakin çox təəssüflər olsun ki, hələ də belə şirkətlər fəaliyyət göstərir və özlərinə işçi tələb edərkən onun iş qabiliyyətini deyil, boyu, çəkisi, digər parametrləri ilə maraqlanırlar. Əgər ondan boy, çəki, şəkil, xarici görünüş tələb edilirsə, bu artıq seksual xarakter və şirkət rəhbərinin öz seksual tələbatını ödəmək niyyəti daşıyır. Bu, açıq-aydın hiss olunur. Bir insan, bir xanım işçi tələb olunursa, ələxsus da katibə vakansiyasına görə tələb varsa, o zaman onun kargüzarlıq fəaliyyəti öyrənilməlidir, işgüzar qabiliyyəti yoxlanmalıdır. Əgər işçinin xarici görünüşü, boyu, çəkisi aidiyyatı olmayan sahədə işə qəbulla bağlı tələb edilirsə, bu, birbaşa olaraq intim, seksual xarakter daşıyır. Xanım bunu ictimailəşdirməklə yanaşı prokurorluq orqanlarına, İnsan Alverinə qarşı Mübarizə İdarəsinə müraciət etməli və faktı aidiyyatı orqanlara təqdim etməlidir. Bəzən xanımların maddiyat problemləri olduğu üçün belə təkliflərə göz yumurlar və razılaşırlar, bu isə birbaşa olaraq istismara sürüklənməkdir. Bəzən isə belə təklifləri rədd edirlər. Əsas olan isə bu məsələni ictimailəşdirməkdir. Əsas olmağı ilə yanaşı aidiyyatı strukturlara da müraciət edilməlidir ki, bu işin arxasında duranlar cəzalandırılsın. Bəzən xanımlar maddiyyat durumu aşağı olduğu, utanma hissi və ya qorxduğu üçün prokurorluq orqanlarına müraciət etmirlər. Düşünürlər ki, şirkətin vəkil tutmağa, məsələdən yayınmağa imkanları bol, xanımın isə imkanlarının məhduddur. Mən istərdim ki, elə bu mövzu, bu yazı bir çağırış rolunu oynasın. Çünki belə hallar kifayət qədər sosial mediada, günümüzdə müzakirə edilir, amma hələ ki, heç bir rəsmi müraciət aidiyyatı orqanlara daxil olmayıb, şikayət ərizəsi yazılmayıb. Bir çağırış olsun ki, xanımlar da bununla bağlı müraciət etsinlər, onlara qarşı seksual istəkdə olan şəxslər cəzalandırılsın”.
Rövşən Əsədov
Cebhe.info