Gəncə Beynəlxalq Xəstəxanasında müəmmalı ölüm hadisəsi baş verib. Səhiyyəmizdəki biabırçılıqlar səngimir
Ötən ayın sonlarında Gəncə Beynəlxalq Xəstəxanası adı altında fəaliyyət göstərən xəstəxanada müalicə alan Məmmədov Qərib Əli oğlu müəmmalı şəkildə vəfat edib.
Mərhum Məmmədov Qərib Əli oğlu xəstəxanaya müayinə və müalicə məqsədilə Türk vətəndaşı həkim Süleyman tərəfindən qəbul edilib. Xəstəxanada bir həftəlik müalicə alan xəstəyə vəfatından sonra leykoz qan xəstəliyi diaqnozu qoyulub.
Şikayətçi, xəstənin həyat yoldaşı Məmmədova Aybəniz Asiya.info-ya açıqlamasında bildirib ki, bura Vergilər Naziri Fazil Məmmədovun xəstəxanası kimi tanınır və xəstəxanaya daxil olan kimi bizə 10 min 50 manat pul köçürdüblər. Üstəlik əlavə qan almağa da pul veriblər.
Xəstənin həkimi Süleymanı müəmmalı səbəbdən Vergilər Nazirliyi "işdən çıxarıb". Xəstəxanaya yeni həkim təyin olunub- İlyas İsmayılov.
Bundan sonra xəstəxanadakı vəziyyət daha da pisləşdiyini deyən şikayətçi bildirir ki, yeni həkimin təyinatından sonra xəstə qaldı aralıqda Xəstələrə baş çəkilmir, Reanimasiyadakı xəstələrə baxılmırdı.
“Nə baş verdisə 18 gün ərzində baş verdi. Bu günə qədər heç bir şikayəti olmayıb. 64 yaşlı yoldaşımı əlimizlə gətirib xəstəxanaya sağlam verdik. Diaqnoz qoyulduqdan sonra narahat olduq, istənilən məbləği ödədik. 10min 50 manat. Lakin, xəstəxanadakı özbaşınalıq, həkim məsuliyyətsizliyi, mənəm-mənəmlik, kreslo davası xəstələrin həyatı bahasına başa gəldi. Elə mənim mərhum həyat yoldaşım da həkim zəhlənkarlığının qurbanı oldu. Bizə vəziyyətinin yaxşı olduğunu, narahatçılıq üçün əsasın olmadığını dedilər, və xəstəylə maraqlanan demək olar ki olmadı.
Səhər –səhər xəstəxanada idik. Qarşımıza çıxan Cavid və Səhər adlı işçilər dedi ki, vəziyyəti yaxşıdır. Halbuki xəstə can verirmiş. Barı imkan vermədilər ki, son sözünün nə olduğunu bilək, bəlkə övladlarına deyəcək sözü vardı, amma onlar bunu da çox gördülər bizə”-deyə xəstənin həyat yoldaşı bildirir və göz yaşlarını saxlaya bilmir.
“Çox maraqlandıq, bu xəstəliyin insanı belə tezliklə öldürə bilməyəcəyini dedilər. Bu xəstəxanada müəmmalı hadisələr baş verir. Yoldaşımın da ölümü müəmmalı və qaranlıq olaraq qaldı. Üstəlik də 18 gün ərzində o qədər pul köçürdük. Biz ədalətin bərqarar olmasını istəyirik. Günahkar həkim cəzasını alsın”-deyə şikayətçi əlavə etdi.
Qeyd edək ki, xəstənin 2 oğlu 5 nəvəsi var, bütün yaxınları şok vəziyyətindədir.
Mərhumun qəfil və müəmmalı ölümünün səbəbini araşdırmaq üçün xəstəxananın hüquqşunası ilə əlaqə saxlamağa çalışsaq da müxtəlif bəhanələr gətirərək suala cavab verməkdən yayındı.Qəribəsi isə odur ki,bu xəstəxananın rəhbərliyi xəstəyə edilən müayinənin xərclərini belə təqdim etmək istəmirlər.Gəncədə Fazil Məmmədovun xəstəxanası kimi ad çıxaran səhiyyə mərkəzimizin qaranlıq fəaliyyəti barədə araşdırma yazısı növbəti araşdırma yazısı olacaq.
Qarşı tərəfin mövqeyi açıqdır
Asiya.info